Kitab, dəftər, iş dəftəri... Məktəb çantaları necə yüngülləşdirilə bilər?

30 Sentyabr, 2026 - 10:44
Kitab, dəftər, iş dəftəri... Məktəb çantaları necə yüngülləşdirilə bilər?

Hər gün səhər saatlarında küçələrdə eyni mənzərənin şahidi oluruq: şagirdlər sanki uzun səyahətə çıxırmış kimi boylarından və çəkilərindən qat-qat böyük, ağzınadək dolu çantaları ilə məktəbə gedirlər. Bəzən bu yüklərə idman geyimləri, rəsm ləvazimatları və su qabları da əlavə olunur. Təhsil almaq üçün məktəbə yollanan uşaqlar elə bil hər gün fiziki sınaqdan keçirlər. Əslində, bu vəziyyət alimlərin və pediatrların illərdir ki, həyəcan təbili çaldığı qlobal sağlamlıq məsələsidir.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) və Amerika Pediatriya Akademiyasının (AAP) tibbi standartlarına görə, məktəbli çantasının çəkisi uşağın ümumi bədən çəkisinin maksimum 10-15 faizi həddində olmalıdır. Məsələn, 30 kiloqram çəkisi olan bir ibtidai sinif şagirdinin daşıdığı yük 3-4,5 kiloqramı keçməməlidir. Lakin real müşahidələr göstərir ki, bu rəqəm çox vaxt 20-25 faizə çatır. Sümük-əzələ sistemi hələ tam formalaşmamış uşaqlarda normadan artıq yükün daşınması skolioz, fəqərəarası disk zədələnmələri, xroniki bel və boyun ağrıları, hətta tənəffüs sisteminin funksional pozuntularına gətirib çıxarır.

Bəs bu qlobal yükü azaltmaq üçün dünya təhsilində hansı sistemli həll yolları mövcuddur?

Dünya ölkələrinin təcrübəsi göstərir ki, hər dövlət bu problemə fərqli kompleks yanaşma tətbiq edir. Məsələn, Fransanın Milli Təhsil Nazirliyinin tövsiyələrində  çantanın uşağın çəkisinin 10 faizini keçməməsi göstərilir. Lakin Fransa problemi yalnız çəki limiti ilə həll etməyə çalışmır. Məktəblərdə şkafların olması, dərsliklərin iki nüsxəsinin saxlanılması, dərsliklərin rəqəmsallaşdırılması və rəqəmsal təhsil resurslarından istifadə kimi tədbirlər də qeyd olunur.

Rəqəmsal dərsliklər isə bu həllərin yalnız bir hissəsidir. Məsələn, Cənubi Koreya 2025-ci ildən müəyyən sinif və fənlər üzrə süni intellekt əsaslı rəqəmsal dərslikləri mərhələli şəkildə tətbiq etməyə başlayıb. Lakin Koreya Təhsil Nazirliyi açıq şəkildə bildirir ki, rəqəmsal dərsliklər kağız dərslikləri tamamilə əvəz etmir, onlarla birlikdə istifadə olunur.

Sinqapurda da bütün şagirdlər üçün fərdi təhsil cihazlarının tətbiqi genişlənib, lakin fiziki kitablar hələ də mövcuddur. Finlandiyada isə həm çap, həm də rəqəmsal tədris materiallarından istifadə edilir və konkret materialın seçimini təhsil idarələri və müəllimlər müəyyənləşdirirlər.

Ümumiyyətlə, aparılan araşdırmalara görə, kağız üzərindən oxunan məlumat rəqəmsal ekrandan oxunan mətnə nisbətən daha dərin mənimsənilir və uzunmüddətli yaddaşa daha yaxşı köçürülür. 

Gördüyünüz kimi, beynəlxalq təcrübədə məktəblərdə kağız dərsliklərin ləğv edildiyi və uşaqların tamamilə  kitab daşımadığı modelə keçmiş bütöv bir ölkə nümunəsi tapmaq çətindir. Əvəzində daha praktik və qarışıq modellər görünür: məktəbdə şkaf, dərsliklərin məktəbdə saxlanılması, ev və məktəb üçün iki nüsxə dərsliyin olması, rəqəmsal kitab, planşet, daha yüngül dəftər sistemi, fənlərin günlər üzrə bölüşdürülməsi və s.

Bəlkə, Azərbaycanda müzakirə edilməli əsas məsələ də budur: şagirdin çantasını necə yüngülləşdirək? Bunun üçün mütləq kağız kitabdan imtina etmək lazımdır, yoxsa dərslik məktəbdə, ev tapşırığı üçün rəqəmsal versiya evdə ola bilər? Dərs vəsaitlərinin hamısını hər gün daşımaq vacibdirmi? Niyə şagird məktəbdə istifadə etdiyi kitabı hər axşam evə aparmalı və səhər yenidən məktəbə gətirməlidir? Bəlkə bəzi fənlərin dərslikləri sinifdə saxlanıla bilər?

Məsələnin həlli istiqamətində fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşən təhsil mütəxəssisi Məzahir Məmmədli bildirib ki, çantaların yüngülləşdirilməsinin bir çox vasitələrdən istifadə etməklə həlli mümkündür və bunlardan biri məktəb şkaflarıdır: “Beynəlxalq ictimaiyyətdə də bu məsələ ilə bağlı həyəcan təbili çalınıb. Hətta Ümumdünya Səhiyyə Təşkilatı şagirdlərin çantalarının ağır olması ilə bağlı geniş bir müzakirə açmış və tövsiyə etmişdi ki, məktəbli çantalarının ağırlığı ilə bağlı normativ müəyyən olunsun. Normativə görə, çantanın çəkisi şagirdin çəkisinin onda biri qədər olmalıdır. Məsələn, 40 kiloqramlıq bir şagird ancaq 4 kiloqramlıq çanta apara bilər. Əks halda, müəyyən fəsadlar yarana bilər. Məsələn, bu gün dünyada skolioz xəstəliyi üçün əsas problemlərdən biri məktəb çantalarının ağır olması ilə bağlıdır.

Çantaların yüngülləşdirilməsinin bir çox vasitələrdən istifadə etməklə həlli mümkündür. Bunlardan biri  beynəlxalq təcrübədə də daha çox yayılmış məktəb şkaflarıdır. Hər bir şagirdə aid olan məktəb şkafı olur və şagird oraya əlavə dərs vəsaitlərini və əşyalarını qoymaqla müəyyən qədər öz yükünü yüngülləşdirə bilər”.

Mütəxəssis prosesdə valideynlərin də böyük rolu olduğuna diqqət çəkərək qeyd edib ki, bəzi valideynlər çantaya əlavə yüklər qoymaqla uşaq üçün problemlər yaradırlar: “Məsələn, su qabları qoyurlar, yemək üçün ayrıca xüsusi qablar yerləşdirirlər.
Başqa bir tərəfdən, bəzi məktəblərdə ənənəvi təhsildən gələn müəllimlər də var ki, əlavə vəsaitlər, iş dəftərləri, əlavə gündəlik tələb edirlər. Yəni bu kimi məsələlərdə də müəyyən problemlər yarana bilir”.

M.Məmmədlinin sözlərinə görə, bunun qarşısını almaq üçün ən yaxşı yol dərs vəsaitlərinin elektron versiyasıdır: “Bugünkü şagirdlər artıq 10 il bundan əvvəlki məktəblilər kimi deyillər. Onlar kifayət qədər informasiya texnologiyalarına tez alışmış və onlardan istifadəni böyüklərdən də yaxşı bilən yeni nəsildir.

Əksər məktəblilər Təhsil İnstitutunun təşəbbüsü ilə hazırlanmış elektron dərsliklərdən istifadə edirlər. Yuxarı sinif şagirdlərinə baxsaq, onların kitab daşımaqdan daha çox xüsusi qeyd dəftərləri istifadə etdiklərini görərik. Çünki onlar üçün artıq elektron kitab kifayət qədər əlçatandır və hər bir kəsdə smartfonlar var və dərslikləri oraya yükləməklə əldə edə bilirlər.
Artıq neçə illərdir ki, bu istiqamətdə müəyyən işlər aparılıb, yüngülləşmələr baş verib”.

Mütəxəssis həmçinin şagirdlərdən tələb olunan əlavə vəsaitlərlə bağlı da danışaraq söyləyib ki, bu, məcburi deyil və çox məktəblər artıq bunu tətbiq etmir: “Ümumilikdə artıq bəzi şagirdlər, xüsusilə ibtidai siniflərdə oxuyanlar ağır çantalarını məktəbdə saxlamaqla bu yükdən xilas ola biliblər”, – deyə o bildirib.