MDU-da akademik heyət üçün peşəkar təlimlər keçirilir
29–30 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə universitetin akademik heyəti üçün keyfiyyət təminatı, innovativ tədris metodları və tələbəyönümlü təhsil yanaşmalarına həsr olunmuş iki modul üzrə təlimlər keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlimlərin əsas məqsədi akademik heyətin peşəkar kompetensiyalarının inkişaf etdirilməsi, müasir pedaqoji yanaşmaların və innovativ təlim metodlarının tədris prosesinə inteqrasiyası, eləcə də tələbələrin fərdi öyrənmə ehtiyaclarını nəzərə alan inklüziv, əlçatan və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına dəstək göstərmək olub.
İki gün ərzində keçirilən təlimlərdə “Keyfiyyətyönümlü tədris: yeni təlim metodlarının tətbiqi təcrübələri” mövzusunda təlimçi qismində TKTA-nın Akkreditasiya və lisenziya şöbəsinin baş mütəxəssisi Aygün Verdiyeva çıxış edib.
Təlim zamanı ali təhsildə keyfiyyət təminatının əsas prinsipləri, müasir tədris metodlarının tətbiqi, təlim nəticələrinin səmərəli şəkildə əldə olunması və akademik fəaliyyətin davamlı təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Aygün Verdiyeva tədrisin keyfiyyətinin yüksəldilməsində innovativ pedaqoji yanaşmaların, interaktiv metodların və nəticəyönümlü təlim strategiyalarının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, akademik heyətin peşəkar inkişafının və qabaqcıl təcrübələrin tədris prosesinə inteqrasiyasının universitetdə keyfiyyət mədəniyyətinin möhkəmləndirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.
“Tələbəyönümlü təhsil ənənəsinin formalaşdırılması: öyrətmə, öyrənmə və qiymətləndirmə” mövzusunda təşkil olunan təlim isə TKTA-nın böyük məsləhətçisi Günay Məmmədovanın iştirakı ilə keçirilib. Görüşdə tələbəyönümlü təhsilin əsas prinsipləri, fərdi öyrənmə ehtiyaclarının nəzərə alınması, tədris prosesində tələbə fəallığının artırılması və müasir qiymətləndirmə yanaşmaları müzakirə edilib.
Günay Məmmədova tələbələrin təhsil prosesinin fəal iştirakçısına çevrilməsinin, onların tənqidi və yaradıcı düşünmə, müstəqil öyrənmə, problem həll etmə və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib. Həmçinin şəffaf və obyektiv qiymətləndirmə mexanizmlərinin tətbiqi, konstruktiv əks-əlaqənin təmin olunması və bərabər öyrənmə imkanlarının yaradılmasının keyfiyyətli ali təhsilin mühüm şərtlərindən olduğu vurğulanıb.
Hər iki modul interaktiv formatda təşkil olunub. İştirakçılar təqdim olunan mövzular ətrafında müzakirələr aparıb, praktiki nümunələri nəzərdən keçirib və qarşılıqlı təcrübə mübadiləsi vasitəsilə əldə etdikləri biliklərin tədris prosesində tətbiqi imkanlarını dəyərləndiriblər.
Təlimlər akademik heyətin davamlı peşəkar inkişafının dəstəklənməsi, təhsildə innovativ yanaşmaların təşviqi, inklüzivliyin və bərabər imkanların gücləndirilməsi, eləcə də institusional keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyıb. Bununla yanaşı, müasir tədris metodlarının tətbiqi, rəqəmsal və interaktiv öyrənmə imkanlarından səmərəli istifadə, təhsil resurslarına məsuliyyətli yanaşma və davamlı öyrənmə mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində yeni imkanların nəzərdən keçirilməsinə şərait yaradıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, akademik heyətin pedaqoji və peşəkar səriştələrinin gücləndirilməsi, tələbə məmnunluğunun artırılması və müasir standartlara uyğun, inklüziv və tələbəyönümlü ali təhsil mühitinin inkişaf etdirilməsi universitetin strateji prioritetləri sırasında mühüm yer tutur. Bu istiqamətdə müvafiq fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.




