Mehriban Vəliyeva: “Rəqəmsal məktəb” təhsildə rəqəmsal  transformasiyanın fundamental mərhələsidir

17 Fevral, 2026 - 16:24
Mehriban Vəliyeva: “Rəqəmsal məktəb” təhsildə rəqəmsal  transformasiyanın fundamental mərhələsidir

Dünyamız sürətlə rəqəmsallaşır və texnologiya həyatımızın bütün sahələrinə inteqrasiya olunur. Təhsil də bu dəyişimin mərkəzindədir. Bu gününün şagirdləri yalnız bilik əldə etmir, həm də yaradıcı düşüncə, problem həlletmə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirirlər. 

Təhsildə rəqəmsal transformasiya ənənəvi tədris modelinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə zənginləşdirilməsi, idarəetmə və öyrənmə prosesinin daha effektiv, şəffaf və əlçatan formada təşkili deməkdir. Bu transformasiyanın əsas alətlərindən biri də “Rəqəmsal məktəb” platformasıdır. Tədris prosesini rəqəmsal mühitdə idarə edən, öyrənmə, ünsiyyət və əməkdaşlığı eyni yerdə vahid şəkildə birləşdirən innovativ sistem olan adıçəkilən platforma şagirdlərin dərslərini daha interaktiv və əlçatan edir, valideynlərə övladlarının təhsil göstəricilərini izləmək imkanı verir, müəllimlərə dərs planlamasını effektiv idarə etməyə şərait yaradır.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, müasir dünya artıq rəqəmsal transformasiya mərhələsini geridə qoyaraq süni intellekt dövrünə daxil olur. Qlobal iqtisadiyyat, idarəetmə və əmək bazarı sürətlə dəyişir. Bu dəyişikliklərin mərkəzində isə təhsil dayanır. Çünki gələcəyin insan kapitalı məhz bu gün məktəbdə formalaşır.

Rəqəmsallaşma istiqamətində atılan addımlar təhsilin də struktur və məzmun baxımından yenilənməsini zəruri edir

Deputatın fikrincə, Azərbaycan da bu qlobal trendlərdən kənarda deyil. Son illər ölkədə rəqəmsallaşma istiqamətində atılan addımlar təhsilin də struktur və məzmun baxımından yenilənməsini zəruri edir: “Rəqəmsal məktəb” platformasının  tətbiqi bu transformasiyanın əsas istiqamətlərindən biri kimi çıxış edir. Hazırda Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrini əhatə edən “Rəqəmsal məktəb” platforması təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır. Platformanın üstünlüklərindən biri də odur ki, məktəbdəki tədris  prosesinin bütün iştirakçıları müəllimlər, şagirdlər və valideynlər bir mərkəzdə qarşılıqlı əlaqə yarada bilirlər”. 

Beynəlxalq təcrübə göstərir ki…

Mehriban Vəliyevanın sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, süni intellektin təhsildə effektiv tətbiqi üçün ilkin şərt güclü rəqəmsal infrastruktur və sistemli məlumat bazasıdır. Təsadüfi deyil ki, UNESCO və OECD təhsildə süni intellektin tətbiqini prioritet istiqamət kimi müəyyənləşdirərkən ilk növbədə rəqəmsal transformasiyanın vacibliyini vurğulayır: “Süni intellekt məlumatla işləyir. Məlumat isə yalnız rəqəmsal mühitdə toplanır, strukturlaşdırılır və təhlil olunur. Təhsilimizdə həyata keçirilən “Rəqəmsal məktəb” platformasında diqqətçəkən ən maraqlı məqamlar ondan ibarətdir ki, burada  şagird nailiyyətləri sistemli şəkildə qeyd olunur, davamiyyət  dinamikası izlənilir, qiymətləndirmə nəticələri analiz edilir ki, bu da həmçinin təlim prosesinin effektivliyini artırır. Əldə olunan məlumatlar gələcəkdə adaptiv öyrənmə sistemlərinin qurulmasına, risk qrupunda olan şagirdlərin erkən aşkarlanmasına və fərdiləşdirilmiş tədris modellərinin tətbiqinə imkan yaradır”.

Deputat bildirir ki, rəqəmsallaşma başqa sözlə, süni intellekt üçün texniki baza, süni intellekt isə rəqəmsallaşmanın növbəti mərhələsidir: “Ölkə başçısı İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə ölkənin rəqəmsal gələcəyinin sistemli şəkildə qurulmasının vacibliyini xüsusi vurğulamışdır. Dövlət başçısının çıxışında süni intellektin iqtisadi inkişaf, idarəetmə səmərəliliyi və insan kapitalının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığı qeyd olunmuşdur.

Bu yanaşma təhsil sektoruna da birbaşa aiddir. Çünki süni intellekt əsaslı iqtisadiyyat üçün analitik düşünən, rəqəmsal bacarıqlara malik,innovativ və çevik qərar verə bilən gənclər yetişdirilməlidir”.

Rəqəmsal mühitdə təhsil alan şagirdlər süni intellekt və innovasiya əsaslı iqtisadiyyat üçün daha hazırlıqlı olurlar

Mehriban Vəliyeva söyləyir ki, təhsil sistemində rəqəmsal platformaların tətbiqi bu strateji hədəflərə çatmaq üçün ilkin mərhələ rolunu oynayır. Rəqəmsal transformasiya təhsil prosesində aşağıda qeyd olunan bir neçə əsas istiqamətdə keyfiyyət dəyişikliyi yaradır:
1. İdarəetmədə səmərəlilik
Məlumat əsaslı qərarvermə mexanizmləri məktəb və sistem səviyyəsində planlaşdırmanı daha obyektiv edir.
2. Fərdiləşdirilmiş təlim
Hər bir şagirdin öyrənmə tempi və ehtiyacları nəzərə alınaraq tədris strategiyaları qurula bilər.
3. Şəffaflıq və hesabatlılıq
Valideyn-məktəb-müəllim əlaqəsi güclənir, nəticələr real vaxt rejimində izlənilir.
4. Gələcək bacarıqların formalaşdırılması.



Rəqəmsal mühitdə təhsil alan şagirdlər süni intellekt və innovasiya əsaslı iqtisadiyyat üçün daha hazırlıqlı olurlar.

Deputatın sözlərinə görə, rəqəmsallaşma prosesinə balanslı və məsuliyyətli yanaşmaq vacibdir. Əks halda müəyyən risklər- rəqəmsal bərabərsizlik,rəqəmsal savadlılıq çatışmazlığı, məlumat təhlükəsizliyi, texnologiyanın məqsədə çevrilməsi və s. yarana bilər: “Azərbaycan üçün optimal model mərhələli və inklüziv rəqəmsal keçiddir. Bu model infrastrukturun ölkə üzrə bərabər inkişafını, müəllimlərin rəqəmsal kompetensiyalarının gücləndirilməsini, etik və hüquqi çərçivənin formalaşdırılmasını, süni intellekt tətbiqlərinin mərhələli inteqrasiyasını nəzərdə tutmalıdır. Düşünürəm ki, “Rəqəmsal məktəb”  platforması  bu transformasiyanın ilkin və fundamental mərhələsidir”.

Azərbaycan təhsili bu gün strateji seçim qarşısındadır…

Mehriban Vəliyeva söyləyir ki, Azərbaycan təhsili bu gün strateji seçim qarşısındadır: ya dəyişən dünyaya uyğunlaşacaq, ya da dəyişikliklərin arxasında qalacaq. Dövlət səviyyəsində ortaya qoyulan siyasi iradə və formalaşan rəqəmsal infrastruktur göstərir ki, ölkəmiz ikinci yolu seçmir: “Rəqəmsallaşma düzgün idarə edildikdə o, sadəcə texnoloji yenilik deyil, gələcəyin intellektual, rəqabətqabiliyyətli və innovativ Azərbaycanının təməlidir.