“Maarifçi” proqramının mentoru: “Karyera bir gündə qurulmur”

2 Noyabr, 2026 - 14:32
“Maarifçi” proqramının mentoru: “Karyera bir gündə qurulmur”

Gənclərin peşəkar inkişafında nəzəri biliklərlə yanaşı, praktiki təcrübənin və düzgün istiqamətləndirmənin də mühüm rolu var. Elm və Təhsil Nazirliyi ilə Təhsilin İnkişafı Fondunun birgə həyata keçirdiyi “Maarifçi” tələbə-məzun təcrübə proqramında mentorlar təcrübəçi gənclərin inkişafına dəstək göstərir, onların bilik və bacarıqlarını real iş mühitində tətbiq etmələrinə kömək edirlər.

Bəs mentorlar bu prosesi necə qurur, gənclərlə iş zamanı hansı təcrübələri qazanır və təcrübəçilərə hansı tövsiyələri verirlər?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan “Maarifçi” proqramının mentoru Adil Məmmədli bildirib ki, mentor olaraq əsas məqsədi təcrübəçi gəncin özünü rahat hiss etdiyi, fikirlərini sərbəst ifadə edə bildiyi və öyrənməyə həvəslə yanaşdığı bir mühit formalaşdırmaqdır:

“İş prosesini ilk növbədə onun fərdi xüsusiyyətlərini, maraqlarını və inkişaf ehtiyaclarını müəyyənləşdirməklə qururam. Daha sonra qarşıya konkret hədəflər qoyur, bu hədəflərə çatmaq üçün birlikdə addımlar müəyyən edirik. Hesab edirəm ki, gənclərin peşəkar inkişafını yalnız nəzəri biliklərin mənimsənilməsi ilə məhdudlaşdırmaq doğru olmaz. Onların ünsiyyət, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması, təşəbbüskarlıq və problem həll etmə kimi bacarıqlarının inkişafına da xüsusi diqqət yetirmək lazımdır. Biz bu istiqamətdə qarşılaşdığımız çətinlikləri müzakirə edirik. Təcrübəçiyə hazır həllər təqdim etməkdənsə, düzgün qərar verməsi üçün istiqamət göstərməyə çalışıram. Mənim üçün mentorluğun əsas məqsədi gəncin yalnız proqram müddətində uğurlu olması deyil, gələcəkdə müstəqil qərarlar verə bilən, özünə inanan və peşəkar məsuliyyət daşıyan bir mütəxəssis kimi formalaşmasına töhfə verməkdir”.

Onun sözlərinə görə, mentorluq fəaliyyəti onun üçün həm maraqlı, həm də şəxsi və peşəkar baxımdan faydalı təcrübədir:

“Gənclərlə işləmək, onların dünyagörüşünü, düşüncə tərzini və inkişaf potensialını yaxından müşahidə etmək insana fərqli baxış bucaqları qazandırır. Onların yeni biliklər öyrənməsi, qarşılarına qoyduqları məqsədlərə doğru irəliləməsi və zamanla özlərinə daha çox güvənməsi mənə xüsusi motivasiya verir. Bu fəaliyyət mənə də daim öyrənmək, ünsiyyət bacarıqlarımı təkmilləşdirmək, fərqli yanaşmaları anlamaq və təcrübəmi daha səmərəli şəkildə bölüşmək imkanı yaradır. Düşünürəm ki, mentorluq birtərəfli proses deyil. Mentor öz təcrübəsini gənclərlə bölüşdüyü kimi, onların enerjisindən, yeniliklərə açıq olmasından və fərqli düşüncələrindən də öyrənir. Ən əsası, bir gəncin inkişafında müəyyən rolunun olduğunu görmək, onun gələcək uğurlarına kiçik də olsa, töhfə vermək bu fəaliyyətin mənim üçün ən dəyərli tərəflərindən biridir”.

Müsahibimiz qeyd edib ki, bu il “Maarifçi” proqramında mentor kimi iştirak etmək onun üçün ilk təcrübədir:

“Əvvəlki illərdə - Regional Təhsil İdarələrində çalışdığım müddətdə proqramın iştirakçıları ilə işləmək, onların fəaliyyətini yaxından müşahidə etmək və təcrübələrini bölüşmək imkanım olub. Bu təcrübə mənə gənclərin potensialını daha yaxından tanımağa, onların peşəkar inkişaf ehtiyaclarını anlamağa və qarşılaşdıqları çətinlikləri daha yaxşı qiymətləndirməyə şərait yaradıb. İştirakçılarla əvvəlki təmaslarım zamanı müşahidə etmişəm ki, gənclər düzgün istiqamətləndirildikdə, onlara etimad göstərildikdə və öz biliklərini praktikada tətbiq etmək imkanı yaradıldıqda daha həvəslə fəaliyyət göstərir, təşəbbüskarlıq nümayiş etdirir və məsuliyyətlərini daha yaxşı dərk edirlər. Eyni zamanda, onların yeni biliklərə açıq olması, öyrənməyə həvəsi və özlərini inkişaf etdirmək istəyi diqqətimi çəkib. Düşünürəm ki, “Maarifçi” proqramının əsas üstünlüklərindən biri gənclərə yalnız nəzəri biliklər qazandırmaq deyil, həm də real iş mühitini tanımaq, praktiki bacarıqlarını inkişaf etdirmək və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmaq imkanı yaratmasıdır. Bu il mentor kimi fəaliyyətimdə də əvvəlki təcrübəmdən yararlanaraq gənclərin fərdi inkişafına dəstək olmağı, onların potensialını üzə çıxarmağı və qarşıya qoyduqları məqsədlərə çatmalarına töhfə verməyi əsas hədəflərimdən biri hesab edirəm. İnanıram ki, mentorluq yalnız təcrübə və bilik bölüşmək deyil, həm də gənclərin özlərinə inamını artırmaq, onların inkişaf yolunda düzgün istiqamət seçmələrinə kömək etməkdir. Bu baxımdan builki mentorluq təcrübəmin mənim üçün də yeni biliklər qazanmaq, fərqli yanaşmalar öyrənmək və gənclərlə birlikdə inkişaf etmək baxımından dəyərli olacağına inanıram.

Hazırda “Maarifçi” proqramı çərçivəsində təcrübəçi Bağırova Turanə Azər qızı ilə işləyir və onun peşəkar inkişafını dəstəkləməyə çalışıram. Birgə fəaliyyətimizin əsas istiqamətləri iş mühitinə uyğunlaşmaq, verilən tapşırıqları düzgün və məsuliyyətlə yerinə yetirmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək və qarşıya çıxan çətinliklərin həlli yollarını müəyyənləşdirməkdir. İş prosesində çalışıram ki, təcrübəçi yalnız tapşırıqları icra etməklə kifayətlənməsin, eyni zamanda gördüyü işin mahiyyətini anlasın, təşəbbüs göstərsin və müstəqil düşünməyi öyrənsin. Təbii ki, yeni iş mühitinə uyğunlaşma mərhələsində müəyyən çətinliklər yarana bilər. Belə hallarda müzakirələr aparmaq, geribildirim vermək və düzgün istiqamət göstərmək vasitəsilə onun inkişafına dəstək oluram. Mənim üçün əsas nəticə təcrübəçinin zamanla özünə daha çox güvənməsi, məsuliyyətinin artması və biliklərini praktikada tətbiq etmək bacarığının formalaşmasıdır. İnanıram ki, bu müddətdə qazanılan təcrübə onun gələcək karyerasında mühüm rol oynayacaq”.

Həmsöhbətimiz gənclərə bunu da tövsiyə edir ki, bu proqramı sadəcə müəyyən müddət ərzində iş təcrübəsi qazanmaq imkanı kimi deyil, özlərini tanımaq, potensiallarını kəşf etmək və gələcək karyeralarının əsasını formalaşdırmaq fürsəti kimi dəyərləndirsinlər:

“Onlara verilən hər bir tapşırığa məsuliyyətlə yanaşsınlar, bilmədiklərini soruşmaqdan çəkinməsinlər və öyrənməyə daim açıq olsunlar. Eyni zamanda, təşəbbüskar olmaq, vaxtı düzgün idarə etmək və komanda ilə işləmək inkişaf üçün çox vacibdir. Bəzən kiçik görünən bir tapşırıq belə insana böyük təcrübə qazandıra bilər. Əsas məsələ görülən işdən nəticə çıxarmaq və öyrənilənləri növbəti fəaliyyətlərdə tətbiq etməkdir. Gənclərə demək istərdim ki, karyera bir gündə qurulmur. Uğura gedən yol davamlı öyrənməkdən, səbirli olmaqdan, səhvlərdən nəticə çıxarmaqdan və öz üzərində işləməkdən keçir. Ən əsası isə özlərinə inansınlar, qarşılarına aydın məqsədlər qoysunlar və fürsətləri dəyərləndirməkdən çəkinməsinlər. Çünki bu gün qazandıqları bilik və təcrübə gələcəkdə daha inamlı addımlar atmalarına kömək edəcək”.