Məktəblilər texnologiya sahəsində – “Code Hour Challenge”a böyük maraq göstərirlər

6 Noyabr, 2025 - 14:13
Məktəblilər texnologiya sahəsində – “Code Hour Challenge”a böyük maraq göstərirlər
Məktəblilər texnologiya sahəsində – “Code Hour Challenge”a böyük maraq göstərirlər

Azərbaycan məktəbliləri arasında rəqəmsal bacarıqların inkişafına yönəldilmiş ən genişmiqyaslı təhsil təşəbbüslərindən biri olan “Məktəblilərarası Milli Hakaton - 2025” uğurla davam edir.

Elm və Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, bu təşəbbüs çərçivəsində həyata keçirilən “Code Hour Challenge” üzrə 27 oktyabr tarixindən etibarən “Süni intellekt” və “İnformasiya təhlükəsizliyi” mövzularında tapşırıqlar təqdim olunub.

Yarışın ilk həftəsində 83 şəhərdən 190 minə yaxın şagird qeydiyyatdan keçib. Qeydiyyat prosesi 27 noyabr tarixinədək davam edəcək.

“Code Hour Challenge” şagirdlərə informasiya və kommunikasiya texnologiyaları sahəsində biliklərini artırmaq, texnoloji düşüncə tərzini formalaşdırmaq və uğurlu iştiraklarına görə sertifikatla təltif olunmaq imkanı yaradır.
Kütləvi mərhələdə iştirak etmək üçün şagirdlər codehour.edu.az portalı üzərindən qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş iştirakçılar isə mövcud hesabları ilə daxil olaraq layihəyə uğurla davam edə bilərlər.