Məktəb kitabxanaçıları müasir tələblərə cavab verirlərmi? 

14 Yanvar, 2026 - 11:52
Məktəb kitabxanaçıları müasir tələblərə cavab verirlərmi? 

Zaman dəyişdikcə təhsil sistemi də dəyişir, yenilənir və bu dəyişikliklər təhsilin ayrılmaz bir parçası olan məktəb kitabxanalarına da təsirsiz ötüşmür. Əgər əvvəllər kitabxanaçının əsas funksiyası kitabların qorunması, verilməsi və qeydiyyatının aparılması idisə, bu gün onlardan gözləntilər tamamilə fərqlidir. İnformasiya bolluğu, rəqəmsal resursların sürətlə artması, şagirdlərin media savadlılığına ehtiyacı, tənqidi düşünmə bacarıqlarının inkişafı müasir məktəb kitabxanaçısının rolunu yenidən müəyyənləşdirir. Artıq kitabxanaçı sadəcə kitab verən şəxs deyil, informasiya mühiti yaradan, tədqiqat bacarıqlarını dəstəkləyən, həm müəllimlərin, həm də şagirdlərin öyrənmə prosesinə yön verən müasir təhsil tərəfdaşı sayılmalıdır. Bu günün kitabxanaçıları yaradıcılığa, innovasiyaya, texnologiyadan istifadə bacarıqlarına və pedaqoji çevikliyə malik olmalıdır. Onların üzərinə təkcə kitabxananı idarə etmək deyil, həm də məktəbin ümumi tədris mühitini zənginləşdirmək və inkişaf etdirmək kimi mühüm bir missiya düşür. Aydın görünür ki, artıq kitabxanaçıların ənənəvi çərçivədən çıxıb daha yaradıcı, çevik və təsirli peşəkar şəxsiyyətlərə çevrilməsinin vaxtı çoxdan yetişib.

“Azərbaycan müəllimi” bu dəfə məktəb kitabxanaçıları ilə bağlı mövzunu gündəmə gətirərək təhsil məsələləri üzrə mütəxəssislərin fikirlərini öyrənib.  

“Müasir məktəb kitabxanaçısı passiv icraçı deyil, təhsil prosesinin fəal iştirakçısı olmalıdır”

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirir ki, əsasən ümumtəhsil müəssisələrinin kitabxanaçıları dərs kitablarını qəbul etmək, siniflər üzrə paylaşdırmaq, eləcə də təhvil almaq, həmçinin şagirdlərin istəyinə uyğun olaraq bədii ədəbiyyat vermək kimi fəaliyyətlərlə məşğul olur. Amma artıq zaman dəyişir və müasir dövrdə məktəb kitabxanaçısının rolu da dəyişilməlidir. Bu gün məktəb kitabxanası sadəcə kitab saxlanılan məkan deyil, şagirdlərin informasiya savadlılığının formalaşdığı, tədqiqat bacarıqlarının inkişaf etdiyi, müstəqil öyrənmənin təşviq olunduğu bir mərkəz kimi çıxış etməlidir. Bu baxımdan müasir məktəb kitabxanaçısının rolu yenidən dəyərləndirilməli, onun təhsil prosesindəki yeri və məsuliyyətləri zamanın tələblərinə uyğun şəkildə müəyyənləşdirilməlidir.

Qoşqar  müəllimin sözlərinə görə, əgər əvvəlki illərdə kitabxanaçı daha çox texniki və inzibati funksiyaları yerinə yetirirdisə, bu gün ondan pedaqoji yanaşma, innovativ düşüncə və informasiya texnologiyalarından istifadə bacarığı tələb olunur: “Ən mühüm fərqlərdən biri kitabxanaçının informasiya savadlılığı sahəsində maarifləndirici rolunun artmasıdır. Şagirdlər internet və sosial şəbəkələr vasitəsilə böyük həcmdə məlumat əldə edirlər, lakin bu məlumatın etibarlılığını qiymətləndirməkdə çətinlik çəkirlər.Müasir kitabxanaçı şagirdlərə düzgün mənbə seçməyi, plagiatdan yayınmağı, məlumatı təhlil etməyi və etik qaydalar çərçivəsində istifadə etməyi öyrətməlidir”.

Qoşqar Məhərrəmov fikrincə, məktəb kitabxanaları həm də bir mərkəz rolunu oynamalıdər. Kitabxana il ərzində ölkəmiz üçün əlamətdar hadisələrlə bağlı fəaliyyət planı hzırlayaraq ona müvafiq olaraq tədbirlər həyata keçirməli, eyni zamanda hamı tərəfindən sevilən bir yerə çevrilməlidir. 

Məktəb kitabxanasının özünün müxtəlif sosial media hesabları ola bilər.  Orada keçirilməsi nəzərdə tutulan tədbirlər mütəmadi olaraq paylaşılsa şagirdlər, müəllimlər bundan vaxtında məlumatlı olarlar. Beləliklə, kitabxana öz miqyasında tədbirlərin təşkilatçısı rolunu oynaya və hamı tərəfindən ən çox baş çəkilən və müraciət edilən yerə çevrilə bilər.Və bu da son nəticədə şagirdlərin kitabxanaya marağını artırar.

Bununla bağlı ABŞ-nin təcrübəsindən danışan mütəxəssis deyir ki, məsələn, Texasda ümumtəhsil müəssisələrində kitabxanalar məhz  yuxarıda qeyd olunan model üzrə fəaliyyət göstərir. Orada müxtəlif tədbirlər təşkil olunur və onların əksəriyyəti ödənişsiz ictimai xidmət olaraq təqdim edilir. İnsanlar bu tədbirlərə böyük həvəs və maraqla qoşulurlar: “Eyni zamanda, məktəbin yuxarı sinif, xüsusilə XI şagirdləri  kitabxanada könüllü kimi fəaliyyət göstərirlər və kitabxana müdiri bu könüllü fəaliyyətə dair onlara sənəd təqdim edir. Məsələn: “Bu kitabxanada 100 saat könüllü fəaliyyət göstərib”.

 Bu sənəd həmin şagirdlərin gələcəkdə universitet və ya təqaüd müraciətlərində üstünlük qazanmalarına kömək edir. Məktəb kitabxanasının işində bu cür könüllülük həm də kitabxanaçıların  işini də bir qədər asanlaşdırır. Burada həmçinin kitabların qəbul olunması, verilməsi eləcə də təhvil alınması kimi gündəlik işlər könüllülər vasitəsilə yerinə yetirilir. 

“Kitabxana məktəbin intellektual mərkəzi, informasiya və yaradıcılıq platforması kimi çıxış etməlidir”

Təhsil məsələləri üzrə mütəxəssis Elvin Bədirov da qeyd edir ki, müasir təhsil sistemi sürətlə dəyişən dünyanın tələblərinə uyğun olaraq yalnız bilik ötürən deyil, düşünən, araşdıran və öyrənməyi öyrənən fərdlər yetişdirməyi qarşısına məqsəd qoyub. Bu məqsədə çatmaqda məktəb kitabxanaları mühüm və əvəzolunmaz rol oynayır: “Əgər keçmişdə kitabxana sadəcə kitabların saxlandığı və paylandığı bir məkan kimi qəbul edilirdisə, bu gün o, məktəbin intellektual mərkəzi, informasiya və yaradıcılıq platforması kimi çıxış etməlidir”. 

Elvin müəllim qeyd edir ki, müasir kitabxanaçı müəllimlərlə birgə fəaliyyət göstərməli, fənlərarası layihələrdə iştirak,dərslərin məzmununa uyğun resurslar təqdim etməlidir. O, şagirdlərin tədqiqat bacarıqlarının inkişafında mentor rolunu oynayaraq onları müstəqil öyrənməyə təşviq etməlidir: “Texnologiyadan səmərəli istifadə də müasir kitabxanaçının əsas fərqləndirici xüsusiyyətlərindəndir. Elektron kataloqların yaradılması, rəqəmsal kitabxanaların təşkili, onlayn oxu platformalarından istifadə və virtual tədbirlərin keçirilməsi artıq zərurətə çevrilib. Eyni zamanda kitabxanaçı kommunikasiya bacarıqlarına malik olmalı, şagirdlərlə açıq və etibarlı münasibət qura bilməlidir”.

Elvin müəllimin sözlərinə görə, ən mühüm fərqlərdən biri kitabxanaçının informasiya savadlılığı sahəsində maarifləndirici rolunun artmasıdır. 

Nəticə etibarilə, müasir məktəb kitabxanası sadəcə kitab oxunan yer deyil

Bəli, qeyd edilənlərdən də aydın olur  ki, nəticə etibarilə, müasir məktəb kitabxanası sadəcə kitab oxunan yer deyil, şagirdin intellektual, sosial və yaradıcı inkişafını dəstəkləyən strateji təhsil mərkəzidir. Güclü kitabxana sistemi, yüksək təhsil və İKT bacarıqlarına malik olan kitabxanaçıları olan məktəblər daha keyfiyyətli təhsil mühiti yaradır və gələcəyin düşünən, araşdıran və məsuliyyətli vətəndaşlarını formalaşdırır.