Lisey məzunu “Siyasi elmlər” üzrə Kaliforniya Universitetinə qəbul olan ilk azərbaycanlı oldu
“Zəkalar” liseyinin məzunu Elcan Əsədli Kaliforniya Universitetinin Berkli kampusuna (University of California, Berkeley) siyasi elmlər ixtisası üzrə bakalavriat səviyyəsində qəbul olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elcan Əsədli eyni zamanda dövlət məktəbi məzunu olaraq bu uğuru qazanan azsaylı namizədlərdən biridir.
Qeyd edək ki, Elcan Əsədli bundan əvvəl Harvard Universitetinin yay məktəbinə də qəbul alıb. Onun digər nüfuzlu ali təhsil müəssisələrinə etdiyi müraciətlərin bir qisminin nəticələri isə hələ açıqlanmayıb.
Onun müxtəlif universitetlər üzrə əldə etdiyi təqaüdlərin ümumi məbləği 360 min ABŞ dolları təşkil edir.
Elcan Əsədli akademik göstəriciləri ilə yanaşı, ictimai və könüllü fəaliyyətlərdə də aktiv iştirak edir. O, Global Olympiad Center-də layihələrin idarə olunması üzrə komanda rəhbəri, “Olimpiadaçılara Dəstək” layihəsində sədr müavini, həmçinin Xəzər İntellektual Klubunda koordinator kimi fəaliyyət göstərir.
O müxtəlif yerli və beynəlxalq təhsil müsabiqələrinin qalibi, eləcə də ölkə təmsilçilərindən biri kimi tanınır.



