Məktəblərdə geyim qaydaları qanuniləşir - Layihə I oxunuşdan keçdi
Dövlət ümumtəhsil müəssisələrində geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbiti I oxunuşda qəbul edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanunun 12.13-cü maddəsinə əlavə edilən yeni müddəasıa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.
Hazırda dövlət ümumi təhsil müəssisələrində təhsil alanlar üçün vahid geyim formaları tətbiq olunur. Bu baxımdan, qanun layihəsinə əlavə edilən yeni 24.2.2-1-ci maddəyə əsasən, təhsilalanların geyim forması ilə bağlı müəyyən olunmuş tələblərə riayət edilməsinin valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifəsi kimi müəyyənləşdirilməsi təklif olunur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.




