Kimlər hərbi xidmətdən möhlət ala bilər? – Yaş həddi və şərtlər
Hərbi xidmətə çağırış yaşı çatan gənclər arasında ən çox maraq doğuran məsələlərdən biri də təhsillə əlaqədar hərbi xidmətdən möhlət hüququnun kimlərə şamil edilməsidir. Qanunvericilik müxtəlif təhsil pillələrində təhsil alan şəxslər üçün müəyyən şərtlərlə bu hüququ nəzərdə tutur. Lakin möhlətin hansı hallarda verilməsi, kimlərin bu hüquqdan yararlana bilməsi və hansı məhdudiyyətlərin mövcud olması barədə suallar tez-tez gündəmə gəlir.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə bildirib ki, təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 21-ci maddəsinə əsasən verilir:
“Möhlət hüququ yalnız təhsil müddəti ərzində qüvvədə olur və çağırışçı təhsilini başa vurduqda, yaxud ali təhsil müəssisəsindən xaric edildikdə 6 ay ərzində bərpa olunmazsa, bu hüquq itirir və ümumi əsaslarla hərbi xidmətə çağırılır. Möhlət hüququndan istifadə edən və müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər isə 30 yaşa çatanadək hərbi xidmətə çağırıla bilərlər, yəni təhsil müddəti bitdikdən sonra, lakin 30 yaşa qədər dövr ərzində bu hüquq saxlanılmır, yalnız təhsil müddəti ərzində möhlət qüvvədə olur.
Yəni bu maddə çağırışçılara (hərbi xidmətə çağırılmalı gənclərə) təhsillərini davam etdirmək üçün nə vaxt möhlət verildiyini izah edir”.
Kimlərə və neçə yaşınadək möhlət verilir?
Vəkil bildirib ki, orta məktəbdə (tam orta təhsildə) oxuyanlara 20 yaşınadək möhlət verilir:
-“Peşə məktəbində oxuyan və oraya daxil olana qədər tam orta təhsili olmayanlara da 20 yaşınadək möhlət verilir.
-Orta ixtisas (kollec) müəssisəsində oxuyan və oraya daxil olana qədər tam orta təhsili olmayanlara 21 yaşınadək möhlət verilir.
-Əyani (gündüz) bakalavriatda oxuyanlara təhsilini bitirənədək, amma 24 yaşdan artıq olmamaq şərtilə möhlət verilir.
-Əyani magistraturada oxuyanlara təhsilini bitirənədək, amma 26 yaşdan artıq olmamaq şərtilə möhlət verilir.
-Əyani formada baza tibb təhsili alanlara və rezidenturada oxuyanlara təhsilini tam bitirənədək möhlət verilir.
-Əyani doktoranturada (adyunkturada) oxuyanlara da təhsilini tam bitirənədək möhlət verilir.
-Doktoranturaya qəbul üzrə ilk imtahandan uğurla keçənlərə isə 3 ay müddətinə möhlət verilir.
Qeyd edim ki, hər təhsil səviyyəsi üzrə (məsələn, əvvəl bakalavriat, sonra magistratura) möhlət yalnız 1 dəfə verilir. Bir təhsil pilləsini bitirib növbəti pilləyə (məsələn, bakalavriatdan magistraturaya) qəbul imtahanı vermək istəyənlərə bu imtahanlarda iştirak üçün əvvəlki səviyyəni bitirdiyi tarixdən 3 ay möhlət verilir”.
Möhləti itirmə halları
Vəkil bildirib ki, əgər çağırışçı təhsil haqqında rəsmi sənədi müəyyən edilmiş vaxtda müvafiq orqana təqdim etməzsə, adi qaydada hərbi xidmətə çağırılır:
“Əgər çağırışçı verilmiş möhlətdən özü imtina edərsə, yenə adi qaydada çağırılır. Ali təhsil müəssisəsindən xaric edilən şəxs 6 ay ərzində geri bərpa olunmazsa, möhlət hüququnu itirir və adi qaydada çağırılır”.
Akademik məzuniyyət nəzərə alınırmı?
Müsahibimizin sözlərinə görə, akademik məzuniyyət (təhsildə fasilə) hər təhsil pilləsi üzrə yalnız bir dəfə nəzərə alınır:
“Bu fasilə müddəti isə möhlət müddətinə daxil edilmir, yəni akademik məzuniyyətdə olduğu vaxt möhlət hesabından çıxılır.
Təhsil üçün möhlət almış, lakin hələ hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatdıqda hər halda çağırılırlar”.

Bu halda yaş həddi qoyulmur
T.Abdullazadə vurğulayıb ki, dövlətlərarası razılaşmalar və beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsi proqramları çərçivəsində oxuyanlara təhsilini bitirənədək möhlət verilir, bu zaman yaş həddi qoyulmur.
Bu şəxslər növbəti təhsil pilləsinə (bakalavriat, magistratura və ya doktorantura) keçid imtahanlarında iştirak etmək istədikdə isə əvvəlki pilləni bitirdiyi tarixdən 6 ay möhlət verilir (adi hallarda bu müddət 3 ay olur).
Beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xaricdə təhsil alan çağırışçıların sənədləri əvvəlcə leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Bundan sonra sənədlər Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiqlənməlidir.
Kimlərə bu güzəştlər aid deyil?
Əgər çağırışçı artıq həmin təhsil pilləsini keçmişdirsə və eyni səviyyədə təkrar təhsil alırsa, peşə təhsili, orta ixtisas, bakalavriat, magistratura, baza tibb təhsili, rezidentura və doktorantura üzrə nəzərdə tutulan bu güzəştlər ona şamil olunmur.




