Media savadlılığının perspektivləri müzakirə olunub
“Rəqəmsallaşma, süni intellekt və media savadlılığı” mövzulu konfrans çərçivəsində “Media savadlılığı haradan başlayır? Müxtəlif perspektivlərdən baxış” mövzusunda intensiv müzakirə təşkil edilib.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, teleaparıcı Urfan Məmmədlinin moderatorluğu ilə keçirilən müzakirədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, “Azerconnect Group”un Korporativ kommunikasiyalar departamentinin direktoru Əziz Axundov, həmçinin influenser və “Nextool AI” şirkətinin təsisçisi Cəfər Nəcəfov spiker qismində çıxış ediblər.
Müzakirə zamanı media savadlılığının erkən yaşlardan formalaşdırılmasının əhəmiyyəti, gənclərin rəqəmsal mühitdə düzgün informasiya davranışlarının təşviqi, dövlət qurumları, özəl sektor və media subyektləri arasında bu sahədə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Spikerlər media savadlılığının yalnız informasiyanın düzgün seçilməsi deyil, həm də rəqəmsal platformalarda məsuliyyətli davranış, tənqidi düşüncə və informasiya təhlükəsizliyi bacarıqlarının formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbir zamanı həmçinin media savadlılığı mövzusunda təşkil olunan intellektual yarışın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Konfrans “Haber Global”ın rəqəmsal platforması “Gloob”un redaktoru Burak Manavın “Süni intellekt çağında texnologiya, informasiya və oxuyucu dəyər zənciri” mövzusunda TEDTalk formatında çıxışı ilə davam edib. Burak Manav süni intellekt texnologiyalarının media istehsalına təsiri, informasiya dəyərinin qorunması və oxuyucu ilə media arasında etibarlı əlaqənin formalaşdırılması məsələlərindən danışıb.


