LDU-da “Yeni il karnavalı” adlı tədbir keçirilib
Lənkəran Dövlət Universitetinin (LDU) geniş akt zalında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə möhtəşəm “Yeni il karnavalı” adlı tədbir keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbir LDU-nun uğurlarını əks etdirən videoçarxın nümayişi ilə başlanıb. Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar Texnoloji Kollecin professor-müəllim, tələbə və işçi heyətinə ünvanladığı təbrik məktubunu sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Ramiz Şəmmədov təqdim edib.
LDU-da keçirilən tədbirlərdə fəal iştirak edən universitetin "Musiqi müəllimliyi" ixtisasının sonuncu tədris ili tələbələrinə rektorun “Təşəkkürnamə”si, "Tarix müəllimliyi" ixtisasının IV tədris ili tələbəsi Jalə Şahmarovaya isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası keçirdiyi müsabiqədə III yeri tutduğu üçün sözügedən qurumun mükafatları təqdim edilib.
Şaxta baba və Qar qızın qonaq olduğu builki “Yeni il karnavalı”nda universitet kollektivinin sevincinə Lənkəran şəhər O.Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin balacaları şərik olublar. Balacalar tədbir boyu şeirləri, mahnıları ilə karnavala şux ovqat, rəngarənglik qatıblar. Şaxta baba və Qar qız onlara hədiyyələr təqdim ediblər.
“Yeni il karnavalı”nda Lənkəran Dövlət Universitetinin tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Karnaval şux mahnılar, maraqlı səhnəciklərlə yaddaqalan olub, iştirakçılara xoş bayram əhvali-ruhiyyəsi, ovqatı bəxş edib.
Karnaval tələbələrin ifasında “Azərbaycan” mahnısının möhtəşəm ifası və “Yallı” rəqsi ilə yekunlaşıb.


