Məktəbəqədər təhsil cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynayır – Rektor
“Məktəbəqədər təhsil cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynayır. Bu mərhələ uşaqların sosial bacarıqlarının, düşüncə tərzinin və dünyagörüşünün əsasının qoyulduğu ən vacib dövrdür”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri ADPU-nun rektoru Cəfər Cəfərov “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” mövzusunda keçirilən beynəlxalq forumda səsləndirib.
Rektor qeyd edib ki, müasir dövrdə qlobal çağırışlar təhsil sistemindən yeni yanaşmalar tələb edir: “Bu baxımdan rəqəmsallaşma, inklüzivlik, fərdiyyətyönümlü təlim və pedaqoji innovasiyalar məktəbəqədər təhsilin inkişafında əsas istiqamətlər kimi çıxış edir”.
C.Cəfərov çıxışında ADPU-da məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirildiyini xüsusi vurğulayıb: “Türkiyənin Qazi Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, Ege Universiteti ilə birgə beynəlxalq konfransların təşkili universitetlərarası elmi və akademik əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin güclənməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir”.
O həmçinin bildirib ki, forum çərçivəsində aparılan müzakirələr məktəbəqədər təhsilin inkişafına mühüm töhfə verəcək və yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradacaq.



