Tərbiyə işinin görünməyən qəhrəmanları: Məktəb təşkilatçıları danışırlar
Ümumi təhsil müəssisələrində şagirdlərin şəxsiyyət kimi formalaşmasında məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar mühüm rol oynayır. Şagirdlərin milli-mənəvi dəyərlər əsasında formalaşması, hüquqi biliklərinin və sosial məsuliyyət hissinin inkişafı, sağlam həyat tərzinin təbliği bilavasitə bu vəzifəni icra edən şəxslərin peşəkarlığından asılıdır. Bu fəaliyyət sahəsi eyni zamanda yüksək təşkilatçılıq bacarığı, komanda işi, müasir təlim-tərbiyə metodlarının tətbiqi və təhsil qanunvericiliyinin dərindən mənimsənilməsini tələb edir.
“Azərbaycan müəllimi” mövzunu daha yaxından işıqlandırmaq məqsədilə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir neçə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı ilə həmsöhbət olub.
Əsas məqsəd təhlükəsiz və sağlam təhsil mühiti yaratmaqdır
Onlardan biri Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbində çalışan Elnur Abdiyevdir. O, pedaqoji fəaliyyətə Cəlilabad rayonu Kövüzbulaq kənd 2 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 2011-ci ildən isə hazırda çalışdığı məktəbdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı kimi fəaliyyət göstərir, eyni zamanda ixtisası üzrə dərs deyir.
Elnur Abdiyevin sözlərinə görə, son illər şagirdlərinin respublika səviyyəli olimpiada və müsabiqələrdə qazandıqları uğurlar tərbiyə işinin düzgün qurulmasının bariz göstəricisidir. Belə ki, 2022–2023-cü tədris ilində şagirdi Məhəmməd Rəsulzadə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində respublika üçüncüsü olub. Həmin ildə Rəqsanə Əzizova respublika fənn olimpiadasında (RFO) bürünc medal qazanıb. 2023–2024 və 2024–2025-ci tədris illərində Əhlinaz Abdizadə RFO-nun finalçısı olub. 2024–2025-ci tədris ilində isə Nihad Ələkbərli Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində respublika ikincisi adına layiq görülüb. Cari tədris ilində artıq 4 şagird RFO-nun yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
Pedaqoji fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə Elnur Abdiyev 2021-ci ildə elm və təhsil naziri Emin Əmrullayevin sərəncamı ilə Fəxri Fərmanla, 2025-ci ildə isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
O, pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. Azərbaycan Yazıçılar Birliyinin və Qırğızıstan Yazıçılar İttifaqının üzvü olan Elnur Abdiyev müxtəlif illərdə bir sıra müsabiqələrin qalibi olub, Prezident təqaüdünə layiq görülüb, Beynəlxalq Rəsul Rza mükafatının laureatıdır. Onun əsərləri Türkiyə, İran, Ukrayna, Almaniya və Özbəkistanda nəşr edilib.
Elnur Abdiyev bildirir ki, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı məktəbin əsas funksional idarəedicilərindən biri kimi tərbiyə işinə rəhbərlik edir. Bu prosesdə müəllimlər, psixoloqlar, sinif və dərnək rəhbərləri, valideynlər, ictimai təşkilatlar, şagird özünüidarəetmə orqanları və hüquq-mühafizə strukturları ilə sıx əməkdaşlıq edilir. Əsas məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, tədrislə tərbiyənin vəhdətinin təmin olunması, təhlükəsiz və sağlam təhsil mühitinin yaradılmasıdır.
Cari tədris ilində şagirdlərin dərsliklərlə tam təminatı, kitabxana ilə əlaqələrinin gücləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində ardıcıl işlər görülüb. Şagirdlərin davranış qaydaları ilə bağlı maarifləndirmə aparılıb, bu qaydaları əks etdirən məlumat lövhələri məktəbin bütün mərtəbələrində yerləşdirilib, valideyn və müəllimlər üçün izah və təlimlər keçirilib.
Məktəbdə istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə “Gənc kimyaçılar” və “Gənc rəssamlar” dərnəkləri yaradılıb. RFO-nun yarımfinalına vəsiqə qazanan şagirdlərin əksəriyyəti məhz bu dərnəklərin üzvləridir. Rəssamlıq dərnəyinin üzvlərinin əl işləri isə müxtəlif müsabiqələrdə və sərgilərdə nümayiş etdirilib.
Valideynlərlə əlaqələrin gücləndirilməsi məqsədilə sinif və məktəb üzrə “WhatsApp” qrupları yaradılıb, davamiyyətə xüsusi nəzarət mexanizmi tətbiq olunub. Davamiyyətlə bağlı problemlər yarandıqda valideynlərlə fərdi söhbətlər aparılıb, zəruri hallarda aidiyyəti qurumlara müraciət edilib.
Bundan əlavə, məktəbdə Şagird Təşkilatı fəaliyyət göstərir. “Tədris”, “Mətbuat” və “Mədəni-kütləvi tədbirlər” komissiyalarını birləşdirən bu təşkilat şagirdlərin maariflənməsində, bilik yarışlarının və tədbirlərin təşkilində mühüm rol oynayır.
Yaradıcılıq və idman şagirdlərdə özünəinam yaradır
Bu sahədə uzunillik təcrübəyə malik olan təhsil işçilərindən biri də Şirvan şəhər 13 nömrəli tam orta ümumtəhsil məktəbində çalışan Günel Səfalıdır.
Günel Səfalı pedaqoji fəaliyyətə 2004-cü ildən Şirvan Şəhəri Uşaq Yaradıcılıq Mərkəzində dərnək rəhbəri kimi başlayıb. 2016-cı ildən etibarən isə Şirvan şəhər 13 nömrəli tam orta ümumtəhsil məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində fəaliyyətini davam etdirir.
Onun sözlərinə görə, bu illər ərzində vəzifə öhdəliklərinə uyğun olaraq məktəbdaxili tədbirlərin – bayramların, anım günlərinin, müsabiqələrin təşkili, sinif rəhbərləri və valideynlərlə sıx əməkdaşlıq, şagirdlərin intizam və dərsə davamiyyətinə nəzarət, sosial layihələrin və dərnəklərin idarə olunması, eləcə də şagirdlərin asudə vaxtının səmərəli təşkili əsas fəaliyyət istiqamətlərini təşkil edib.
Günel Səfalı bildirir ki, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı məktəbin əsas funksional idarəedicilərindən biri kimi tərbiyə işinə rəhbərlik edir. Bu prosesdə müəllimlər, psixoloqlar, uşaq birliyi və dərnək rəhbərləri, valideynlər və hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərilir. Şagirdlərin milli-mənəvi və əxlaqi dəyərlər əsasında formalaşması, vətənpərvərlik ruhunda tərbiyə olunması, fiziki inkişafı, bədii-texniki yaradıcılığı, turizm və diyarşünaslıq fəaliyyətləri daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda təhsilalanlar arasında hüquq pozuntularının qarşısının alınması məqsədilə profilaktik tədbirlər həyata keçirilir.
Təşkilatçı qeyd edir ki, bu vəzifəni icra edən şəxs Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqları haqqında” qanunları, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasını, eləcə də təhsil sahəsinə aid normativ-hüquqi aktları dərindən bilməli, müasir pedaqoji və sosial-psixoloji metodlardan istifadə etməlidir.
Cari tədris ili ərzində məktəbdə şagirdlərin inkişafını dəstəkləyən müxtəlif tədbir və fəaliyyətlər həyata keçirilib. Kitabxana fondunun komplektləşdirilməsinə nəzarət olunub, şagirdlərin məktəb kitabxanasından müntəzəm istifadəsi təşviq edilib. Mənəvi-əxlaqi tərbiyənin gücləndirilməsi məqsədilə tərbiyəvi tədbirlər fəaliyyət planına uyğun icra edilib, sinif təşkilat saatlarına nəzarət həyata keçirilib. Tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər, ekskursiyalar və görüşlər təşkil olunub.
Şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə Məntiqi-riyaziyyat dərnəyi yaradılıb, onların istedad və bacarıqlarının üzə çıxarılmasına dəstək göstərilib. Risk qrupuna daxil olan şagirdlər müəyyənləşdirilərək valideynlərlə birgə fərdi söhbətlər aparılıb. Məktəbdaxili idman yarışları, sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirici tədbirlər, kütləvi idman hərəkətləri mütəmadi təşkil olunub.
Günel Səfalı vurğulayır ki, yaradıcılıq, idman, mədəniyyət və sosial fəaliyyətlər şagirdlərin özünəinamını artırır, liderlik bacarıqlarını inkişaf etdirir və onların məktəb həyatında daha fəal iştirakına şərait yaradır.
Gələcək planlardan danışan təşkilatçı bildirib ki, şagirdləri uğurlu həyata hazırlamaq məqsədilə kreativ və stimullaşdırıcı tədbirlərin sayını artırmağı, müəllim və valideynlərlə əməkdaşlığı daha da gücləndirməyi qarşısına məqsəd qoyub. “Məqsədim hər bir şagirdin öz potensialını maksimum səviyyədə reallaşdırmasına dəstək olmaqdır”, – deyə Günel Səfalı qeyd edib.
Məktəb–Ailə–Cəmiyyət əməkdaşlığı əsas şərtdir
Hacıqabul şəhəri A.Dadaşov adına 5 nömrəli tam orta məktəbdə çalışan Aidə Hüseynova pedaqoji fəaliyyətə 1989-cu ildə Hacıqabul şəhəri 4 nömrəli tam orta məktəbdə rus bölməsində Azərbaycan dili müəllimi kimi başlayıb. 1992-ci ildən etibarən Hacıqabul şəhəri A.Dadaşov adına 5 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır. 2016-cı ildən isə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə irəli çəkilib.
Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 oktyabr 2021-ci il tarixli sərəncamı ilə Aidə Hüseynova dövlət təltifinə – “Tərəqqi” medalına layiq görülüb.
Aidə Hüseynovanın sözlərinə görə, sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı məktəbin tərbiyə mühitinin formalaşdırılmasında əsas icraedici fiqurlardan biridir. Onun fəaliyyəti yalnız tədbirlərin təşkili ilə məhdudlaşmır, sistemli pedaqoji, təşkilati və sosial istiqamətləri əhatə edir: “Şagirdin çoxşaxəli inkişafı üçün məktəb təkbaşına fəaliyyət göstərən qurum deyil, koordinasiyaedici mərkəz kimi çıxış etməlidir. “Məktəb–Ailə–Cəmiyyət” üçbucağına əsaslanan əməkdaşlıq modeli akademik nailiyyətləri artırır, davranış problemlərini azaldır, sosial bacarıqları formalaşdırır və şagirdi həyata hazırlayır”.
Təşkilatçı tərbiyə işinin planlaşdırılması və idarə olunmasına xüsusi önəm verdiyini bildirir. Bu məqsədlə məktəbin illik tərbiyə işləri planı hazırlanır, sinifdənxaric fəaliyyətlərin məqsəd və istiqamətləri dəqiq müəyyənləşdirilir, dövlət əhəmiyyətli günlər, tarixi hadisələr və milli-mənəvi dəyərlərlə bağlı tədbirlər sistemli şəkildə planlaşdırılır. Şagirdlərin maraq və bacarıqlarının inkişafı, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, sağlam sosial-psixoloji mühitin qorunması, təhlükəsizlik, sənədləşmə və hesabatlılıq tərbiyə işinin əsas tərkib hissələrindəndir.
Aidə Hüseynova sinif rəhbərləri və fənn müəllimləri ilə əməkdaşlıqda tədbirlərin şagirdləri passiv tamaşaçı deyil, aktiv iştirakçıya çevirməsini vacib hesab edir. Onun fikrincə, milli-mənəvi dəyərlərin müasir yanaşmalarla təqdim olunması və dərs prosesi ilə əlaqələndirilməsi şagird təşəbbüslərini dəstəkləyən sağlam mənəvi-psixoloji mühitin yaranmasına imkan verir.
Cari tədris ili ərzində məktəbdə tərbiyə yönümlü fəaliyyətlər sistemli plan əsasında həyata keçirilib. İl boyu dövlətçilik, milli-mənəvi dəyərlər, elm, mədəniyyət və sağlam həyat tərzi istiqamətlərini əhatə edən tədbirlər təşkil olunub. Tarixi və əlamətdar günlərə həsr edilmiş ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda təqdimatlar, səhnəciklər və musiqili proqramlar, fənn aylıqları çərçivəsində intellektual yarışlar, yaradıcılıq sərgiləri, muzey və ekskursiya ziyarətləri, təhlükəsizlik və sağlam həyat tərzi mövzularında maarifləndirici görüşlər mütəmadi xarakter daşıyıb.
Bu fəaliyyətlər şagirdlərin məktəb həyatında fəal iştirakına şərait yaradıb, onların sosiallaşmasına müsbət təsir göstərib. Əsas məqsəd şagirdi passiv iştirakçı deyil, aktiv və yaradıcı subyekt kimi formalaşdırmaq olub. Səhnə çıxışları və bədii qiraət nitq mədəniyyətinin və özünəinamın inkişafına, məntiqi oyunlar və fənlərarası yarışlar düşünmə bacarıqlarının güclənməsinə, qrup layihələri isə əməkdaşlıq və məsuliyyət hissinin formalaşmasına xidmət edib. Şagirdlərin tədbirlərin aparıcısı və təşkilatçısı kimi çıxış etməsi onların liderlik keyfiyyətlərini artırıb.
Məktəbdənkənar fəaliyyətlər əsasən vətənpərvərlik və dövlətçilik tərbiyəsi, bədii-estetik inkişaf, sağlam həyat tərzi və idman, sosial-mədəni əməkdaşlıq, texnoloji və yaradıcılıq layihələri istiqamətləri üzrə qurulub.
Bu tədris ilində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xaricdə yaşayan azərbaycanlı alim, Türkiyənin Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlu ilə onlayn görüşün təşkili də xüsusi əhəmiyyət daşıyıb. Görüşün məqsədi şagirdlərə Vətənə bağlılığın coğrafi məkanla məhdudlaşmadığını, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının xalqına və dövlətinə xidmət edə biləcəyini aşılamaq olub.
Aidə Hüseynova cari ildə sinifdənxaric fəaliyyətlərə yaradıcı yanaşma gətirmək məqsədilə inteqrativ “yaradıcılıq–öyrənmə” modelini tətbiq edib. Tədris mövzularının səhnələşdirmə və vizual təqdimatlarla birləşdirilməsi, tarixi-mədəni irsin maket və modellər vasitəsilə təqdim olunması şagirdlərin STEAM və rəqəmsal bacarıqlarının inkişafına da töhfə verib.
“Sinfədənxaric işlərin effektivliyi tədbirin sayında deyil, şagirdin bu prosesdə qazandığı bacarıqlarda ölçülür. Məqsədimiz uşaqları düşünən, təşəbbüs göstərən və məsuliyyət daşıyan fərd kimi formalaşdırmaqdır”, – deyə Aidə Hüseynova vurğulayır.
Təşkilatçıların fikirlərindən aydın olur ki, sinifdənxaric və məktəbdənkənar fəaliyyət sadəcə tədbir keçirmək deyil. Bu iş şagirdin şəxsiyyət kimi formalaşmasına, onun vətəndaş mövqeyinin, liderlik keyfiyyətlərinin və sosial bacarıqlarının inkişafına xidmət edən sistemli və məqsədyönlü prosesdir.



