LDU-da gələcək baytarlar üçün birgə əyani dərs keçirilib
Lənkəran Dövlət Universiteti (LDU) ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi arasındakı tərəfdaşlıq müqaviləsinə əsasən, tələbələrin praktiki vərdişlərinin artırılması istiqamətində növbəti addım atılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, LDU-nun Baytarlıq Klinikasında hər iki müəssisənin tələbələrinin iştirakı ilə dişi pişik üzərində keysəriyyə və qısırlaşdırma əməliyyatı həyata keçirilib.
Cərrahi əməliyyat prosesində LDU-nun Baytarlıq təbabəti ixtisasının V tədris ili tələbələri ilə birgə Peşə Təhsil Mərkəzinin Baytarlıq və heyvandarlıq işi ixtisasının I tədris ili tələbələri də iştirak ediblər. Bu format gənc mütəxəssislər arasında həm də faydalı təcrübə mübadiləsinə şərait yaradıb.
Klinikanın müdiri, cərrah Eminağa Axundov və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin ixtisas fənn müəllimi Mirkamran Mehtizadənin rəhbərliyi ilə keçən dərsdə əməliyyatın icra mexanizmi gənclərə əyani şəkildə göstərilib. Uğurla başa çatan kliniki dərsin əsas məqsədi tələbələrin real iş şəraitində sərbəst cərrahi vərdişlərini və praktiki biliklərini formalaşdırmaqdır. Rəsmi tərəfdaşlığa uyğun olaraq, regionda peşəkar baytar kadrların hazırlanması üçün bu cür əyani dərslər mütəmadi davam etdiriləcək.




