Mətbəxdə 180 dəqiqəlik mübarizə: Şanxaya gedəcək aşpaz seçildi
Azərbaycan Turizm və Xidmət üzrə Peşə Təhsil Mərkəzində yarış var. Yarış varsa, demək, yarış ruhu da var.
Təbii ki, “World Skills” yarışlarından söhbət gedir. Dünəndən Azərbaycanı Çində təmsil edəcək komanda üzvlərinin seçimi prosesində final mərhələsinə start verilib. İlk final yarışı aşpazlar arasında olub.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “World Skills Azerbaijan” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən aşpazlıq üzrə milli yarış uğurla başa çatıb. Yarış “Live Cooking Competition” formatında keçirilib və iştirakçılar 180 dəqiqə ərzində üç kateqoriya üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Ümumilikdə 4 iştirakçı yarışda öz gücünü sınayıb. Yarış nəticələrinə əsasən, Cavid Məmmədov I yerə layiq görülüb. Qalib iştirakçı Azərbaycanı “World Skills Shanghai 2026” beynəlxalq yarışında təmsil edəcək.
Noyabr ayından başlayan seçim prosesinin sonunda 94 nəfərdən ələnərək cəmi 4 nəfər final çıxmışdı. Artıq onlardan kimin Şanxaya gedəcəyi bəlli olub. Azərbaycan komandasının 7 üzvündən biri də Cavid Məmmədov olub. O, final yarışında I yerə layiq görülərək bu haqqı qazanıb.
Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “World Skills” hərəkatı iştirakçıların peşə bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan yarış formatıdır və bununla yanaşı, qlobal standartların və əmək bazarının tələblərinin təhsil sisteminə inteqrasiyasını təşviq edir.
Final yarışı belə başladı
Səhər saat 10.22. İştirakçılar yerini alıb.
“World Skiils”in aşpazlıq üzrə eksperti Kamran Rəhmanov hamını başına yığıb yarış qaydalarını izah edir. Dediyinə görə, iştirakçıların hər birinə bir “qara qutu” verilib və yarım saat ərzində bu qutunun içindəkilərlə tanış olacaqlar.
Qutuya baxdıqdan sonra kim nə bişirəcəyinə qərar verir.
Baş ekspert “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, 3 sinif üzrə yarış təşkil edilib: “Başlanğıc yemək, ana yeməyi və desert təqdim ediblər. Qiymətləndirmə 100 ballıq sistemlə təşkil olunub”.
Azərbaycanlı ekspertlər qiymətləndirmədə başlıca şərt olaraq yeməklərdə milli xüsusiyyətlər axtaracaqlar: “Şərtə görə, milli inqridiyentlərdən istifadə etməlidirlər. Bu şərt Çində hazırlayacaqları yeməklər üçün də əsas şərtdir”.
Aşpazların 2 saat yarım vaxt ərzində hazırladıqları yeməkləri sıra ilə təqdim edəcəklər: “Əvvəlcə başlanğıc yeməyi, 20 dəqiqə sonra ana yeməyi, ondan 10 dəqiqə sonra isə şirniyyat təqdim ediblər”.
Mətbəxin həyəcanı bir ayrı olurmuş
Zamin Məmmədov İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. Burada aldığı texniki peşə təhsilindən sonra aşpaz kimi çalışmağa başlayıb. Bununla yanaşı, təlimlərə, yarışlara qatılır, peşəkarlığını artırmaq üçün əlindən gələni edir. Final yarışında çox həyəcanlıdır: “Təbii ki, yemək bişirərkən həyəcanımı dəf etməyə çalışacağam”.
Ən həyəcanlı olduğu vaxt ərzaqlarla tanış olduğu vaxt olur. Bu mərhələdə həyəcanını idarə etdisə, sonrakı prosesdən həzz alır: “Mətbəxə girəndə hiss etdiyim ruh var. O ruhu hiss etmək çox önəmlidir. Mən o ruhu hiss etməkdən zövq alıram”.
Artıq 5-ci dəfə yarışda iştirak edən məzun aşpaz xalatına indiyədək həm qızıl, həm də gümüş medallar sancıb.
Başqa bir iştirakçı - Ayşən Hacıyeva 18 yaşındadır. 94 nəfər içərisindən biri olmağa nail olan Ayşən Şanxaya da gedəcəyinə inanır. Ancaq gedə bilməyəcəyinə görə də çox narahat deyil. Kulinariyaya marağı uşaqlıqdan başlayan gənc belə bir yarışın final mərhələsinə çıxmağı belə böyük uğur sayır.
Final mərhələsinin qəhrəmanı Cavid Məmmədov isə Şanxayda keçiriləcək yarışa qatılacağı üçün çox xoşbəxtdir. Azərbaycan Kulinariya İncəsənət Mərkəzində (CÀSÀ) qida və qonaqpərvərlik üzrə 2 il təhsil alıb. 21 yaşlı gənc son 5 ayda Şanxaya hazırlaşdıqlarını deyir: “Bu yarış bizim üçün önəmlidir. Belə yarışların ölkəmizdə də keçirilməsi, uğurlu namizədlərin beynəlxalq yarışlarda iştirakına şərait yaradılması çox böyük uğurdur. Gənclər belə yarışlardan stimul alır”.
Komandanın 2 üzvünün adı bəllidir
“World Skills Azerbaijan”ın rəhbəri Zarina Təhməzova “Azərbaycan müəllimi”nə bildirib ki, Şanxayda keçiriləcək yarışlara gedəcək 2 nəfərin adı bəllidir. Həm “Aşpazlıq” üzrə, həm də “Dəmir yol texnologiyaları” ixtisası üzrə qaliblər müəyyənləşib. Azərbaycanı aşpazlıq üzrə Cavid Məmmədov, dəmir yol texnologiyaları istiqaməti üzrə Elsevər Yaqublu təmsil edəcək. Mayın 10-na qədər elektronika üzrə Azərbaycanı təmsil edəcək şəxs bəlli olacaq.
Zarina Təhməzova bildirib ki, Azərbaycan bu il Çində 7 ixtisas üzrə təmsil ediləcək. Komandanın üzvləri “Qaynaqçı”, “Veb texnologiyaları”, “Kibertəhlükəsizlik”, “Aşpazlıq”, “Elektronika”, “Avtomobil texnologiyaları”, “Dəmir yolu texnologiyaları” ixtisasları üzrə təhsil alanlardan ibarət olacaq.
Kənan Mirzəyev: ““World Skills” kimi yarışların təşkili ölkəmizdə peşə təhsilinin inkişafına öz töhfəsini verəcək”.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “World Skills Azerbaijan” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən aşpazlıq üzrə milli yarış uğurla başa çatıb: “Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “World Skills” hərəkatı iştirakçıların peşə bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan yarış formatıdır və bununla yanaşı, qlobal standartların və əmək bazarının tələblərinin təhsil sisteminə inteqrasiyasını təşviq edir. Peşə Təhsili üzrə Dövlət Agentliyi olaraq bu yarışlara qatılmaq bizə imkan verir ki, əmək bazarında yeni formalaşan peşə bacarıqlarını müəyyənləşdirək və həmin peşə ixtisasları üzrə tədrisi həyata keçirək”.
Agentlik rəsmisinin sözlərinə görə, son illər süni intellektin əmək bazarına təsiri nəticəsində bəzi yüksək ixtisaslı sahələrdə işin məzmunu dəyişir, əl əməyinə əsaslanan peşələrə tələbat artıb. Bunun nəticəsidir ki, peşə təhsilinə maraq artıb: “Məqsədimiz yeni ixtisasların vaxtında müəyyən olunması və həmin ixtisaslar üzrə müasir əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında tədris həyata keçirməkdir. “World Skills” kimi yarışların təşkili ölkəmizdə peşə təhsilinin inkişafına öz töhfəsini verəcək”.
Qeyd edək ki, yarışın əsas məqsədi peşəkar kulinar bacarıqlarının obyektiv qiymətləndirilməsi, milli mətbəxin müasir təqdimatının təşviqi, beynəlxalq yarışlar üçün layiqli namizədin seçilməsi və peşə təhsilinin inkişafına töhfə verməkdir.



