Məktəblilər onlayn fırıldaqçılıqdan necə qoruna bilərlər?

3 İyul, 2026 - 10:12
Məktəblilər onlayn fırıldaqçılıqdan necə qoruna bilərlər?

Rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi uşaqların da internetdən daha aktiv istifadəsinə səbəb olub. Lakin virtual mühitdəki kiberdələduzluq, saxta keçidlər və şəxsi məlumatların oğurlanması kimi risklərin artması uşaqların onlayn təhlükəsizliyi məsələsini də aktual edir.  
Uşaq və yeniyetmələrin bu təhlükələri vaxtında başa düşməsi və ona qarşı düzgün davranış qaydalarını bilməsi böyük əhəmiyyət daşıyır. Bəs məktəblilər onlayn fırıldaqçılıqdan necə qoruna bilərlər? Valideynlərlə məktəblərin bu istiqamətdə üzərinə hansı vəzifələr düşür?

"Məktəblilər ən çox sosial şəbəkələrdə və onlayn oyun platformalarında risklərlə qarşılaşırlar"

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə internet uşaqların təhsil, ünsiyyət və asudə vaxtının ayrılmaz hissəsinə çevrilib:
“Bununla yanaşı, kiberməkanda mövcud olan risklər, xüsusilə onlayn fırıldaqçılıq, kibertəzyiq, şəxsi məlumatların oğurlanması və zərərli informasiyanın yayılması halları da artmaqdadır. Bu baxımdan uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi və onların təhlükəsiz internet vərdişlərinə yiyələnməsi mühüm əhəmiyyət kəsb edir.
Məktəblilər ən çox sosial şəbəkələrdə və onlayn oyun platformalarında saxta profillər, fişinq hücumları, dələduzluq xarakterli mesajlar, zərərli keçidlər və manipulyativ məzmunlarla qarşılaşırlar. Buna görə də uşaqlara şəxsi məlumatlarını paylaşmamaq, naməlum mənbələrdən gələn keçidlərə daxil olmamaq, güclü parollardan istifadə etmək və şübhəli hallarla rastlaşdıqda böyüklərə məlumat vermək kimi əsas kibertəhlükəsizlik qaydaları aşılanmalıdır”.
T.Mərdanoğlu qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi, onların zərərli informasiyadan qorunması və təhlükəsiz internetdən istifadə mədəniyyətinin formalaşdırılması istiqamətində davamlı maarifləndirmə tədbirləri həyata keçirir:
“Komitə tərəfindən müxtəlif dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq çərçivəsində uşaqlar, valideynlər və müəllimlər üçün seminarlar, təlimlər, dəyirmi masalar və maarifləndirici görüşlər təşkil olunur.
Bununla yanaşı, uşaqların zərərli informasiyadan qorunması, kibertəzyiq və onlayn istismar risklərinin qarşısının alınması, təhlükəsiz internet davranışının təşviqi və rəqəmsal savadlılığın artırılması məqsədilə müxtəlif layihə və kampaniyalar həyata keçirilir. Məktəblərdə və icmalarda keçirilən maarifləndirmə tədbirləri çərçivəsində uşaqlara internetdən təhlükəsiz istifadə, sosial şəbəkələrdə düzgün davranış qaydaları, şəxsi məlumatların qorunması və onlayn risklərdən müdafiə üsulları barədə ətraflı məlumat verilir.
Rəqəmsal təhlükəsizlik təkcə texniki məsələ deyil, həm də uşaqların hüquqlarının qorunmasının mühüm tərkib hissəsidir. Bu sahədə maarifləndirmə və profilaktik tədbirlərin gücləndirilməsi uşaqların sağlam və təhlükəsiz informasiya mühitində inkişafına xidmət edir”.

"Maarifləndirmə hüquqi tədbirlərlə paralel aparılmalıdır"
Bəs kibercinayətlər və uşaqların təhlükəsizliyi ilə bağlı dövlət qurumlarının üzərinə hansı məsuliyyət düşür?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu gün cəmiyyətimizdə insanlar arasında məhz kibercinayətkarlıq, kibertəhlükəsizliklə bağlı məlumatlandırmaya ehtiyac var:
“Müasir rəqəmsal mühitdə innovasiyalar nə qədər praqmatik töhfələr versə də, əfsuslar olsun ki, toksik bir mühit və hüquqazidd əməllər də cəmiyyəti təhdid edir. Bununla bağlı hüquqi təkmilləşdirmə tədbirləri həyata keçirilir. Həmçinin dövlət tərəfindən hüquqi təkmilləşdirmələr həyata keçirilir, müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər edilir. Burada açıq şəkildə qeyd olunur ki, məktəblərdə və insanlar arasında rəqəmsal savadlılıqla bağlı maarifləndirmə işləri aparılmalıdır. Hüquqi tədbirlərlə maarifləndirmə işləri də paralel aparılmalıdır. Ona görə də sahənin mütəxəssisləri mütəmadi olaraq cəmiyyətin bütün təbəqələrini məlumatlandıran çıxışlar etməlidirlər. Eyni zamanda cəmiyyətin bu istiqamətdə immun sisteminin gücləndirilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də insanlar arasında məlumatlandırma işləri aparmalıdır”.

“Hüquq-mühafizə orqanlarından yeni yanaşmalar tələb edilir”

Sosioloq qeyd edib ki, vətəndaşların məlumatlandırılması ilə yanaşı, hüquq-mühafizə sistemində də yeni texnologiyaların dələduzlara yaratdığı fürsətlərin qarşısını almaq üçün vasitələr düşünülməlidir:
“Bu gün Azərbaycan polisinin yeni yaranan kibercinayətkarlıq formalarına qarşı yeni missiyaları yaranıb. Məktəblilər arasında da cəmiyyətin digər təbəqələrində olduğu kimi kibercinayətkarlıq hadisələri baş verir. Bu hadisələr də hüquq-mühafizə orqanlarından yeni yanaşmalar tələb edir. Həm də müdafiə mexanizmi qurulmalıdır. Ümumiyyətlə müxtəlif qurumlar arasında kooperativ sosial məsuliyyət çərçivəsində əməkdaşlıq olmalıdır ki, təhlükəsizlik təhdidləri yaradan toksik mühitlərin qarşısını almaq mümkün olsun. Burada həm də yeni metodoloji yanaşmaya ehtiyac var. Unutmayaq ki, rəqəmsal cəmiyyətdə yaşayırıq. Rəqəmsal mühafizə sistemi də bu məqamlara xüsusi diqqət yetirməlidir”.