Məktəbli forması ilə bağlı qaydalar təhrif olunmamalıdır - Pərvinə Qədimova

12 Oktyabr, 2026 - 12:06
Məktəbli forması ilə bağlı qaydalar təhrif olunmamalıdır

“Məktəbli forması ilə bağlı qaydaları yalnız bir geyim elementi üzərindən təqdim etmək, yaxud bütöv qərarın məzmununu tək bir məsələ ilə məhdudlaşdırmaq onun əhatə dairəsinin yanlış anlaşılmasına səbəb ola bilər”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova bildirib.

Onun sözlərinə görə, məktəbli formasından istifadə dünyanın bir çox ölkəsində tətbiq olunan, ümumi təhsil müəssisələrində vahid nizam-intizamın və ortaq təhsil mühitinin formalaşdırılmasına xidmət edən tələblərdən biridir:

“Məktəbli formasının əsas məqsədi şagirdlərin geyim seçimlərini məhdudlaşdırmaqdan daha çox məktəb mühitində vahidlik yaratmaq, sosial fərqlərin geyim vasitəsilə ön plana çıxmasının qarşısını almaq və diqqəti təhsilin əsas məqsədlərinə yönəltməkdir. Bu yanaşma beynəlxalq təcrübədə də geniş tətbiq olunur. Qərarda müəyyən edilmiş geyim formasının vahidliyinin qorunması və ümumi təhsilin dünyəvilik prinsipinə uyğunluq əsas götürülür. Buna görə də məktəbli forması məsələsini hər hansı şəxsin fərdi seçimi və ya ayrıca bir sosial qrupun maraqları çərçivəsində deyil, bütün şagirdlərə eyni qaydada şamil olunan ümumi təhsil tələbi kimi qiymətləndirmək lazımdır”.

P.Qədimova qeyd edib ki, məktəb ümumi qaydaların, qarşılıqlı hörmətin və bərabər imkanların formalaşdığı təhsil məkanıdır:

“Burada hər bir şagirdin biliyi, bacarığı, davranışı və fərdi inkişafı ön planda olmalıdır. Vahid məktəbli forması da bu mühitin təşkilinə xidmət edən vasitələrdən biridir. Qaydaların hamı üçün aydın və eyni şəkildə tətbiqi məktəb-ailə münasibətlərində anlaşılmazlıqların azalmasına da kömək edir”.

Assosiasiya sədri məktəbli forması ilə bağlı qərarın mahiyyətindən uzaqlaşdırılaraq fərqli istiqamətlərdə təqdim olunmasına da münasibət bildirib:

“Təhsil sahəsinə aid normativ qərarların mahiyyətindən uzaqlaşdırılaraq birtərəfli və emosional müzakirələrin predmetinə çevrilməsi düzgün yanaşma deyil. Məktəbli forması ilə bağlı qaydaları yalnız bir geyim elementi üzərindən təqdim etmək, yaxud bütöv qərarın məzmununu tək bir məsələ ilə məhdudlaşdırmaq onun əhatə dairəsinin yanlış anlaşılmasına səbəb ola bilər. Müzakirələr hüquqi sənədin real məzmununa, təhsilin təşkili prinsiplərinə və məktəbin üzərinə düşən vəzifələrə əsaslanmalıdır. Qaydaların mahiyyətini təhrif edən, ictimaiyyətdə qarşıdurma yarada biləcək yanaşmalar əvəzinə aydın və əsaslandırılmış izahlar verilməlidir. Təhsil mühitində hər hansı mövzunun süni şəkildə qarşıdurma predmetinə çevrilməsi şagirdlərin maraqlarına xidmət etmir”.

P.Qədimovanın fikrincə, dövlət ümumi təhsil müəssisələrində dünyəvilik prinsipi, vahid qaydalar və qarşılıqlı hörmət bir-birini tamamlayan anlayışlardır:

“Dünyəvi təhsil mühiti şagirdlərin elmi biliklərə yiyələnməsini, sərbəst düşünməyi və fərqli baxışlara hörmətlə yanaşmağı öyrənməsini nəzərdə tutur. Buna görə də qərarın tətbiqi zamanı həm normativ tələblərin dəqiq izahına, həm də şagirdlərin hüquq və ləyaqətinə hörmətə xüsusi diqqət yetirilməlidir”.

Assosiasiya sədri valideynlərə məktəbli forması ilə bağlı məsələlərdə rəsmi məlumatlara və qüvvədə olan normativ tələblərə əsaslanmağı tövsiyə edib:

“Valideynlər hər hansı sual və ya narazılıq yarandıqda məsələni sosial şəbəkələrdə emosional müzakirəyə çevirmək əvəzinə məktəb rəhbərliyi ilə birbaşa əlaqə saxlamalıdırlar. Valideyn-məktəb əməkdaşlığı təhsil prosesinin keyfiyyətinə birbaşa təsir göstərir. Buna görə də tərəflər arasında ünsiyyət qarşılıqlı hörmət, məsuliyyət və konstruktiv dialoq üzərində qurulmalıdır. Məktəb rəhbərliyi müəyyən edilən qaydaları aydın izah etməli, valideynlərin suallarını diqqətlə dinləməli, qaydaların tətbiqi zamanı isə bütün şagirdlərə bərabər münasibət göstərməlidir”.

P.Qədimova onu da vurğulayıb ki, məktəbli forması ətrafında aparılan müzakirələr zamanı uşaqların psixoloji rahatlığı və təhlükəsizliyi də nəzərə alınmalıdır:

“Ən vacib məqamlardan biri uşaqların bu müzakirələrin mənfi təsirindən qorunmasıdır. Böyüklər arasında fikir ayrılıqları şagirdlərin məktəbdə özlərini narahat və ya kənarlaşdırılmış hiss etmələrinə səbəb olmamalıdır. Məktəb hər bir uşağın özünü təhlükəsiz, rahat və təhsil prosesinin bərabərhüquqlu iştirakçısı kimi hiss etdiyi mühit olmalıdır”.