MDU ilə Gürcüstan Texniki Universiteti arasında əməkdaşlıq müzakirə olunub

10 İyul, 2026 - 15:11
MDU ilə Gürcüstan Texniki Universiteti arasında əməkdaşlıq müzakirə olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyətinin Gürcüstan Texniki Universitetinə səfəri çərçivəsində iki ali təhsil müəssisəsi arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin hazırlanması və idarə olunması, rəqəmsal texnologiyalar sahəsində təcrübə mübadiləsi, Dayanıqlı İnkişaf Məqsədləri üzrə ortaq təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq reytinq göstəricilərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, səfərin əsas məqsədi Mingəçevir Dövlət Universiteti ilə Gürcüstan Texniki Universiteti arasında formalaşan tərəfdaşlığın konkret fəaliyyət istiqamətləri ilə zənginləşdirilməsi, universitetlərin akademik, elmi və texnoloji potensialının əlaqələndirilməsi, eləcə də uzunmüddətli və nəticəyönümlü əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirilməsi olub.

Görüşlərdə Mingəçevir Dövlət Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Samirə Əhmədova, İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva və layihələr üzrə koordinator Aynur Araz təmsil ediblər.

Müzakirələr zamanı beynəlxalq layihələrin hazırlanması və idarə olunması üçün ortaq koordinasiya mexanizminin yaradılmasına xüsusi diqqət yetirilib. Qeyd olunub ki, beynəlxalq proqram və qrantlara uğurlu müraciət üçün layihə komandalarının düzgün formalaşdırılması, tərəflər arasında vəzifə bölgüsünün əvvəlcədən müəyyənləşdirilməsi, məsul şəxslərin təyin olunması və fəaliyyətlərin vahid iş planı əsasında əlaqələndirilməsi mühüm əhəmiyyət daşıyır.

Bu istiqamətdə birgə layihə qruplarının yaradılması, universitetlərin mövcud resurs və imkanlarının qiymətləndirilməsi, layihə ideyalarının qarşılıqlı şəkildə paylaşılması, iş bölgüsünün aparılması və təşkilati məsələlərin koordinasiyası üzrə təcrübə mübadiləsi məqsədəuyğun hesab edilib.

Görüşdə Dayanıqlı İnkişaf Məqsədləri üzrə əməkdaşlıq perspektivləri də müzakirə olunub. Universitetlərin tədris və elmi tədqiqat fəaliyyəti ilə yanaşı, sosial məsuliyyət, yaşıl kampus, enerji səmərəliliyi, ekoloji dayanıqlılıq, inklüzivlik, innovasiya və cəmiyyətlə qarşılıqlı əlaqə istiqamətlərində də sistemli fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.

Tərəflər Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətlərin sistemləşdirilməsi, universitetlərdə müvafiq işçi qruplarının yaradılması, həyata keçirilən tədbir və layihələrin konkret dayanıqlı inkişaf hədəfləri ilə əlaqələndirilməsi, eləcə də əldə olunan nəticələrin beynəlxalq platformalarda daha effektiv təqdim edilməsi sahəsində təcrübə mübadiləsinə hazır olduqlarını bildiriblər.

Müzakirələrin əsas istiqamətlərindən biri də universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi olub. QS World University Rankings, Times Higher Education və digər beynəlxalq qiymətləndirmə sistemləri üzrə məlumatların toplanması və təqdim edilməsi, akademik və işəgötürən reputasiyasının inkişaf etdirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, birgə nəşrlərin sayının artırılması və tədqiqat nəticələrinin beynəlxalq auditoriyaya çatdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Gürcüstan Texniki Universitetinin nümayəndələri universitetin müxtəlif beynəlxalq reytinq sistemləri ilə işlədiyini və bu istiqamətdə fəaliyyətlərin sistemli şəkildə təşkil olunduğunu diqqətə çatdırıblar. QS reytinq göstəricilərinin inkişaf etdirilməsi, beynəlxalq sorğularda iştirak səviyyəsinin artırılması, akademik tərəfdaşların və işəgötürənlərin prosesə cəlb olunması gələcək əməkdaşlığın mühüm istiqamətləri kimi qiymətləndirilib.

Tərəflər beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulmasında institusional və etik kommunikasiya prinsiplərinin qorunmasının vacibliyini də vurğulayıblar. Bildirilib ki, potensial tərəfdaş universitetlərlə əməkdaşlıq ilkin mərhələdə ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr strukturları arasında rəsmi yazışmalar vasitəsilə qurulmalı, əməkdaşlıq istiqamətləri və qarşılıqlı gözləntilər əvvəlcədən müəyyənləşdirilməlidir.

Qarşılıqlı etimad formalaşdıqdan sonra əlaqələrin aidiyyəti fakültələr, kafedralar, tədqiqat institutları, layihə rəhbərləri və akademik heyət üzvləri səviyyəsində davam etdirilməsinin daha səmərəli olduğu qeyd edilib. Mövcud beynəlxalq tərəfdaş şəbəkələrindən qarşılıqlı faydalanılması, kontaktların institusional maraqlar və etik prinsiplər nəzərə alınmaqla paylaşılması, yeni tərəfdaşların isə akademik nüfuz, elmi potensial və strateji uyğunluq baxımından əvvəlcədən qiymətləndirilməsi vacib hesab olunub.

Səfər çərçivəsində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Gürcüstan Texniki Universitetinin informasiya texnologiyaları sahəsi üzrə rəhbər və əməkdaşları ilə də görüşüb.

Görüşdə informasiya texnologiyaları və kompüter mühəndisliyi üzrə tədris proqramlarının inkişaf etdirilməsi, birgə elmi tədqiqatların aparılması, akademik heyət və tələbə mübadiləsi, laboratoriya imkanlarından qarşılıqlı istifadə və texnoloji layihələrin hazırlanması perspektivləri nəzərdən keçirilib.

Nümayəndə heyəti Gürcüstan Texniki Universitetinin müvafiq laboratoriyalarında yaradılmış elmi-tədqiqat və tədris infrastrukturu ilə yaxından tanış olub. Big Data, rəqəmsal əkizlər, Əşyaların İnterneti – IoT, kompüter şəbəkələri, məlumatların emalı, hesablama sistemləri və server arxitekturası üzrə istifadə edilən texnologiyalar, laboratoriya avadanlıqları və tətbiq olunan tədris metodları haqqında ətraflı məlumat verilib.

Tərəflər Big Data analitikası, süni intellekt, rəqəmsal əkizlər, IoT əsaslı idarəetmə sistemləri, kibertəhlükəsizlik, kompüter şəbəkələri və server infrastrukturu üzrə birgə tədris modullarının, sertifikat proqramlarının, yay məktəblərinin və tətbiqi tədqiqat layihələrinin hazırlanmasını perspektivli əməkdaşlıq istiqamətləri kimi qiymətləndiriblər.

Rəqəmsal əkiz texnologiyalarının energetika, sənaye, şəhər infrastrukturu və universitet idarəçiliyində tətbiqi, IoT sensorları vasitəsilə məlumatların toplanması, böyük verilənlər əsasında proqnozlaşdırma modellərinin hazırlanması və hesablama resurslarının səmərəli idarə olunması üzrə birgə fəaliyyət imkanları xüsusi maraq doğurub.

Mingəçevir Dövlət Universitetinin nümayəndələri Gürcüstan Texniki Universitetinin Hesablama Resursları Muzeyini də ziyarət ediblər. Muzeydə hesablama texnikasının və informasiya texnologiyalarının müxtəlif inkişaf mərhələlərini əks etdirən tarixi avadanlıqlar, texnoloji nümunələr və eksponatlarla tanışlıq olub.

Muzeyin texnoloji irsin qorunması, tələbələrin informasiya texnologiyalarının tarixi inkişaf mərhələləri ilə tanış edilməsi və tədris prosesinin praktik nümunələrlə zənginləşdirilməsi baxımından əhəmiyyəti yüksək qiymətləndirilib.

Səfər çərçivəsində Gürcüstan Texniki Universitetinin Beynəlxalq əlaqələr departamentinin əməkdaşları Lela Chikovani, Tea Murvanidze və Georgi Mikiaşvili ilə də görüş keçirilib.

Görüşdə iki universitet arasında beynəlxalq əlaqələrin institusional əsasda inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin təşkili, müəllim və tələbə mübadiləsi, birgə konfransların, seminarların və yay məktəblərinin keçirilməsi, beynəlxalq qrant proqramlarına konsorsium şəklində müraciətlərin hazırlanması, eləcə də QS və digər qlobal reytinq göstəricilərinin inkişaf etdirilməsi üzrə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Qara Dəniz Hövzəsi proqramları və digər beynəlxalq maliyyələşmə mexanizmləri çərçivəsində energetika, informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal transformasiya, yaşıl texnologiyalar və dayanıqlı inkişaf sahələrində birgə layihələrin hazırlanması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Müzakirələrdə Gürcüstan Texniki Universitetinin 13 kampusa və 23 minə yaxın tələbəyə malik olduğu, universitetdə ümumilikdə 1200-ə yaxın əməkdaşın çalışdığı bildirilib. Universitetin geniş akademik, elmi və texnoloji potensialının iki ali təhsil müəssisəsi arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.

Səfər çərçivəsində aparılan müzakirələr Mingəçevir Dövlət Universiteti ilə Gürcüstan Texniki Universiteti arasında əməkdaşlığın yeni mərhələyə keçməsi, tərəfdaşlığın konkret layihə və təşəbbüslərlə zənginləşdirilməsi, tədris proqramlarının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, müasir texnologiyaların tədris və tədqiqat prosesinə inteqrasiyası, eləcə də hər iki universitetin beynəlxalq görünürlüğünün və rəqabətqabiliyyətliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tərəflər müzakirə olunan istiqamətlər üzrə konkret fəaliyyət planının hazırlanması, birgə işçi qruplarının yaradılması və qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlığın davam etdirilməsi barədə ümumi mövqe ifadə ediblər.

MDU ilə Gürcüstan Texniki Universiteti arasında əməkdaşlıq müzakirə olunub
MDU ilə Gürcüstan Texniki Universiteti arasında əməkdaşlıq müzakirə olunub
MDU ilə Gürcüstan Texniki Universiteti arasında əməkdaşlıq müzakirə olunub
MDU ilə Gürcüstan Texniki Universiteti arasında əməkdaşlıq müzakirə olunub
MDU ilə Gürcüstan Texniki Universiteti arasında əməkdaşlıq müzakirə olunub