Lənkəran məktəblisi Avropa çempionatında qızıl medala layiq görülüb

18 Dekabr, 2025 - 11:24
Lənkəran məktəblisi Avropa çempionatında qızıl medala layiq görülüb

Azərbaycanın gənc boksçusu, Lənkəran rayonu V.Həsənov adına Liman şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Qardaş Rəhimov beynəlxalq arenada növbəti böyük uğura imza atıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, o, Almaniyanın Kienbaum şəhərində keçirilən U-17 Avropa çempionatında 46 kq çəki dərəcəsində çıxış edərək rumıniyalı rəqibi üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Zəfər görüşündən sonra idmançı ilə əlaqə saxlayaraq keçirdiyi hissləri öyrənmək istədik. Gənc idmançı boksla erkən yaşlardan məşğul olduğunu bildirir: 

“Boks idman növü ilə 8 yaşımdan məşğulam. Bu gün (17 dekabr - red.) Almaniyanın Kienbaum şəhərində U17 Avropa Çempionatında iştirak etdim. Burada 4 döyüş keçirdim, döyüşlər çox gərgin və stresli oldu, amma buna baxmayaraq qələbə çaldım, qızıl medala layiq görüldüm”. 

Qardaş Rəhimov əldə etdiyi uğuru gələcək hədəflərinə aparan yolun mühüm mərhələsi hesab edir. Məktəbli idmançı məqsədlərini belə ifadə edir: “İnşallah, gələcək hədəfim dünya və Olimpiya çempionatında qalib olmaqdır”. 

Qardaş Rəhimovun bu qələbəsi həm Azərbaycan idmanının, həm də məktəbli idmançıların beynəlxalq arenada artan uğurlarının bariz nümunəsidir.

Qeyd edək ki, Qardaş Rəhimov Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin tabeliyindəki Masallı Uşaq-Gənclər İdman Məktəbinin məşqçisi Orxan Cəbiyevin yetirməsidir.

Lənkəran məktəblisi Avropa çempionatında qızıl medala layiq görülüb
Lənkəran məktəblisi Avropa çempionatında qızıl medala layiq görülüb