Məhkəmə ekspertizasında yeni mərhələ: elm, təhsil və təcrübə bir arada – MÜSAHİBƏ

20 İyul, 2026 - 12:50
Məhkəmə ekspertizasında yeni mərhələ: elm, təhsil və təcrübə bir arada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 dekabr 2025-ci il tarixli 844 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya" ölkədə məhkəmə ekspertizası sisteminin müasir çağırışlara uyğun inkişafını müəyyən edən strateji yol xəritəsidir. Konsepsiyada qarşıya qoyulan əsas hədəflərdən biri elmin, təhsilin və praktiki fəaliyyətin qarşılıqlı inteqrasiyasının gücləndirilməsi, peşəkar insan kapitalının formalaşdırılması və məhkəmə ekspertizasının elmi potensialının daha da inkişaf etdirilməsidir.

Bu istiqamətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 2026-cı ilin iyun ayında ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb. Yeni əməkdaşlıq modeli gələcəyin məhkəmə ekspertlərinin hazırlanmasını, elmi-tədqiqatların təşviqini, ekspert fəaliyyətinin metodoloji bazasının zənginləşdirilməsini və innovativ yanaşmaların tətbiqini nəzərdə tutur.

Bu əməkdaşlığın mahiyyəti, qarşıya qoyulan məqsədlər, gözlənilən nəticələr və məhkəmə ekspertizasının inkişaf perspektivləri barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-metodiki iş və təlim idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Aysel Kişiyeva ilə söhbətləşdik.

– Aysel xanım, ali təhsil müəssisələri ilə əməkdaşlığın əsas məqsədi nədir?

– Məhkəmə ekspertizasının inkişafı yalnız texniki imkanların artırılması ilə məhdudlaşmır. Burada əsas prioritetlər yüksəkixtisaslı kadrların hazırlanması, elmi bazanın gücləndirilməsi və nəzəri biliklərin praktik fəaliyyətlə birləşdirilməsidir. Ali təhsil müəssisələri ilə əməkdaşlıq da məhz bu strateji məqsədə xidmət edir.

Biz universitetlərin elmi potensialını mərkəzin praktiki təcrübəsi ilə birləşdirərək davamlı əməkdaşlıq modeli formalaşdırmağa çalışırıq. Bu model elm, təhsil və ekspert fəaliyyətini vahid sistemdə bir araya gətirməklə məhkəmə ekspertizasının dayanıqlı inkişafına töhfə verəcək.

Əməkdaşlıq memorandumları çərçivəsində tələbələrin istehsalat təcrübəsi, seçmə fənlərin tədrisi, birgə elmi-tədqiqatlar, metodiki materialların hazırlanması, magistr və doktorantların elmi fəaliyyətinə dəstək və ekspertlər üçün ixtisasartırma proqramları nəzərdə tutulub. Məqsəd ayrı-ayrı layihələrin icrası deyil, uzunmüddətli institusional əməkdaşlıq sisteminin qurulmasıdır.

– Ali təhsil müəssisələrinin seçimi hansı prinsiplərə əsaslanıb?

– Məhkəmə ekspertizası hüquq, mühəndislik, kimya, biologiya, fizika, IT və digər sahələrin inteqrasiyasına əsaslanan multidisiplinar elm sahəsidir. Buna görə də məhkəmə eksperti yalnız öz ixtisas sahəsini bilməklə kifayətlənməməli, müxtəlif elm sahələri arasında əlaqə qurmağı bacarmalıdır.

Universitetlərlə əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Universitetlər fundamental elmin formalaşdığı mühit, mərkəz isə həmin biliklərin praktikaya tətbiq olunduğu platformadır. Bu əməkdaşlıq elmi nəticələrin praktik tətbiqini sürətləndirir və ekspertiza metodlarının müasirləşdirilməsinə imkan yaradır.

Universitetlərin seçimində onların ixtisaslaşma sahəsi əsas götürülüb. Azərbaycan Texniki Universiteti texniki və rəqəmsal ekspertiza istiqamətləri üzrə, Azərbaycan Memarlıq və İnşaat Universiteti tikinti və mühəndislik ekspertizası üzrə, Bakı Dövlət Universiteti isə fundamental elmlər və kriminalistik ekspertizalar istiqamətləri üzrə əməkdaşlıq üçün seçilib. Eyni zamanda elmi potensial, laboratoriya infrastrukturu və beynəlxalq əlaqələr də nəzərə alınıb.

– Əməkdaşlıq memorandumları çərçivəsində hansı əsas layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

– İmzalanan memorandumlar konkret fəaliyyət istiqamətlərini əhatə edən əməkdaşlıq mexanizmidir. Buraya tələbələrin praktiki hazırlığı, elmi-tədqiqatların aparılması, metodiki sənədlərin hazırlanması və birgə elmi tədbirlərin təşkil edilməsi daxildir.
Xüsusilə birgə elmi-tədqiqatların aparılması və metodoloji bazanın inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki ekspertiza fəaliyyətinin keyfiyyəti birbaşa elmi əsasların gücü ilə bağlıdır. Bu əməkdaşlıq elmi nəticələrin praktikaya daha sürətli transferini təmin edir və ekspertiza metodlarının daim yenilənməsinə şərait yaradır.

Eyni zamanda elmi konfranslar, seminarlar və beynəlxalq təcrübənin öyrənilməsi bu sistemin ayrılmaz hissəsidir. Əsas hədəf real nəticələr verən institusional sistemin formalaşdırılmasıdır.  

– Hazırda üzərində işlədiyiniz “Məhkəmə ekspertizası ensiklopediyası” layihəsinin əhəmiyyəti nədən ibarətdir?

– Bu layihənin əsas məqsədi məhkəmə ekspertizasına dair biliklərin sistemləşdirilməsi və vahid elmi mənbədə ümumiləşdirilməsidir. Ensiklopediya məhkəmə ekspertizası sahəsində terminologiyanın, metodların və nəzəri yanaşmaların elmi əsaslarla təqdim olunmasını təmin edəcək.

Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin bu layihədə iştirakı xüsusi əhəmiyyət daşıyır. Universitetlər nəzəri elmin formalaşdığı mühitdir, ekspertlər isə bu bilikləri praktikada tətbiq edən mütəxəssislərdir. Bu iki yanaşmanın birləşməsi ensiklopediyanın elmi dərinliyini və tətbiqi əhəmiyyətini artırır.

Uzunmüddətli perspektivdə bu nəşr məhkəmə ekspertizası sahəsində əsas elmi istinad mənbələrindən birinə çevriləcək və milli elmi məktəbin formalaşmasına xidmət edəcək.

– Elmi-metodiki iş və təlim idarəsinin rolu və əməkdaşlığın gələcək perspektivləri necə qiymətləndirilir?

– Elmi-metodiki iş və təlim idarəsi bu əməkdaşlıq modelinin koordinasiyasını həyata keçirir, təlimlərin təşkili, elmi tədbirlərin keçirilməsi və birgə layihələrin icrasını təmin edir.

İdarənin fəaliyyəti yalnız təşkilati koordinasiya ilə məhdudlaşmır. Başlıca vəzifələrdən biri elm, təhsil və praktika arasında real inteqrasiyanın yaradılması, bilik və təcrübənin qarşılıqlı mübadiləsinə əsaslanan dinamik sistemin qurulmasıdır.

Uzunmüddətli perspektivdə bu model yeni nəsil ekspertlərin hazırlanmasına, elmi-tədqiqatların praktikaya inteqrasiyasına və metodoloji bazanın gücləndirilməsinə şərait yaradacaq. Eyni zamanda ölkənin beynəlxalq elmi mühitdə mövqeyinin güclənməsinə xidmət edəcək.

– Sonda gənclərə hansı tövsiyələri verərdiniz?

– Məhkəmə ekspertizası yüksək məsuliyyət, obyektivlik və etik davranış tələb edən sahədir. Bu peşədə uğur qazanmaq üçün yalnız akademik biliklər kifayət etmir. Xarici dillərin öyrənilməsi, rəqəmsal bacarıqlar, elmitədqiqat vərdişləri və beynəlxalq təcrübənin izlənilməsi vacibdir.

Bu sahədə peşəkar inkişaf davamlı öyrənmə və öz üzərində işləməyi tələb edir. Ali təhsil müəssisələri ilə qurulan əməkdaşlığın əsas məqsədi də məhz bu cür mütəxəssislərin hazırlanmasına şərait yaratmaqdır. Hədəfimiz ondan ibarətdir ki, tələbələr hələ təhsil dövründə məhkəmə ekspertizasının mahiyyətini dərindən mənimsəsin, praktiki bilik və bacarıqlar qazansın və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə başlasınlar.

Gənclərə tövsiyəm odur ki, bu sahəni seçirlərsə, onu yalnız peşə kimi deyil, davamlı öyrənmə və yüksək məsuliyyət tələb edən mühüm ictimai missiya kimi qəbul etsinlər. Çünki məhkəmə ekspertizasında həqiqi uğur yalnız biliklə deyil, həm də vicdan, obyektivlik və davamlı inkişafla əldə olunur.