“Məqsədyönlü hazırlıq uğurun əsas şərtidir” - MİQ-də yüksək bal toplayan müəllimlər
Qazax rayonunun Rəsul Mirzəliyev adına Alpout kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Gülnar Xəmmədzadə MİQ imtahanında 98,75 bal toplayıb. Uğura imza atan müəllim peşəsinə sevgisini, davamlı özünüinkişafını və sistemli hazırlığını bu nəticənin əsas amilləri kimi dəyərləndirir.
“Azərbaycan müəllimi”nə danışan Gülnar Xəmmədzadə müəllimlik sevgisinin ailədən qaynaqlandığını deyir: "Qazax rayonunun Kosalar kəndində müəllim ailəsində dünyaya göz açmışam. Müəllim peşəsinə marağımın və sevgimin formalaşmasında ailəmin böyük rolu olub. 2017-ci ildə MİQ müsabiqəsindən uğurla keçərək Qazax rayonunun Rəsul Mirzəliyev adına Alpout kənd tam orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyətə başladım".
MİQ imtahanına hazırlıq prosesində sistemli yanaşmanın mühüm rol oynadığını vurğulayan tarix müəllimi qeyd edir: "Sistemli və məqsədyönlü hazırlıq uğurun əsas şərtidir. Güclü və zəif tərəflərimi düzgün müəyyənləşdirməyim mənə fərdi hazırlıq proqramı qurmağa və vaxtımı səmərəli bölüşdürməyə kömək etdi".
İmtahanın məzmununa toxunan müəllim hesab edir ki, suallar namizədlərin həm nəzəri hazırlığını, həm də praktik bacarıqlarını qiymətləndirirdi: "İmtahanda asan, orta və çətin səviyyəli suallar var idi. Xüsusilə çətin suallar daha çox məntiqi təfəkkür və mühakimə tələb edirdi. Metodika üzrə situativ suallar isə pedaqoji təcrübəyə əsaslanırdı. Şagirdlərlə uzun illər ərzində qazandığım real təcrübə bu sualları cavablandırmaqda mənə ciddi üstünlük verdi".
Artıq bir neçə dəfə bu tip imtahanlarda iştirak etdiyini deyən müəllim bunun psixoloji baxımdan da üstünlük yaratdığını bildirir: "Belə imtahanlarda iştirak təcrübəm artıq kifayət qədərdir. Bu da imtahan zamanı həyəcanı idarə etməyə və diqqətimi tam şəkildə suallara yönəltməyə kömək etdi".
Gülnar Xəmmədzadə tarix fənninin daim yenilənən elm sahəsi olduğunu deyir: "Tarix daim yenilənən, yeni fakt və araşdırmalarla zənginləşən bir fəndir. Buna görə də mövcud biliklərimi mütəmadi yeniləyir, ölkədə və dünyada baş verən hadisələri izləyir, müxtəlif mənbələrdən əlavə məlumatlar əldə etməyə çalışıram".
Tarix müəlliminin fikrincə, bu fənnin məktəbdə rolu yalnız faktların öyrədilməsi ilə məhdudlaşmır: "Müəllimlik son dərəcə məsuliyyətli peşədir. Müəllim cəmiyyətin gələcəyini formalaşdıran insanları yetişdirir. Tarix müəlliminin əsas missiyası vətənini sevən, milli-mənəvi dəyərlərinə sahib çıxan, ölkəsinin inkişafına töhfə verməyə çalışan və yüksək milli ruh daşıyan vətəndaşlar yetişdirməkdir".
“MİQ imtahanına böyük əzmlə hazırlaşdım”
Tovuz rayonunun Əyyublu kənd 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Gülnaz Cəfərova isə MİQ-də 93.75 bal toplayıb. Onun sözlərinə görə, sertifikatlaşdırma imtahanında yaşadığı çətinliklər MİQ-də daha yüksək nəticə qazanmaq üçün əlavə motivasiyaya çevrilib.
Gülnaz Cəfərova bildirir ki, sertifikatlaşdırma imtahanında gözlənilməz səhhət problemi nəticəsinə təsir göstərib: "Sertifikatlaşdırma imtahanı zamanı qəfil təzyiqim qalxdı. Nəticədə 49 bal topladım. Balımın aşağı olması məni çox məyus etməsinə baxmayaraq ruhdan düşmədim. MİQ imtahanına daha böyük əzmlə hazırlaşdım”.
O qeyd edir ki, MİQ-də iştirak etməsinin digər əsas səbəbi ailəsinə yaxın olmaq istəyidir: "Ailəm Bakıda yaşayır. MİQ-də iştirak etməyimin əsas məqsədlərindən biri də iş yerimi dəyişərək onların yanında fəaliyyət göstərməkdir. İmtahan həyəcanım yalnız ilk sualı görənə qədər davam etdi. Sonra isə tam diqqətimi imtahana yönəltdim və artıq həyəcanı hiss etmədim. Əldə etdiyim nəticə məni müəllim kimi daha da ruhlandırdı”.
Müəllim uğurunun əsas səbəbini peşəsinə sevgidə və davamlı öyrənməkdə görür: "Daim şagirdlərimlə testlər işləyirəm. Peşəmi çox sevirəm. Boş vaxtlarımda internet üzərindən testlər həll etməyi və biliklərimi yoxlamağı xoşlayıram. Tarix elə bir fəndir ki, hər zaman yeni faktlarla zənginləşir. Yeni məlumatlar məndə yeni maraq və həvəs yaradır. Araşdırmalar aparır, elmi məqalələri izləməyə çalışıram".




