MDU-nun tələbələri PUA hazırlayacaqlar - YENİ ANLAŞMA
Mingəçevir Dövlət Universiteti innovasiya yönümlü inkişaf strategiyasına uyğun olaraq pilotsuz uçuş aparatları sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm addım atıb. Universitet bu istiqamətdə Türkiyənin iki aparıcı ali təhsil müəssisəsi – Orta Doğu Texnik Universiteti və OSTİM Texnik Universiteti ilə əməkdaşlığa başlayır. Yeni əməkdaşlıq regionda yüksək texnologiyalar sahəsinin inkişafı, mühəndislik təhsilinin praktik əsaslarla gücləndirilməsi və pilotsuz uçuş aparatlarının hazırlanması istiqamətində real nəticələr vəd edir.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata əsasən, onların təşəbbüsü ilə irəli sürülmüş “Beynəlxalq İHA Texnologiyaları İnkişafı Layihəsi” çərçivəsində hər iki universitet tərəfindən əməkdaşlıq təklifi müsbət qarşılanıb və birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Bu əməkdaşlıq yalnız formal tərəfdaşlıq deyil, həm də konkret nəticələrə hesablanmış birgə fəaliyyət modelini özündə ehtiva edir.
Layihə çərçivəsində tərəfdaş universitetlər akademik heyət və tələbə səviyyəsində dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Plana əsasən, həm MDU-nun əməkdaşları, həm də müvafiq sahə üzrə potensialı olan tələbələr proqramda iştirak edəcəklər. Bu yanaşma universitetin yalnız nəzəri biliklə kifayətlənməyən, eyni zamanda tətbiqi mühəndislik sahəsində bacarıqlı kadrlar yetişdirməyə yönəlmiş strateji xəttinin davamı kimi dəyərləndirilir.
Əməkdaşlığın diqqətçəkən tərəflərindən biri də mühəndislik profilli tələbələrin Türkiyəyə göndərilməsi ilə bağlıdır. Belə ki, MDU-nun “Elektrik və elektronika mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “İnformasiya təhlükəsizliyi” və “Nəqliyyat mühəndisliyi” ixtisaslarında təhsil alan, proqrama seçilmiş tələbələri və akademik heyəti Türkiyənin adıçəkilən universitetlərində təşkil olunacaq qısamüddətli təlim və inkişaf proqramlarında iştirak edəcəklər. May ayında keçirilməsi nəzərdə tutulan bu proqramlar çərçivəsində iştirakçılar pilotsuz uçuş aparatları texnologiyaları sahəsində praktiki bilik və bacarıqlar əldə edəcəklər.
Bu proqramların əsas məqsədi tələbələrin və gənc mütəxəssislərin müasir texnoloji proseslərlə yaxından tanış olmasını təmin etmək, onları gələcəkdə regionda formalaşdırılması nəzərdə tutulan texnoloji mühitin aparıcı iştirakçılarına çevirməkdir. Xüsusilə pilotsuz uçuş aparatlarının hazırlanması, idarə olunması, texniki parametrlərinin öyrənilməsi və bu sahədə innovativ həllərin tətbiqi baxımından qazanılacaq təcrübənin MDU üçün mühüm əhəmiyyət daşıdığı bildirilir.
Layihə çərçivəsində tərəfdaş universitetlərin ixtisaslaşmış akademik heyətinin də prosesə cəlb olunması planlaşdırılır. Eyni zamanda birgə elmi-tədqiqat fəaliyyətinin təşkili, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, müasir mühəndislik həllərinin universitet mühitinə inteqrasiyası nəzərdə tutulur. Bu əməkdaşlıq modeli universitetlər arasında akademik körpü yaratmaqla yanaşı, regionda yüksək texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının hazırlanması istiqamətində praktik nəticələrin əldə olunmasına da zəmin yaradacaq.



