Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat

30 Oktyabr, 2026 - 11:00
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat

“Müəllimlərin sosial şəbəkədə davranış məsələsinə peşə etikası, eyni zamanda şəxsi hüquqlar və ictimai məsuliyyət baxımından yanaşılmaldır”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev deyib.

Onun sözlərinə görə, müəllim yalnız şagirdlərə bilik verən deyil, eyni zamanda davranışı ilə nümunə göstərən şəxsdir:

“Buna görə də sosial şəbəkələrdə paylaşdığı məzmunun və ünsiyyət tərzinin məsuliyyətini müəllim dərk etməlidir.

Zənnimcə, birinci növbədə müəllim öz adını, nüfuzunu qorumalıdır. O, sosial şəbəkələrdə nəzakətli ünsiyyətə riayət etməlidir. Təhqir və ayrı-seçkilikdən çəkinməlidir. Həmçinin şagirdlərin və valideynlərin şəxsi məlumatlarının məxfiliyini də qorumaq müəllimin vəzifələrindən biridir”.

S.Vəliyev qeyd edib ki, müəllimlər sosial şəbəkələrdən istifadə edərkən bu platformalardan birinci növbədə maarifləndirmə, təcrübə mübadiləsi və peşəkar inkişaf məqsədilə istifadə edilməni təşviq etməlidirlər. Bununla yanaşı, müəllimin şəxsi həyatına, ifadə azadlığına hörmət edilməli, hər bir paylaşımına görə deyil, konkret etik pozuntuya yol verdiyi hallarda məsuliyyət məsələsinə baxılmalıdır.

Deputat “Təhsilverənlərin Etik Davranış Qaydaları” ilə bağlı bildirib ki, sosial şəbəkələrdə davranışa dair daha konkret tövsiyələrin hazırlanmasına ehtiyac var:

“Müəllimlər üçün rəqəmsal etika təlimlərinin keçirilməsi, eyni zamanda pozuntu hallarının araşdırılması mexanizminin şəffaflaşdırılması və müraciətlərin obyektiv şəkildə qiymətləndirilməsi bu sahədə mühüm rol oynaya bilər.

Etik qaydalar pozulduqda isə həmin pozuntunun nəticələrinə uyğun cəzalar  müəyyən edilməlidir. İlk dəfə baş verdikdə, ciddi nəticələr doğurmayan hallarda izahat, yaxud maarifləndirmə işi aparılmalıdır. Təkrar və ya ciddi pozuntular zamanı, təbii ki, qüvvədə olan qanunvericiliyə uyğun intizam tədbirləri görülə bilər. Şagirdlərin hüquqlarının pozulması, eyni zamanda şəxsi məlumatlarının qanunsuz yayılması və təhqir kimi hallara xüsusi həssaslıqla yanaşılma daha düzgün olar.