Magistr təhsili iş tapmaq şansını və maaşı artırırmı?
Əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis olmaq üçün magistratura təhsili getdikcə daha çox önəm qazanır. Bir sıra işəgötürənlər rəhbər və ya ixtisaslaşmış vəzifələr üçün magistr dərəcəsini üstünlük kimi qiymətləndirirlər. Bununla yanaşı, magistratura təhsilinin əmək bazarında yaratdığı real üstünlüklər və onun karyera inkişafına təsiri müxtəlif müzakirələrin mövzusudur.
“Magistratura təhsili işə təminatın, yüksək gəlirin zəmanəti kimi qəbul edilməməlidir”
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktorantı, insan resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva bildirib ki, son illərdə magistratura təhsilinə marağın artması əmək bazarında bu təhsil səviyyəsinin real dəyəri ilə bağlı müzakirələri də aktuallaşdırıb:
“Tez-tez qarşılaşdığımız suallardan biri budur: magistratura təhsili həqiqətən iş tapmaq imkanlarını və əməkhaqqını artırırmı?
İlk növbədə, qeyd etmək lazımdır ki, magistratura təhsili əmək bazarında müəyyən üstünlüklər yarada bilər, lakin işlə təminatın və ya yüksək gəlirin avtomatik zəmanəti kimi qəbul edilməməlidir. Müasir əmək bazarında işəgötürənlər namizədləri qiymətləndirərkən yalnız diplomlara deyil, daha geniş kompetensiyalar toplusuna diqqət yetirirlər. Praktik təcrübə, peşəkar bacarıqlar, analitik düşüncə, liderlik potensialı və dəyişən biznes mühitinə uyğunlaşmaq qabiliyyəti bu gün ən çox qiymətləndirilən amillər sırasındadır.
Magistratura təhsili namizədin akademik hazırlığını gücləndirir, tədqiqat aparmaq, məlumatları təhlil etmək və strateji qərarvermə bacarıqlarını inkişaf etdirir. Xüsusilə iqtisadiyyat, maliyyə, hüquq, dövlət idarəçiliyi, təhsil və sosial elmlər kimi sahələrdə magistratura təhsili nəzəri bazanın dərinləşməsinə əhəmiyyətli töhfə verir”.
“Uğurlu karyeranın əsas şərti davamlı inkişafdır”
Bununla belə, Vəfa Mehdiyeva hesab edir ki, əmək bazarının reallıqları yalnız akademik biliyin uğurlu karyera üçün kifayət etmədiyini göstərir. Məsələn, işə qəbul proseslərində tez-tez bakalavr təhsilli və bir neçə illik uğurlu iş təcrübəsinə malik namizədlərlə magistr dərəcəsi olan, lakin praktiki təcrübəsi məhdud şəxslər arasında seçim aparılır. Belə hallarda işəgötürənlərin əksəriyyəti praktiki nəticələr göstərmiş namizədə üstünlük verirlər. Bunun əsas səbəbi biznes mühitinin nəzəri bilikdən daha çox tətbiq edilə bilən bilik və real nəticələrə ehtiyac duymasıdır.
Mütəxəssis qeyd edib ki, magistratura təhsili iş tapmaq ehtimalını müəyyən qədər artıra bilər, lakin uğurlu karyeranın əsas şərti davamlı inkişafdır:
“Xarici dil bilikləri, rəqəmsal kompetensiyalar, beynəlxalq sertifikatlar, peşəkar şəbəkələşmə və təcrübə proqramlarında iştirak əmək bazarında rəqabət üstünlüyü yaradan əsas amillər hesab olunur”.
Magistr dərəcəsi olanlar üçün xüsusi maaş üstünlüyü yoxdur
Əməkhaqqı məsələsinə gəldikdə, mütəxəssis belə düşünür ki, burada hüquqi və praktik aspektləri bir-birindən ayırmaq vacibdir. Azərbaycan qanunvericiliyində magistr dərəcəsinə malik şəxslər üçün avtomatik əməkhaqqı əlavəsi və ya xüsusi maaş üstünlüyü nəzərdə tutulmur. Magistratura ali təhsilin ikinci səviyyəsi kimi məzuna daha dərin peşəkar, elmi-pedaqoji və tədqiqat fəaliyyəti ilə məşğul olmaq hüququ verir, lakin qanunvericilik diplomun özünə görə əməkhaqqının artırılmasını tələb etmir.
Bununla belə, bəzi dövlət qurumlarında, ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında və akademik vəzifələrdə magistr və ya doktorantura dərəcəsi müəyyən vəzifələrə qəbul üçün vacib şərtlərdən biri ola bilər. Belə hallarda əməkhaqqının daha yüksək olması diplomun özündən deyil, həmin vəzifənin daha yüksək peşə və məsuliyyət səviyyəsinə malik olmasından irəli gəlir”.
“Diplom müəyyən qapıları aça bilər, lakin həmin qapılardan uğurla keçmək üçün biliklər nəticəyə çevrilməlidir”
“Müasir HR yanaşmasına əsasən, əməkhaqqını müəyyən edən əsas faktor işçinin şirkətə və ya təşkilata verdiyi əlavə dəyərdir. Diplom namizəd üçün müəyyən qapıları aça bilər, lakin həmin qapılardan uğurla keçmək, peşəkar yüksəliş əldə etmək və yüksək gəlir qazanmaq üçün biliklərin nəticəyə çevrilməsi vacibdir.
Bu baxımdan magistratura təhsilini məqsəd deyil, peşəkar inkişafın tərkib hissəsi kimi qiymətləndirmək daha doğru yanaşmadır. Ən uğurlu peşəkarlar akademik bilikləri, praktiki təcrübəni və davamlı özünüinkişafı bir araya gətirən şəxslərdir. Məhz bu vəhdət uzunmüddətli karyera uğurunun və dayanıqlı peşəkar inkişafın əsasını təşkil edir”-V.Mehdiyeva vurğulayıb.
“Magistraturada oxuyan hər bir şəxsin mütləq iş tapacağını iddia etmək sadəlövh yanaşmadır”
İstanbul Universiteti Politologiya və beynəlxalq münasibətlər kafedrasının doktorantı Abdulla Xanayev isə “Azərbaycan müəllimi”nə qeyd edib ki, magistraturaya sadəcə bakalavrın mexaniki bir davamı kimi baxmaq bizi yanlış nəticələrə apara bilər:
“Akademik yanaşma bizə göstərir ki, magistratura təhsili fərdin insan kapitalını zənginləşdirən, ona daha strateji və analitik baxış bucağı qazandıran ciddi bir intellektual investisiyadır: “Bəli, bu mənada magistratura əmək bazarında mütləq bir üstünlük yaradır, amma bu üstünlük kağız üzərindəki dərəcədən yox, insanın qazandığı təfəkkür dərinliyindən qaynaqlanır. Bakalavr səviyyəsi tələbəyə sahənin əlifbasını və ümumi mənzərəsini vizuallaşdırırsa, magistratura onu konkret bir problemin həllinə yönəldir, dar sahədə ixtisaslaşdırır və böyük həcmli datalarla işləmək bacarığı verir. Müasir şirkətlər və dövlət qurumları rəhbər və ya analitik mövqelər üçün namizəd seçərkən məhz bu cür sistemli təfəkkürə sahib olan şəxslərə üstünlük verirlər.
Digər tərəfdən, iş dünyasının reallıqları ilə akademik nəzəriyyələr həmişə tam üst-üstə düşmür. Magistratura oxuyan hər bir şəxsin mütləq iş tapacağını iddia etmək bu günün əmək bazarı üçün olduqca sadəlövh bir yanaşma olardı. Çünki qlobal miqyasda olduğu kimi, Azərbaycanda da iş dünyası sürətlə diplom mərkəzli modeldən kompetensiya, yəni bacarıq mərkəzli modelə keçid edir”.
“İşəgötürəni namizədin neçə diplomunun olması maraqlandırmır”
A.Xanayev bildirib ki, işəgötürəni bugünkü gündə maraqlandıran namizədin neçə diplomunun olması yox, həmin diplomun arxasında hansı praktiki dəyərin dayanması və onun şirkətin problemlərini necə həll edəcəyidir:
“Əgər bir gənc beş-altı ilini yalnız nəzəriyyə oxumağa həsr edibsə, parallel olaraq heç bir təcrübə proqramında iştirak etməyibsə və ya müasir dünyanın tələb etdiyi çevik bacarıqları (rəqəmsal savadlılıq, xarici dil, effektiv kommunikasiya) inkişaf etdirməyibsə, magistr dərəcəsi belə onu rəqabətdə xilas etməyə bilər. Hətta bəzən iş dünyası tamamilə təcrübəsiz, lakin yüksək akademik dərəcəyə malik namizədləri işə götürməkdən çəkinir, çünki onları mövcud vakansiyalar üçün həddindən artıq ixtisaslaşmış (overqualified) hesab edir.
Yekun olaraq deyə bilərik ki, magistraturanı hər qapını açan sehrli bir açar kimi yox, fərdin öz karyera yolunda istifadə edə biləcəyi ən güclü alətlərdən biri kimi görməliyik. Gənclərimiz bu addımı sadəcə bir status xatirinə deyil, şüurlu və hədəfəyönəlik bir karyera addımı kimi atmalıdırlar”.




