Cadugər kostyumları, qorxulu maskalar: Hər əyləncə uşaq üçün faydalıdır?
Son illər uşaqlar üçün təşkil olunan əyləncələr arasında “Hallovin” (“Halloween”) və ya “Cadugərlər” adlanan şənliklərə də rast gəlinir. Qorxulu maskalar, müxtəlif kostyumlar və mistik obrazlarla müşayiət olunan bu tədbirlərə münasibət isə birmənalı deyil.
“Azərbaycan müəllimi”nə açıqlamasında Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin xarici dil müəllimi Gülnarə Əmiraslanova qeyd edib ki, uşaqlar üçün təşkil edilən "Hallovin" bayramı tədbirlərinin məzmununa pedaqoji və psixoloji baxımdan diqqətlə yanaşılmalıdır:
“Son illər sosial şəbəkələrdə və bəzi əyləncə mərkəzlərində “Hallovin” tədbirlərinin geniş təbliğ olunduğunu görürük. Rəngarəng plakatlar, cadugər şlyapaları, kabus və balqabaq fiqurları ilə bəzədilmiş bu tədbirlər zahirən sadə əyləncə kimi təqdim olunur. Lakin hesab edirəm ki, xüsusilə 5-11 yaşlı uşaqlar üçün belə əyləncələrin məzmunu diqqətlə seçilməlidir. Bu yaşda bəzi uşaqlar fantaziya ilə reallığı tam ayırd edə bilmədiklərindən qorxulu obrazlar, qan və ölüm simvolları onlarda narahatlıq, gecə qorxuları və yuxu problemləri yarada bilər”.
G.Əmiraslanovanın sözlərinə görə, uşaqlar üçün təşkil edilən əyləncələrdə milli-mədəni dəyərlərin nəzərə alınması da vacibdir:
“Hər bir xalqın özünəməxsus adət-ənənələri, zəngin folkloru və mənəvi dəyərləri var. Mədəniyyətimizə yad olan mistik mərasimlərin və ölüm simvollarının uşaqlara bayram kimi təqdim olunmasını düzgün hesab etmirəm. Uşaqların milli kimlik şüurunun formalaşdığı dövrdə onların öz mədəniyyətlərini və mənəvi irslərini yaxından tanıması mühüm əhəmiyyət daşıyır”.
Müəllim hesab edir ki, məktəbyaşlı uşaqların asudə vaxtının təşkilində elmə, mütaliəyə və yaradıcı fəaliyyətlərə daha çox üstünlük verilməlidir:
“Qorxulu geyimlər və mistik obrazlar ətrafında qurulan əyləncələrin uşaqların emosional vəziyyətinə təsiri nəzərə alınmalıdır. Valideynlər bu cür tədbirlərin məzmununa diqqət yetirməli, övladlarının yaşına və inkişaf xüsusiyyətlərinə uyğun əyləncələr seçməlidirlər”.
Bakıdakı 20 nömrəli məktəb-liseyin psixoloqu Səbinə Sadıqova isə bildirib ki, uşaqlar üçün əyləncə seçimində onların yaşı, maraqları və fərdi xüsusiyyətləri əsas götürülməlidir:
“3-11 yaş dövrü uşağın emosional, sosial və idrak inkişafının sürətlə getdiyi mərhələdir. Bu səbəbdən əyləncə seçərkən məqsəd yalnız uşağın vaxtını maraqlı keçirməsi deyil, həm də fəaliyyətin onun yaşına və inkişafına uyğun olmasıdır. Məktəbəqədər yaşda hərəkətli oyunlar, musiqi, rəsm, konstruktorlar, nağıllar və rollu oyunlar, 6-11 yaş arasında isə komanda oyunları, intellektual yarışlar, yaradıcılıq tapşırıqları, idman və əməkdaşlığa əsaslanan fəaliyyətlər məqsədəuyğun ola bilər”.
Psixoloqun sözlərinə görə, maskalar, kostyumlar və müxtəlif obrazların canlandırılması uşaqlar üçün yaradıcılıq və sosiallaşma imkanı da yarada bilər:
“Uşaqların fantaziya və təxəyyül dünyası genişdir. Öz seçdiyi obrazı canlandırmaq, kostyum hazırlamaq və digər uşaqlarla birlikdə oyun qurmaq onların yaradıcılığını və ünsiyyət bacarıqlarını inkişaf etdirə bilər. Lakin burada istifadə olunan obrazların məzmunu və uşağın həmin obrazlara münasibəti nəzərə alınmalıdır”.
S.Sadıqova xüsusilə kiçikyaşlı uşaqların qorxulu obrazlara reaksiyasının fərqli ola biləcəyini vurğulayıb:
“3-7 yaşlı uşaqlarda reallıqla fantaziya arasındakı sərhəd hələ tam formalaşmadığı üçün qorxunc maskalar, qan, ölüm, zombi və digər qorxu obrazları bəzi uşaqlarda narahatlıq, gecə qorxuları, kabuslar və ayrılıq qorxusunu artıra bilər. Ancaq bu, bütün uşaqların belə əyləncələrdən eyni şəkildə təsirlənəcəyi demək deyil. Uşağın temperamenti, əvvəlki təcrübələri və qorxuya həssaslığı mütləq nəzərə alınmalıdır”.
Psixoloq əlavə edib ki, yaş artdıqca uşaqların fantaziya ilə reallığı ayırmaq bacarığı inkişaf etsə də, onların iştirakla bağlı şəxsi istəklərinə hörmət edilməlidir:
“11 yaşa yaxın uşaqlarda reallıqla fantaziyanı fərqləndirmək bacarığı daha yaxşı inkişaf edir. Bununla belə, yaşıdlarının təsiri də nəzərə alınmalıdır. Uşaq hansısa oyundan və ya obrazdan qorxursa, yalnız dostlarından geri qalmamaq üçün həmin əyləncədə iştiraka məcbur edilməməlidir”.




