Məktəb geyimi ilə bağlı tələblərə hər kəs əməl etməlidir -Deputat
“Bizim ölkəmizdə ümumi orta təhsil icbaridir. Ona görə də dövlətin qayda-qanunlarına riayət etmək hər kəsin borcudur. İnsanların geyimi ilə bağlı hər hansı qadağa yoxdur, insanlardan bu tələb edilmir. Qaydalar yalnız dövlət ümumtəhsil müəssisələrinə aiddir”.
Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Onun sözlərinə görə, bəzi maraqlı qüvvələr ölkəmizdə müəyyən qarşıdurmalar yaratmaq istəyirlər: “Bütün bunlar bizim əldə etdiyimiz nailiyyətlərə, uğurlara kölgə salmaq cəhdləridir. Dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid forma, müəllimlər üçün isə işgüzar geyim tələbləri ilə bağlı qərar çox gözəl və yerində verilmiş bir qərardır. Bu praktika dünyanın çox dövlətində tətbiq edilir. Bizdə də belə bir təcrübənin tətbiqini müsbət qarşılayıram. Əlbəttə ki, belə bir addım atılıbsa, buna hər kəs əməl etməli, hörmətlə yanaşmalıdır. Burada hansısa problem yaratmaq, məktəbləri yandırmaq, şüşələrini sındırmaq düzgün deyil. Çünki dünyada hər bir kəsin qanun qarşısında boynu tükdən nazikdir”.
Deputat qeyd edib ki, mövcud qərarın dinlə əsaslandırılmasının da heç bir izahı yoxdur. Dövlətimizin başçısı həyata keçirdiyi siyasət nəticəsində məscidlərlə yanaşı, kilsələrin və sinaqoqların da təmirinə dəstək olur:
“Biz dinimizə, dilimizə, tariximizə və mədəniyyətimizə hörmətlə, məhəbbətlə yanaşırıq. Ölkə başçısı məscidlərin təmir olunmasına, yenilənməsinə və inşasına dəstək olur. Bu gün din bizim ölkəmizdə dövlətdən ayrıdır, eyni zamanda, məktəb də dindən ayrıdır. Burada balalarımızın gələcəyinin qorunması, onlara təhsil verilməsi, onların müasir dünyagörüşlü yetişdirilməsi üçün təhsil sistemimizin daha yüksək səviyyədə olmasını arzu edirik. Gənclərimiz dünyanın bir çox ölkələrində, müxtəlif sahələrdə ali təhsil alır, işləyir, çalışırlar. Bu da dövlətimiz üçün təhsil sisteminin nə qədər üstün olduğunu göstərir. Biz Avropa və Asiyanın kəsişdiyi bir nöqtədə yerləşirik. Biz müasir, müstəqil, sivil, multikultural bir ölkəyik. Ölkəmizdə bütün insanlar sərbəst şəkildə öz dinlərinə etiqad edirlər. Bütün bunlar ölkə başçısının siyasətinin nəticəsidir. Kimlərsə bu siyasətdən istifadə edərək ölkəmizə zərbə vurmaq istəyir”.




