“Mənim üçün “Şöhrət” ordeni yeni elmi hədəflərin simvoludur” – Akademik

13 Noyabr, 2025 - 16:15
“Mənim üçün “Şöhrət” ordeni yeni elmi hədəflərin simvoludur”

Xəbər verildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ölkənin elm sahəsində xüsusi xidmətləri olan bir qrup alim dövlət başçısının sərəncamı ilə yüksək mükafatlara layiq görülüb. Onlardan biri də Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynovadır. O, Azərbaycan elminin inkişafında göstərdiyi mühüm xidmətlərə görə “Şöhrət” ordeni ilə təltif edilib.

O, “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bu xəbəri böyük həyəcan və qürur hissi ilə qarşılayıb: “Bu mükafat mənim üçün yalnız fərdi fəaliyyətimin deyil, bütövlükdə Azərbaycan elminin və tədqiqatçılarımızın əməyinin dövlət səviyyəsində qiymətləndirilməsidir. Elm sahəsində uğurların dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi tədqiqatçı alimlər üçün güclü motivasiya və mənəvi stimuldur. “Şöhrət” ordeni mənim üçün həm məsuliyyətin, həm də yeni elmi hədəflərə yönəlmiş fəaliyyətin simvoludur. Bu mükafat elmin ölkə həyatında strateji prioritet kimi qəbul edilməsinin, innovativ inkişaf modelində elmi düşüncənin aparıcı mövqeyinin təsdiqidir”.
Akademik bu təltifi həm də rəhbərlik etdiyi institut və AMEA-nın Biologiya və tibb elmləri bölməsinin kollektivi üçün ümumi nailiyyət kimi dəyərləndirir: “Bu ordeni fərdi uğurum kimi deyil, bütövlükdə elmi ictimaiyyətin fədakar fəaliyyətinə verilmiş qiymət kimi qəbul edirəm. Elmi fəaliyyətim biokimya, molekulyar biologiya və biotexnologiya sahələrini əhatə edir. Rəhbərliyim ilə bitkilərin stresə davamlılığının molekulyar-genetik əsasları araşdırılır, RNAseq və rəqəmsal fenotipləmə texnologiyalarından istifadə edilərək yeni, məhsuldar və davamlı buğda sortlarının yaradılması istiqamətində tədqiqatlar aparılır”. 

“Elm milli təhlükəsizliyin, iqtisadi və ekoloji sabitliyin təminatında strateji dayaqlardan biridir”
Alim hesab edir ki, elmi nailiyyətlərin dövlət tərəfindən yüksək səviyyədə dəyərləndirilməsi tədqiqatçılar üçün məsuliyyət yaradır: “Elm təkcə bilik istehsalı deyil, həm də milli təhlükəsizliyin, iqtisadi və ekoloji sabitliyin təminatında strateji dayaqlardan biridir. Elmin inkişafı üçün idarəetmə və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, gənc tədqiqatçıların dəstəklənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir: “Gənclərin elmə cəlbi, doktorantura və postdoktorantura proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması, xaricdə təhsil almış alimlərin ölkəyə qayıdaraq milli elmə töhfə verməsi mühüm əhəmiyyət daşıyır. Elmi nəticələrin kommersiyalaşdırılması, innovasiya və startap ekosistemlərinin elmlə inteqrasiyası, qadın alimlərin və gənc tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi strateji önəm daşıyır. Biz alimlər Azərbaycanın elmi potensialını qlobal səviyyədə tanıtmaq, ölkəmizi regionun elm və innovasiya mərkəzinə çevirmək üçün bütün bilik və enerjimizi səfərbər etməyə hazırıq”.