Masallı və Lənkəranda peşə təhsili ilə bağlı maarifləndirici görüşlər keçirilib

1 İyun, 2026 - 15:53
Masallı və Lənkəranda peşə təhsili ilə bağlı maarifləndirici görüşlər keçirilib

Peşəyönümü fəaliyyətlərinin əhatə dairəsinin genişləndirilməsi və region gənclərinin peşə təhsilinə marağının artırılması məqsədilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən bölgələrdə maarifləndirici görüşlər təşkil olunub. 

"Azərbaycan müəllimi" xəbər verir ki, mərkəzin Təhsilalanlar şöbəsinin əməkdaşları tərəfindən Masallı şəhər 1 və 2 nömrəli tam orta məktəblərində, “Dəfinə” liseyində, həmçinin Lənkəran şəhər 4, 6 və 8 nömrəli tam orta məktəblərində şagird və müəllim heyəti ilə görüşlər keçirilib. Masallı və Lənkəran şəhərlərində təşkil olunan görüşlərdə ümumilikdə 1 036 nəfər şagird iştirak edib.

Görüşlər zamanı iştirakçılara Mərkəzdə tədris olunan ixtisaslar, qəbul qaydaları, tədris prosesi, praktiki təlim imkanları və gələcək məşğulluq perspektivləri barədə ətraflı məlumat təqdim olunub. Bununla yanaşı, müasir əmək bazarının tələbləri, texniki və peşə təhsilinin strateji əhəmiyyəti, ixtisaslı kadr potensialına artan ehtiyac və düzgün peşə seçiminin fərdi karyera inkişafındakı rolu diqqətə çatdırılıb. 

Tədbirlər çərçivəsində Mərkəzdə formalaşdırılmış müasir tədris infrastrukturu, innovativ texnologiyalarla təchiz edilmiş emalatxanalar və praktiki təlim mühiti barədə təqdimatlar keçirilib. Eyni zamanda, sənaye müəssisələri və işəgötürən tərəfdaşlarla qurulan əməkdaşlıqlar, istehsalat təcrübəsi proqramları, dual təhsil imkanları və məzunların əmək bazarına uğurlu inteqrasiyası istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verilib. 

Qeyd olunub ki, regionlarda həyata keçirilən peşəyönümü fəaliyyətləri gənclərin peşə təhsilinə marağının artırılması, onların əmək bazarının tələblərinə uyğun ixtisaslara yönləndirilməsi və gələcək karyera planlamasının düzgün formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 

Məlumat üçün bildiririk ki, 2025-ci il üzrə bölgələrdən ümumilikdə 1 039 nəfər tələbə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olunub.