Kollec rəhbərləri üçün təşkil olunan təlimlər davam edir
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün Şəki şəhərində keçirilən təlim proqramının ikinci günü yekunlaşıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlimin bu mərhələsi insan resurslarının idarə olunması mövzusuna həsr edilib.
Təlim çərçivəsində iştirakçılara əmək qanunvericiliyinin əsas tələbləri, insan resurslarının idarə edilməsi, işə qəbul prosesinin təşkili, eləcə də Vahid Tarif-Sorğu Kitabçasının tətbiqi mexanizmləri barədə ətraflı məlumat təqdim olunub.
Eyni zamanda, ƏMAS sisteminin strukturu və funksional imkanları izah edilib, sistem üzərindən kadr əməliyyatlarının aparılmasına dair praktiki nümunələr nümayiş etdirilib. Praktiki hissə zamanı real iş proseslərinə əsaslanan fərdi tapşırıqlar icra olunub və nəticələr üzrə qiymətləndirmə aparılıb.
Qeyd edək ki, təlim proqramı növbəti günlərdə digər mövzular üzrə davam etdiriləcək.



