Məktəblərdəki monitorinqlər nəticəsində dəstək proqramları hazırlanır

9 Dekabr, 2025 - 12:09
Məktəblərdəki monitorinqlər nəticəsində dəstək proqramları hazırlanır

“Məktəblərdə aparılan keyfiyyət monitorinqlərinin əsas məqsədi məktəblərin fəaliyyət göstəricilərinə dair dəqiq və sistemli məlumatların toplanması, təhlili və müvafiq dəstək proqramlarının hazırlanmasıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəb inspeksiyasında akademik rəhbər Aysel Əzimova bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda məruzə ilə çıxış edərkən səsləndirib.

O qeyd edib ki, bu monitorinqlər məktəblərdə keyfiyyət təminatının gücləndirilməsi və şagird yönümlü məktəb modelinin təşviqi üçün də əhəmiyyətlidir:

“Monitorinqlər məktəblərin fəaliyyət göstəriciləri, şagird nailiyyətləri, şagird davranışı və nizam-intizamı, öyrətmə və öyrənmə prosesləri, qiymətləndirmə üsulları, dəstək mühitinin yaradılması, eləcə də liderlik və idarəetmə sahələrini əhatə edir. Məktəblərdə aparılan keyfiyyət monitorinqlərinin əsas funksiyası real vəziyyəti qiymətləndirməkdir. Eyni zamanda, bu proses məktəb liderlərinin fəaliyyətinə dolayı yolla təsir edən bir mexanizm kimi də çıxış edir. Ekspertlər bildirir ki, monitorinqlər beş əsas mexanizm üzərində qurulub. Bunlardan biri imkanlar çərçivəsində keyfiyyətin qiymətləndirilməsidir. Bu çərçivə məktəb rəhbərlərinin lider kimi hansı davranış və prioritetlərə diqqət yetirməli olduğunu müəyyən edir və sistem daxilində liderlik gözləntilərini strukturlaşdırmağı nəzərdə tutur”.

Çıxışçı əlavə edib ki, hər il monitorinq aparılacaq məktəblərin rəhbərləri çərçivə sənədi ilə tanış edilir. Eyni zamanda, rəhbərlər üçün keçirilən testlər də bu təsir mexanizmləri sırasında yer alır. Monitorinq zamanı müxtəlif alətlərdən, o cümlədən davamlı keyfiyyət qiymətləndirməsi çərçivəsindən və dərs dinləmələrindən istifadə olunur.