“Məqsədim mənə yorulmadan çalışmağıma güc verib” - IV qrup birincisi 

28 İyul, 2026 - 19:09
“Məqsədim mənə yorulmadan çalışmağıma güc verib” - IV qrup birincisi 

Şəki şəhər Kimya-biologiya təmayüllü respublika liseyinin məzunu Nağı Çapuqi IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərib. O, imtahanın ikinci mərhələsində bütün sualları düzgün cavablandıraraq maksimum – 400 bal toplayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, istedadlı məzun qəbul imtahanının birinci mərhələsində 279 bal, hər iki mərhələnin cəminə görə isə 679 bal əldə edib.

Uşaqlıqdan həkim olmaq arzusu ilə yaşayan Nağı qazandığı nəticənin arxasında illərlə davam edən məqsədyönlü çalışmağın dayandığını bildirir. Onun sözlərinə görə, qarşısına qoyduğu məqsəd ona yorulmadan çalışmasına güc verib:

“Uşaqlıqdan ən böyük arzum həkim olmaqdır. Bu arzuma çatmaq üçün daim əzmlə, həvəslə və usanmadan çalışmışam. İnsanların sağlamlığının keşiyində dayanmaq, onların həyatına və sağlamlığına xidmət etmək mənim üçün böyük şərəfdir”.

Nağı Çapuqi təhsil aldığı illərdə lisey rəhbərliyinin və müəllim kollektivinin diqqət və qayğısını daim hiss etdiyini vurğulayır:

“Liseydə təhsil aldığım müddətdə rəhbərlik və müəllim kollektivi tərəfindən böyük diqqət və qayğı görmüşəm. Yüksək peşəkarlığa malik müəllimlərimin verdiyi təhsil, onların mənə göstərdikləri inam və dəstək bugünkü nəticəni əldə etməyimdə mühüm rol oynayıb. Nailiyyətimdə əməyi olan lisey rəhbərliyinə və bütün müəllimlərimə minnətdaram”.

Nağının 679 ballıq nəticəsi yalnız yüksək imtahan göstəricisi deyil, uşaqlıq arzusunu konkret məqsədə çevirən, seçdiyi yolda əzmlə irəliləyən bir gəncin zəhmətinin bəhrəsidir. Gələcəyini tibb sahəsində görən Şəki məzunu bundan sonra da səylə çalışaraq savadlı və insanlara fayda verən həkim olmağı qarşısına məqsəd qoyub.