Mançester Universitetinə qəbul olan Şəmkir məktəblisi - “Yerli sənayenin inkişafına töhfə vermək istəyirəm”

22 Aprel, 2026 - 09:44
Mançester Universitetinə qəbul olan Şəmkir məktəblisi - “Yerli sənayenin inkişafına töhfə vermək istəyirəm”

Şəmkir şəhər Kimya və biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Hüseyn Quliyev dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunan və qlobal universitetlər reytinqində ilk 35-likdə yer alan Mançester Universitetinin “Kompüter elmləri” ixtisasına qəbul olub.

Hüseyn Quliyev Respublika Fənn Olimpiadasının bürünc medalçısıdır. Bundan əlavə, SAF 2023-də (Elm və Mühəndislik Sərgisi) gümüş medal qazanıb və VEX Robototexnika Respublika turnirində “Enerji mükafatı”na layiq görülüb. 

Hüseyn seçdiyi universitet barədə də fikirlərini bölüşüb: “Mançester Universitetini seçməyimin əsas səbəbi kompüter elmləri sahəsində güclü akademik bazaya malik olmasıdır. Bundan əlavə, universitetin çox keyfiyyətli tədris proqramları, geniş ixtisas seçimləri və tələbələr üçün güclü akademik və praktiki imkanlar təqdim etməsidir”.

Gəncin əsas məqsədlərindən biri Azərbaycanı beynəlxalq mühitdə layiqincə təmsil etmək, təhsilini tamamladıqdan sonra ölkənin aparıcı şirkətlərində çalışaraq yerli sənayenin inkişafına töhfə verməkdir:

"Gələcəkdə özümü texnologiya sahəsində, xüsusilə böyük layihələr və innovativ həllər üzərində çalışan bir mütəxəssis kimi görürəm.  8-ci sinifdən informatika ilə məşğul oluram və bu sahə artıq mənim əsas maraq və inkişaf istiqamətimə çevrilib. Xüsusilə alqoritmlər, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrinə böyük marağım var". 

Hüseyn qəbul prosesinə hazırlaşmağından dadanışır: “SAT və IELTS üçün əsasən onlayn resurslardan - praktik  testlər, yutub videoları və müxtəlif platformalardan istifadə etmişəm. Bundan əlavə, artıq bu imtahanları vermiş şagirdlərlə danışıb onların təcrübəsindən və məsləhətlərindən faydalanmışam. Bu mənə həm də səhvlərimi anlamaqda çox kömək etdi”.

Heç bir hazırlıq kursunun dəstəyi olmadan hazırlaşmağın mümkünlüyü barədə danışaraq qeyd edir: 

“Onlayn resurslar mənə bu prosesdə çox kömək oldu. Əlbəttə, əvvəlcə bir az çətin idi, amma zamanla özüm üçün uyğun sistem qurdum. Öz üzərində işləmək və düzgün materialları tapmaq burada əsas rol oynadı”.

Uğurun əsas amillərinə toxunan gənc deyir:

“Məncə, qəbul üçün ən vacib məqam yaxşı nəticələrdir. Yəni imtahanlardan yüksək bal toplamaq əsas faktorlardan biridir".

Xaricdə təhsil almaq istəyənlərə isə Hüseyn belə tövsiyə edir:

“Erkən başlasınlar və planlı şəkildə irəliləsinlər. Hər şeyi son ana saxlamamaq çox vacibdir. Eyni zamanda prosesi düzgün qurub ona uyğun irəliləsinlər, özlərinə güvənsinlər və yarıda dayandırmasınlar”.

Boş vaxtlarını necə dəyərləndirdiyini də bölüşən Hüseyn bildirir: “Boş vaxtlarımda dərsdən əlavə könüllü fəaliyyətlərlə, robotexnika yarışları ile məşğul olmuşam. Bu fəaliyyətlər həm mənə yeni təcrübələr qazandırıb, qəbulda mənə çox kömək edib”.

Qeyd edək ki, Mançester Universiteti dünya üzrə elmi tədqiqatları, innovativ yanaşmaları və güclü akademik mühiti ilə tanınır. Bu universitetdə təhsil almaq tələbələr üçün geniş imkanlar və beynəlxalq perspektivlər açır.