LDU-da Yusif Məmmədəliyevin yubileyinə həsr olunmuş “dəyirmi masa” keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş "dəyirmi masa" təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbiri giriş sözü ilə universitetin elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev açıb.
Bildirib ki, bu ilin dekabr ayında görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur. Elvin Əliyev akademik Yusif Məmmədəliyevin Azərbaycan elminin yetirdiyi parlaq simalardan biri olduğunu, ölkəmizdə neft kimyasının bünövrəsini yaratdığını, qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətlərinin olduğunu qeyd edib. Neft-kimya elmində mühüm hadisəyə çevrilən yüksəkoktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsini Yusif Məmmədəliyevə dünya şöhrəti qazandırdığını xüsusi vurğulayıb.
LDU-nun Fizika, kimya və biologiya kafedrasının dosentləri Gülbəniz Qədirova və İsa Hüseynov çıxışlarında akademik Yusif Məmmədəliyevin elmi fəaliyyətinin çoxşaxəli istiqamətlərindən ətraflı söz açıblar, respublikada bir sıra elmi müəssisə və qurumların təşkilinin alimin adı ilə bağlı olduğunu iştirakçıların diqqətinə çatdırıblar.
Bildiriblər ki, geniş spektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından uzaqlarda tanınır.
Tədbir diskussiya ilə yekunlaşıb.



