Məktəbdə öyrədilən ana dili heç zaman möhkəmliyini itirmir - akademik
Tanınmış dilçi-türkoloq, Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov “Məktəbdə...” layihəsinin qonağı olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü paytaxtdakı 225 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Görüşdə akademik Nizami Cəfərov təhsil aldığı məktəb, o dövrün məktəb mühiti, müəllim-şagird münasibətləri barədə danışıb, məktəb illərinin insanın dünyagörüşünün formalaşmasında oynadığı mühüm roldan, məktəb və tələbəlik illərində qazandığı bilik və dəyərlərin onun elmi fəaliyyətinə təsirindən bəhs edib, yaddaqalan xatirələrini şagirdlərlə bölüşüb.
Ana dilinin milli kimliyimizin qorunmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran dilçi alim dilimizin qorunması və inkişaf etdirilməsinin təkcə dövlətin deyil, eyni zamanda cəmiyyətin hər bir üzvünün məsuliyyəti olduğunu bildirib, bu prosesdə gənclərin rolundan bəhs edib. Azərbaycan dilini dünyanın ən zəngin dillərindən biri kimi dəyərləndirən N.Cəfərov onun daha da zənginləşməsində məktəblərin həlledici rolunu xüsusi vurğulayıb, məktəbdə öyrədilən ana dilinin heç bir zaman möhkəmliyini itirmədiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ana dilinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışan akademik yeni ilin ilk günlərində yerli mediaya müsahibələrində Azərbaycan dilinin qorunmasının vacibliyinə dair səsləndirdiyi önəmli mesajlardan söz açıb, şagirdləri maraqlandıran sualları cavablandırıb.
"Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.
Qeyd edək ki, layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. Görüşü Təhsil TV də işıqlandırır.



