Məktəblərdə BSQ-lər necə təşkil edilir? — Reportaj
Ölkə üzrə bütün ümumtəhsil müəssisələrində böyük summativ qiymətləndirmələr artıq adi bir prosedurdan çox məktəb həyatının mühüm mərhələsinə çevrilib. BSQ-lər həm ənənəvi qaydada, həm də müvafiq texniki imkanlara malik məktəblərdə rəqəmsal formada təşkil olunur. Baş çəkdiyimiz Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə də şagirdlər BSQ üçün onlara təqdim olunmuş test tapşırıqları vasitəsilə bilik və bacarıqlarını sınaqdan keçiriblər.
Şagirdlərə əvvəlcə ad və soyadlarını qeyd etmək, daha sonra sualları diqqətlə oxumaq, variantları düzgün işarələmək, “uyğundur–uyğun deyil” və yaxud düzgün–yanlış cavabı seçərkən diqqətli olmaq tapşırılıb.
Bu il ilk dəfə 4 və 6-cı siniflər üzrə BSQ-lər mərkəzləşdirilmiş qaydada keçirilir
“Müasir metodist” layihəsi çərçivəsində məktəbdə fəaliyyət göstərən metodist Ləman Heydərli müəllimlərə metodik dəstək göstərir. O bildirib ki, bu il ilk dəfə olaraq 4 və 6-cı siniflər üzrə böyük summativ qiymətləndirmələr mərkəzləşdirilmiş qaydada həyata keçirilir: “Böyük summativ qiymətləndirmələr, bildiyiniz kimi, əsasən 4, 9 və 11-ci sinifləri əhatə edir. Lakin bu il ilk dəfə olaraq 4 və 6-cı siniflər üzrə böyük summativ qiymətləndirmə materialları aidiyyəti qurumlar tərəfindən hazırlanaraq məktəblərə göndərilib və qiymətləndirmələr bir sıra məktəblərdə rəqəmsal formada təşkil olunur. Böyük summativ qiymətləndirmə materiallarının hazırlanmasında metodistlərin də rolu var. Əvvəlcədən müəllimlərlə metodik görüşlər keçirmişik, summativ qiymətləndirmə materiallarının hazırlanması ilə bağlı yaranan sualları cavablandırmışıq. Sualların səviyyələrinin düzgün müəyyənləşdirilməsi, standartlara uyğunluğu kimi məsələlər müzakirə olunub və bundan sonra materiallar hazırlanıb”.
O qeyd edib ki, əsas məqsəd şagirdlərdə bacarıqların formalaşdırılmasıdır: “Şagirdlər bilikləri müxtəlif mənbələrdən əldə edə bilərlər. Lakin bizim əsas məqsədimiz həmin biliklərin bacarığa çevrilməsidir ki, şagirdlər real situasiyalarda onlardan istifadə edə bilsinlər. Summativ qiymətləndirmələr də əsasən bacarıq yönümlüdür”.
"Suallar əvvəlcədən yaradılmış komissiya tərəfindən yoxlanılır"
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Zeynalova BSQ tapşırıqlarının hazırlanması və qiymətləndirmə prosesinin təşkili ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, müəllimlər tədris planına və məzmun xətlərinə uyğun olaraq birgə suallar hazırlayırlar: “Daha sonra bu suallar metodik birləşmə sədrinin iştirakı ilə müzakirə olunur və təsdiq edilir. Suallar əsasən test formasında tərtib olunur. Qiymətləndirmələr bütün siniflərdə həm onlayn, həm də kağız üzərində–ənənəvi formada 100 ballıq sistem üzrə həyata keçirilir. Suallar əvvəlcədən yaradılmış komissiya tərəfindən yoxlanılır, məzmun xətlərinə və standartlara uyğunluğu təmin olunur. Qiymətləndirmə tam obyektiv və şəffaf şəraitdə aparılır. Hər hansı valideyn və ya şagird etiraz etdikdə apellyasiya komissiyasına müraciət etmək mümkündür”.
Vəfa Zeynalova deyir ki, artıq 18 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Onun sözlərinə görə, müasir dövrdə kurikulum tədris sistemi tətbiq olunduğu üçün məktəbdaxili qiymətləndirmə çərçivəsində BSQ-lərin keçirilməsi məqsədəuyğundur.
“Ayrılan vaxt kifayət edir”
Şagirdlərə yaxınlaşaraq onlardan imtahanın necə keçdiyi haqqında ətraflı məlumat alırıq. Prosesin əsas iştirakçıları olan şagirdlər verdikləri cavablardan razı qaldıqlarını bildiriblər. Onların sözlərinə görə, tapşırıqlar dərsliklərə uyğun və anlaşılan olub. Şagirdlər qeyd ediblər ki, suallar keçilən mövzuları əhatə edib, vaxt kifayət edib və qiymətləndirmə prosesi çətin olmayıb.
“Hər kəs öz biliyinə uyğun yazır”
10-cu sinifdə oxuyan Tamerlan İbrahimli Azərbaycan tarixi fənnindən BSQ yazdığını deyir: “Hər bir sualın öz səviyyəsi var, hər kəs öz biliyinə uyğun yazır və qiymətləndirmə olur. Köçürmə isə yolverilməzdir”.
“Bütün suallar keçdiyimiz mövzulardan idi”
Sürəyya İbrahimova da 10-cu sinif şagirdidir. O da Azərbaycan tarixi fənnindən BSQ yazıb. İmtahanın orta keçdiyini dilə gətirib: “Bildiyim sualların hamısına cavab verdim. Cəmi 20 sual olur. Vaxt da cavablandırmaq üçün kifayət qədər idi. Bütün suallar keçdiyimiz mövzulardan idi”.
“Yetərincə oxuyan şagird üçün öhdəsindən gəlinməyəcək bir şey deyil”
Birinci gün üç əsas fənn - riyaziyyat, Azərbaycan dili və ingilis dili üzrə BSQ yazdıqlarını, üçüncü gün digər beş fənn üzrə BSQ-lərini tamamladıqlarını deyən on birinci sinif şagirdi Nicat Şükürlü sualların çətin olmadığını söyləyib: “Mənim üçün yorucu olmadı. Deməzdim ki, bu dövr yorucudur. Tapşırıqlar dərslik materialları, yəni mövzular əsasında qurulub. Əlbəttə, müəyyən çətinliklər ola bilər, amma yetərincə oxuyan şagird üçün öhdəsindən gəlinməyəcək bir şey deyil. BSQ-lərin cavabları hələ açıqlanmayıb. Amma ümid edirəm ki, nəticələrim yaxşı olacaq. Məncə, beşlərim hazırdır”.
Bütün şagirdlərin KSQ və BSQ nəticələri vahid bazada toplanacaq
Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, böyük summativ qiymətləndirmə məktəbdaxili qiymətləndirmənin tərkib hissəsidir və onun keçirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” ilə tənzimlənir. Qaydaya əsasən, böyük summativlər ildə 2 dəfə — yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən aparılır. Agentlik böyük summativlərin qaydaya uyğun vaxtda, formada və düzgün seçilmiş qiymətləndirmə vasitələri (test sualları, tapşırıqlar) əsasında aparılmasına nəzarət edir.
Bildirilib ki, son illərdə BSQ-lərin elektron formada keçirilməsi aktuallaşıb: sürətli internet bağlantısı və uyğun sayda kompüteri olan məktəblərdə kağız əsaslı qiymətləndirmədən imtina edilir. Bu həm müəllimin vaxtına qənaət edir, həm şagirdlərdə rəqəmsal kompetensiyaları inkişaf etdirir, həm də kağız sərfiyyatını azaltmaqla ətraf mühitin qorunmasına dəstək verir. Digər tərəfdən, elektron qiymətləndirmə daha təkmil tapşırıqlardan istifadə etmək imkanı yaradır.
Qeyd edilib ki, qiymətləndirmə vasitələrinin (test sualları, tapşırıqlar) vahid standartlar əsasında olması məqsədilə yerlərə tövsiyə edilən sual banklarının göndərilməsi təcrübəsi də genişlənir. Cari ildən etibarən bütün şagirdlərin KSQ və BSQ nəticələrinin vahid bazada toplanılması prosesinə də başlanılır.
Beləliklə, böyük summativ qiymətləndirmələr həm şagirdlərin bilik və bacarıqlarının obyektiv ölçülməsi, həm də tədris prosesinin keyfiyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prosesin mərkəzləşdirilmiş və rəqəmsal formada təşkili isə qiymətləndirmədə şəffaflığın və operativliyin təmin olunmasına xidmət edir.
Tünzalə Quliyeva



