Prorektor: Yeni stimullaşdırma sistemi akademik mükəmməlliyə xidmət edir
Mingəçevir Dövlət Universitetində professor-müəllim heyətinin fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin tətbiqi ali təhsildə nəticəyönümlü idarəetmə və akademik fəaliyyətin obyektiv qiymətləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.
Bu barədə Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan ali təhsilində son illərdə həyata keçirilən islahatların əsas istiqamətlərindən biri universitetlərdə keyfiyyətə, nəticəyə və şəffaf qiymətləndirməyə əsaslanan idarəetmə mexanizmlərinin tətbiqidir. Bu baxımdan MDU-da professor-müəllim heyətinin fəaliyyətinin stimullaşdırılması sistemi universitetin strateji inkişaf hədəflərinə xidmət edən mühüm yeniliklərdən biridir.
Natəvan Namazova qeyd edib ki, yeni qaydaların əsas məqsədi müəllimlərin yalnız tədris fəaliyyətini deyil, eyni zamanda elmi-tədqiqat, layihə, innovasiya və peşəkar inkişaf istiqamətlərində əldə etdikləri nəticələri də qiymətləndirməkdir. Bu yanaşma akademik heyətin əməyinin daha ədalətli dəyərləndirilməsinə, əməkhaqqının diferensiallaşdırılması yolu ilə daha yüksək nəticələrə stimul yaradılmasına imkan verir.
“Eyni maaş, fərqli nəticə” yanaşmasından imtina
Prorektor bildirib ki, uzun illər ali təhsil müəssisələrində eyni vəzifədə çalışan əməkdaşların əməkhaqqı əsasən oxşar prinsiplərlə müəyyənləşdirilib. Halbuki onların elmi nəşrləri, beynəlxalq layihələrdə iştirakı, patent fəaliyyəti, akademik inkişaf göstəriciləri və universitetin elmi nüfuzuna verdikləri töhfələr fərqli olub.
MDU-da tətbiq olunan yeni sistem məhz bu fərqlərin obyektiv şəkildə nəzərə alınmasına şərait yaradır. Artıq əməkdaşın əldə edəcəyi əlavə ödəniş onun real akademik nəticələrinə əsaslanacaq. Bu isə universitet daxilində sağlam rəqabət mühitinin formalaşmasına, elmi məhsuldarlığın artmasına və akademik fəaliyyətin daha sistemli şəkildə təşviqinə xidmət edəcək.
Beynəlxalq təcrübəyə uyğun model
Natəvan Namazovanın sözlərinə görə, yeni qaydalar Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarına, eləcə də ölkədə ali təhsilin inkişafı üzrə dövlət strategiyalarına uyğun hazırlanıb. Sistemin əsas prioritetləri sırasında elmi-tədqiqat potensialı yüksək olan akademik heyətin dəstəklənməsi, universitetin beynəlxalq elmi görünürlüğünün artırılması və beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi dayanır.
“Bu yanaşma dünyanın aparıcı universitetlərində tətbiq olunan performans əsaslı akademik qiymətləndirmə modelinə uyğundur. Məqsəd sadəcə müəllimin fəaliyyətini ölçmək deyil, onun inkişafını təşviq etmək, daha məhsuldar akademik mühit formalaşdırmaqdır”, – deyə prorektor vurğulayıb.
Hansı fəaliyyətlər qiymətləndiriləcək?
Yeni stimullaşdırma sistemində akademik heyətin fəaliyyəti bir neçə əsas istiqamət üzrə qiymətləndiriləcək. Bunlara beynəlxalq və milli patentlər, beynəlxalq və milli layihələrdə iştirak, “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda elmi məqalələr, beynəlxalq indekslənən konfrans materiallarında dərc olunmuş tezislər, nüfuzlu beynəlxalq nəşriyyatlarda çap edilmiş kitab və kitab fəsilləri, MDU qrifli dərslik və dərs vəsaitləri, həmçinin beynəlxalq dil və peşəkar sertifikatlar daxildir.
Bu yanaşma akademik fəaliyyətin yalnız bir istiqamətinə deyil, bütün əsas komponentlərinə diqqət yetirir. Beləliklə, müəllimin tədris, tədqiqat, layihə, innovasiya və peşəkar inkişaf fəaliyyəti kompleks şəkildə dəyərləndiriləcək.
Elmi nəşrlər, layihələr və patentlər xüsusi önə çıxarılır
Sistemdə beynəlxalq indeksli elmi nəşrlərə xüsusi üstünlük verilir. Bu, MDU-nun beynəlxalq elmi görünürlüğünün artırılmasına, əməkdaşların daha nüfuzlu jurnallarda nəşr olunmağa təşviq edilməsinə və universitetin elmi göstəricilərinin gücləndirilməsinə yönəlib.
Eyni zamanda, layihə və patent fəaliyyəti də yeni sistemdə mühüm yer tutur. Prorektor bildirib ki, müasir universitet yalnız tədris prosesi və elmi məqalələrlə məhdudlaşmamalıdır. Elmi ideyaların layihələrə, layihələrin isə innovativ həllərə çevrilməsi ali təhsil müəssisələrinin inkişafında əsas istiqamətlərdən biridir.
Bu mexanizm MDU əməkdaşlarının qrant layihələrində, innovasiya təşəbbüslərində və tətbiqyönümlü tədqiqatlarda daha fəal iştirakını stimullaşdıracaq.
Beynəlxalq sertifikatlar akademik üstünlük yaradacaq
Yeni qaydalara əsasən, IELTS, TOEFL, PMP, ACCA, CFA, TESOL, CELTA kimi beynəlxalq səviyyədə tanınan sertifikatlara malik əməkdaşlar da əlavə akademik üstünlük əldə edəcəklər. Bu yanaşma müəllimlərin peşəkar inkişafını, xarici dil bacarıqlarının artırılmasını və beynəlxalq standartlara uyğun kompetensiyalar qazanmasını təşviq edir.
Natəvan Namazova qeyd edib ki, bu sistem ali təhsil müəssisəsində performansa əsaslanan motivasiya mexanizminin real tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Ən yaxşı nəticə göstərən əməkdaşlar daha çox stimullaşdırılacaq və bu, akademik heyət arasında nəticəyə əsaslanan sağlam rəqabəti gücləndirəcək.
Universitet üçün gözlənilən nəticələr
Prorektorun sözlərinə görə, sistemin tətbiqi MDU-da beynəlxalq elmi nəşrlərin sayının artmasına, qrant layihələrinə cəlb olunan əməkdaşların çoxalmasına, patent və innovasiya fəaliyyətinin genişlənməsinə, beynəlxalq sertifikatlı müəllimlərin sayının yüksəlməsinə, universitetin reytinq göstəricilərinin yaxşılaşmasına və tələbələrin daha güclü akademik mühitdə təhsil almasına imkan yaradacaq.
“Əslində bu dəyişiklik yalnız əməkhaqqı mexanizmi deyil. Bu, universitetdə yeni akademik mədəniyyətin formalaşdırılması istiqamətində atılan mühüm addımdır. Məqsəd daha çox çalışan, daha çox araşdıran, daha çox yaradan və beynəlxalq elmi məkanda universiteti layiqincə təmsil edən müəllimlərin əməyini obyektiv şəkildə qiymətləndirməkdir”, – deyə Natəvan Namazova bildirib.
Şəffaflıq və ədalət əsas prinsip kimi müəyyənləşdirilib
Yeni qaydalar çərçivəsində xüsusi komissiyanın fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Bütün sənədlər elektron sistem vasitəsilə təqdim olunacaq, nəticələr rəqəmsal platforma üzərindən formalaşdırılacaq. Əməkdaşlar qəbul edilən qərarlardan narazı qaldıqları halda müəyyən olunmuş müddət ərzində apellyasiya hüququndan istifadə edə biləcəklər.
Artıq əməkdaşlar öz akademik fəaliyyətlərinə dair məlumatları sistemə daxil edə bilirlər. 2026-cı ilin yekunları əsasında universitet tarixində ilk dəfə akademik reytinq siyahısının formalaşdırılması planlaşdırılır. ASİS – Akademik Stimullaşdırma və İndeksləmə Sistemi adlandırılan platforma vasitəsilə MDU-da çalışan akademik heyətin hər bir üzvü qeydiyyatdan keçərək reytinqdə iştirak edə biləcək.
Natəvan Namazova vurğulayıb ki, MDU-nun rektoru Anar Eminovun rəhbərliyi ilə həyata keçirilən bu yenilik universitetin inkişaf strategiyasında müəyyən edilmiş əsas prioritetlərdən biri olan akademik mükəmməlliyin təşviqinə xidmət edir. Sistem eyni zamanda universitet əməkdaşlarını daha çox elmi araşdırma aparmağa, beynəlxalq layihələrdə iştirak etməyə və MDU-nun dünya elmi məkanında mövqeyinin gücləndirilməsinə töhfə verməyə həvəsləndirəcək.
2026-cı ilin nəticələri üzrə formalaşacaq ilk akademik reytinqin gələn ilin əvvəlində elan olunması gözlənilir. Bu isə hər bir əməkdaşın il ərzində əldə etdiyi nəticələrin şəffaf, obyektiv və ölçüləbilən meyarlar əsasında qiymətləndirilməsi üçün yeni imkanlar yaradacaq.
Beləliklə, Mingəçevir Dövlət Universitetində professor-müəllim heyətinin fəaliyyətinin stimullaşdırılması sistemi universitetin inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, ölkə ali təhsilində nəticəyönümlü idarəetmə modelinin uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər.




