LDU-da gender bərabərliyinə həsr olunmuş seminar keçirilib

15 Oktyabr, 2026 - 10:23
LDU-da gender bərabərliyinə həsr olunmuş seminar keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq, “Fərqli səslər, bərabər addımlar, balanslı cəmiyyət” mövzusunda maarifləndirici seminar təşkil edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, seminarı giriş sözü ilə açan LDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Ramiz Şəmmədov mövzunun aktuallığını vurğulayıb. O, gender bərabərliyinin cəmiyyətin inkişafında, insan hüquqlarının qorunmasında və sosial ədalətin təmin olunmasında mühüm rol oynadığını bildirib. Prorektor xüsusilə, gənclər arasında bərabərlik, qarşılıqlı hörmət və ayrı-seçkiliyə qarşı mübarizə prinsiplərinin təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra universitetin Fizika, Kimya və Biologiya kafedralarının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Orucovun geniş məruzəsi dinlənilib. Professor gender bərabərliyinin mahiyyəti, qadın hüquqlarının tarixi inkişaf mərhələləri, Azərbaycanda bu sahənin formalaşması və hüquqi əsasları, eləcə də müasir cəmiyyətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Tədbir tələbələrin çıxışları ilə davam edib. Çıxışlarda təhsildə və cəmiyyətdə bərabər imkanların yaradılması, gender stereotiplərinin aradan qaldırılması və gənclərin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyəti qeyd olunub.

İnteraktiv formatda keçən seminarda tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb və maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu cür maarifləndirici tədbirlər gənclərin gender bərabərliyi barədə biliklərinin artırılması, onlarda insan hüquqlarına hörmət və sosial məsuliyyət hissinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.

LDU-da gender bərabərliyinə həsr olunmuş seminar keçirilib
LDU-da gender bərabərliyinə həsr olunmuş seminar keçirilib
LDU-da gender bərabərliyinə həsr olunmuş seminar keçirilib
LDU-da gender bərabərliyinə həsr olunmuş seminar keçirilib