Məktəblimiz UNESCO-nun beynəlxalq müsabiqəsində uğur qazanıb
Qazaxıstanın UNESCO Klubları üzrə Milli Federasiyasının təşkilatçılığı ilə Almatı şəhərində "ThePlanetEarthOFART2026" Beynəlxalq Gənclər Festivalı keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, festival çərçivəsində UNESCO-nun qeyri-maddi mədəni irsinin qorunması, təbliğ olunması və bu prosesdə qadınların rolunun işıqlandırılması mövzusuna həsr olunmuş beynəlxalq təsviri sənət müsabiqəsi təşkil edilib.
Müsabiqədə Azərbaycanı təmsil edən Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Təsviri sənət və dizayn" dərnəyinin üzvü Məryəm Cəfərova uğurlu çıxış edərək təltifə layiq görülüb.
Almatı şəhərində təşkil olunan yekun təltifetmə mərasimində və rəsmi tədbirlərdə iştirak etmək üçün 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin direktoru Lalə Qəti və dərnək rəhbəri Amaliya Məmmədli Nuri təşkilat komitəsi tərəfindən rəsmi dəvət alıblar. Səfər çərçivəsində mərkəzin rəhbərliyi xarici ölkələrin müvafiq təhsil və incəsənət qurumları ilə təcrübə mübadiləsi aparıb, gələcək birgə layihələrin perspektivlərini müzakirə edib.




