LDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Lənkəran Dövlət Universitetində (LDU) ehtiramla yad edilib.
LDU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, universitetin rektoru, prof. Natiq İbrahimov başda olmaqla LDU-nun professor-müəllim, tələbə heyəti soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış xatirə abidə kompleksini ziyarət ediblər.
Sonra universitetdə anım mərasiminə həsr edilmiş tədbir keçirilib. Professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirin iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Lənkəran Dövlət Universitetinin tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla onu dünyaya çatdırmağın vacib olduğunu bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.
Tədbirdə universitetin dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Məlikov “Mart soyqırımı”nın tarixdə yeri” mövzusunda geniş məruzə edib. Məruzədə bildirilib ki, 31 Mart soyqırımı öz amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir. Ermənilərin zaman-zaman məkrli siyasət yeridərək “Böyük Ermənistan” xülyasını həyata keçirməyə çalışmalarına baxmayaraq, Azərbaycan xalqı onlara hər zaman lazımi cavab verib. 44 günlük Vətən muharibəsində xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında bir daha mənfur düşmənlərimizə öz gücünü, qudrətini sübut edərək müzəffər ordumuzun gücü ilə tarixi ərazilərimizi ermənilərdən azad edib və Azərbaycanın bütövlüyünə nail olub.
Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Mais Cəfərov “Lənkəran qəzasında mart soyqırımı və onun nəticələri” məruzəsində 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Lənkəran qəzasında dinc əhaliyə qarşı başladığı dəhşətli qırğınlardan söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə xalqımızın qazandığı zəfəri, Şuşada, Xankəndində Azərbaycan bayrağının dalğalanmasını qəsbkar qonşularımızdan alınan qisas kimi dəyərləndirib.
Qeyd edək ki, bu gün universitetdə keçirilən ilk dərslərdə 31 Mart soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, faciənin ibrət dərsləri barədə söz açılıb. Universitetin Elmi kitabxanasında faciəni əks etdirən əsərlərdən, mətbu və foto-materiallardan ibarət kitab sərgisi təşkil edilib.



