Kristallarda atomların yerləşməsini proqnozlaşdıra bilən süni intellekt modeli hazırlanıb

9 Dekabr, 2024 - 13:04

Redinq Universiteti və London Universitet Kollecinin alimləri kristal strukturlardakı atomların yerləşməsini proqnozlaşdıra bilən innovativ “CrystaLLM” adlı süni intellekt modeli təqdim ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, model mətn məlumatlarının təhlili metodlarından istifadə edir və bu da mövcud kristal strukturları öyrənməyə və yenilərini yaratmağa imkan verir.

“CrystaLLM” günəş batareyaları, çiplər və digər yüksək texnologiyalı cihazların istehsalında istifadə oluna biləcək materialların axtarışında yeni perspektivlər açır.

Alimlərin nəticələri barədə “Nature Communications” jurnalında məlumat verilib və model indi elmi ictimaiyyətin istifadəsinə verilib.

Layihənin rəhbəri doktor Luis Antunes qeyd edib ki, kristalda atomların yerləşməsini proqnozlaşdırmaq tapmaca həllinə bənzəyən çətin bir işdir. Model böyük həcmdə məlumatları təhlil edir, nümunələri müəyyənləşdirir və mövcud strukturların nümunələrindən “öyrənir”. Bu, “CrystaLLM”ə yeni, əvvəllər məlum olmayan kristal materialları yaratmağa imkan verir.

Ənənəvi metodlardan fərqli olaraq, “CrystaLLM” fiziki qarşılıqlı təsirlərin hesablamalarından daha çox, Kristaloqrafik Məlumat Faylları (CIF) formatında kristal strukturların mətn təsvirləri ilə işləyir. Bu, yeni texnologiyaların və materialların hazırlanması prosesini əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verir.

Model əvvəllər naməlum olan materiallar üçün real kristal strukturların yaradılmasında öz effektivliyini artıq nümayiş etdirib. İndi internet saytında mövcuddur və əlavə elmi tədqiqatlar üçün pulsuz istifadə edilə bilər.