Məktəblilər arasında atletika yarışının qalibləri müəyyənləşib
Bakı, Gəncə, Naxçıvan, Naftalan, Xaçmaz, Gədəbəy və Şəmkirdən ümumilikdə 76 məktəblinin iştirakı ilə keçirilən atletika yarışında qaliblər müəyyənləşib.
"Azərbaycan müəllimi" xəbər verir ki, yarış iştirakçıları 60 və 300 metr məsafəyə qaçış, 600 metr qaçış, 4x50 metr qarışıq estafet, uzunluğa tullanma və topatma növləri üzrə mübarizə aparıblar.
60 metr məsafəyə qaçışda oğlanlar arasında Gəncə UGİM-in yetirməsi Fərid İsmayılov (8,37 saniyə), qızlar arasında isə 5 nömrəli İOEUGİM-in şagirdi Telli Məmmədova (9,12 saniyə) birinci olub.
300 metr məsafəyə qaçışda qızlar arasında 1 nömrəli RİOEUGİM-in təmsilçisi Gülsüm Məmmədli (48,24 saniyə), 600 metr məsafəyə qaçışda isə oğlanlar arasında həmin məktəbin şagirdi Nahid Qədimov (1:48.00) qalib adını qazanıb.
4x50 metr qarışıq estafet yarışında 1 nömrəli RİOEUGİM-in komandası 30,44 saniyə nəticə ilə birinci yeri tutub.
Uzunluğa tullanma yarışında oğlanlar arasında Naxçıvan UGİŞM-in təmsilçisi Uğur Məmmədli (4,61 metr), qızlar arasında isə Telli Məmmədova (3,69 metr) qızıl medal qazanıb.
Topatma növündə oğlanlar arasında Ümid Musayev (32,63 metr), qızlar arasında isə Emilya Babayeva (29,47 metr) bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olublar.




