"Meta" uşaqların təhlükəsizliyini qoruya bilmədiyinə görə cərimələndi

7 Avqust, 2026 - 14:16
"Meta" uşaqların təhlükəsizliyini qoruya bilmədiyinə görə cərimələndi

ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi "Meta" şirkətini uşaqların təhlükəsizliyini lazımi səviyyədə qorumadığına görə ümumilikdə 942 milyon dollar cərimələyib və şirkəti ilk dəfə "ictimai təhlükə" kimi qiymətləndirib.

"Azərbaycan müəllimi" BBC-yə istinadən xəbər verir ki, məhkəmə "Meta"nın daha əvvəl təyin edilmiş 375 milyon dollarlıq cəriməsinə əlavə olaraq daha 567 milyon dollar ödəməsinə qərar verib. Bununla da şirkətin ödəyəcəyi ümumi məbləğ 942 milyon dollara çatıb.

Hakim qərarında "Meta"nın fəaliyyətini ətraf mühitə zərər vuran zavodun yaratdığı çirklənmə ilə müqayisə edib. Onun sözlərinə görə, şirkətin əsas "məhsulu" reklam və məzmun olsa da, bunun nəticəsində uşaqların psixoloji sağlamlığına zərər dəyir və onlar istismar riskləri ilə üzləşirlər.

Məhkəmə qərarına əsasən, "Meta" xüsusi fond yaratmalı və ayrılan vəsait uşaqların sosial şəbəkələrdən zərər görməsi nəticəsində yaranan problemlərin aradan qaldırılmasına yönəldilməlidir. Bu vəsaitin 420 milyon dolları psixoloji və davranış sağlamlığı proqramlarının maliyyələşdirilməsinə sərf olunacaq. Həmçinin müəllimlər, səhiyyə işçiləri və digər mütəxəssislər üçün maarifləndirmə və təlim proqramları təşkil ediləcək.

Qərarla "Meta"ya azyaşlı istifadəçilərin müdafiəsi məqsədilə bir sıra yeni öhdəliklər də qoyulub. Belə ki, 18 yaşdan kiçik istifadəçilərin hesabları yetkin şəxslərə tövsiyə edilməyəcək, böyüklərin azyaşlılara mesaj göndərməsi məhdudlaşdırılacaq, azyaşlıların qeyri-etik məzmun göndərməsi və qəbul etməsi qadağan olunacaq.

Bundan əlavə, uşaqların hesablarında "bəyənmə" göstəriciləri deaktiv ediləcək, saat 22:00-dan 07:00-dək bildirişlərin göndərilməsi dayandırılacaq. Tədris ili ərzində isə həftəsonları istisna olmaqla, dərs saatları ərzində də bildirişlər bloklanacaq. Həmçinin 18 yaşadək istifadəçilər üçün "Instagram" və "Facebook" platformalarında aylıq istifadə müddəti 90 saatla məhdudlaşdırılacaq.

"Meta" qərarla razılaşmadığını bildirərək apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət bəyan edib ki, platformalarda istifadəçilərin, xüsusilə də yeniyetmələrin təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, "Meta" hazırda ABŞ-də uşaqların təhlükəsizliyi və məxfiliyi ilə bağlı minlərlə məhkəmə iddiası ilə də üzləşir.