Laçın məktəblərinin əməkdaşlıq görüşü keçirilib
"Məktəblərarası pedaqoji körpü" layihəsi çərçivəsində növbəti əməkdaşlıq görüşü işğaldan azad olunmuş Laçın rayonunda yerləşən ümumi təhsil müəssisələri arasında baş tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu dəfə əməkdaşlıq platformasında Laçın şəhəri 2 nömrəli, Laçın rayonu Ədalət Məmmədov adına Zabux və Sus kənd tam orta ümumtəhsil məktəblərinin direktor, direktor müavinləri və təhsilverənləri iştirak ediblər.
Görüşün əsas məqsədi müəllimlər arasında təcrübə mübadiləsini gücləndirmək, müasir təlim yanaşmalarını paylaşmaq və tədrisin keyfiyyətinin yüksəldilməsinə birgə töhfə vermək olub. Müzakirələr interaktiv formatda aparılıb, praktik nümunələr və real dərs təcrübələri üzərindən fikir mübadiləsi həyata keçirilib.
Əməkdaşlıq çərçivəsində müzakirə olunan mövzular:
✅ Dərslərdə tətbiq olunan effektiv təlim metodları;
✅ Şagirdlərin dərsə motivasiya olunması yolları;
✅ Fərqli sinif səviyyələrində fərdi yanaşma və diferensial təlim;
✅ Qiymətləndirmə üsulları və şagird nailiyyətlərinin izlənməsi;
✅ Rəqəmsal resurslardan və təhsil texnologiyalarından səmərəli istifadə;
✅ Sinifdə nizam-intizamın qorunması və sinfin idarə olunması;
✅ Məktəblər arasında uğurlu təcrübələrin paylaşılması;
✅ Gənc müəllimlərin adaptasiyası və peşəkar inkişafının dəstəklənməsi;
✅ Azad olunmuş ərazilərdə təhsilin təşkili zamanı qarşıya çıxan çətinliklər və həll yolları;
✅ İKT-nin müasir tədrisdə rolu və praktik tətbiq imkanları.
Görüş qarşılıqlı peşəkar dialoq, metodik dəstək və gələcək birgə fəaliyyətlərin planlaşdırılması baxımından əhəmiyyətli keçib.



