“Maksimum nəticədən məni sadəcə bir sual ayırdı" - Kənd məktəbinin müəllimi
“Suallar gözlədiyim səviyyədə və proqrama uyğun idi. Təəccübləndirən və ya çərçivədən kənar heç bir sualla qarşılaşmadım”.
Bu fikirləri müəllimlərin sertifikasiya imtahanında yüksək nəticə göstərən Gədəbəy rayonu Qaradağ kənd Mehman Alıyev adına ümumi orta məktəbin təsviri incəsənət müəllimi və sinif rəhbəri kimi fəaliyyət göstərən Simarə Qubadzadə deyib.
O, sevincini “Azərbaycan müəllimi” ilə paylaşıb. Sertifikasiya imtahanında 59 bal toplayan Simarə müəllim nəticəsini öyrəndiyi an keçirdiyi hissləri belə xatırlayır: “Böyük bir qürur və sevinc hissi yaşadım. Maksimum nəticədən məni sadəcə bir sual ayırdı. Bu isə bilik çatışmazlığından deyil, iki variant arasında qalıb səhv seçim etməyimdən qaynaqlandı”.
Simarə müəllim uğurlu nəticənin arxasında məqsədyönlü hazırlıq dayandığını bildirir: “İmtahana aktiv şəkildə iki ay hazırlaşdım. Bu müddətdə mövzuları təkrar edir, testlər üzərində intensiv işləyirdim”.
Onun sözlərinə görə, imtahanda çətin hesab etdiyi xüsusi bir mövzu olmayıb: “Açığı, mənə çətin gələn konkret bir mövzu olmadı. Sadəcə bəzi məqamlarda iki cavab variantı arasında seçim etməkdə tərəddüd yaşadım”.
O, imtahan zamanı yaşadığı əsas narahatlıqdan da danışır: “Ən çox vaxt itkisi və bildiyim sualı ani diqqətsizlik ucbatından səhv qeyd etmək ehtimalı məni düşündürürdü. Lakin suallarla işlədikcə bu həyəcan tamamilə aradan qalxdı”.
Nəticəsinin əsas səbəblərindən danışarkən mövzuları məntiqlə mənimsəməyin vacibliyini vurğulayır: “Uğurun əsas səbəbi mövzuları əzbərləmək deyil, onların məntiqini anlamaqdır. Özümə olan inamım, məqsədyönlü çalışmağım və ailəmin mənə göstərdiyi mənəvi dəstək də bu nəticədə mühüm rol oynadı”.
Bir müəllim, sinif rəhbəri və ana kimi hazırlıq prosesinin müəyyən çətinliklər yaratdığını desə də, məqsədindən geri çəkilmədiyini bildirir: “Bu prosesi idarə etmək asan deyildi. Ancaq tapdığım hər boş dəqiqəni oxumağa və hazırlaşmağa sərf edirdim”.
Sertifikasiya nəticəsinin gələcək fəaliyyətinə mühüm təsir göstərəcəyinə inanan müəllim bu uğurun onun üçün yeni hədəflərə aparan bir motivasiya mənbəyinə çevrildiyini deyir: “Bu nəticə hər şeydən əvvəl peşəkar özünəinamımı və motivasiyamı daha da artırdı. Şagirdlərimin qarşısına daha böyük qürur hissi ilə çıxacağam. Bu uğur gələcək fəaliyyətimdə daha böyük hədəflərə doğru addımlamağım üçün mənə güclü stimul verir”.




