Mətin Kərimli: Müəllim və direktorlarda liderlik xüsusiyyətləri olmalıdır

17 İyun, 2025 - 20:24
Mətin Kərimli: Müəllim və direktorlarda liderlik xüsusiyyətləri olmalıdır
Mətin Kərimli: Müəllim və direktorlarda liderlik xüsusiyyətləri olmalıdır

“Niyə gələcək məktəb direktorlarını, bağça müdirlərini hazırlayırıq? Bu, gələcək təhsil siyasətinin məqsədi ilə bağlıdır. Azərbaycanda təhsil siyasətinin əsas məqsədlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, təhsildə keyfiyyətə nail olunmasıdır”.

Bunu “Məktəbəqədər təhsildə liderlik” proqramının I çağırışı və “Məktəb liderliyi” proqramının II çağırışı üzrə bağlanış mərasimində çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli deyib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin birgə həyata keçirdiyi bu proqram ölkə təhsilinin gələcəyi üçün həlledici əhəmiyyətə malikdir:

“Yaxşı təhsil, bilikli müəllim, hər cür təchiz olunmuş infrastruktur keyfiyyətli təhsil üçün kifayət deyil. Hədəf, lider olmadan məktəbdə hər hansı dəyişiklik etmək mümkün deyil. Yaxşı müəllim, yaxşı direktor məzmun yarada bilər, amma lider müəllim, lider direktor uşaqların gələcəyini formalaşdırar. İstəyirik ki, müəllimlərimiz uşaqların gələcəyini formalaşdırsınlar. Çünki uşaqlarımız valideynlərdən çox müəllimlərini dinləyirlər. Bu, həddindən artıq vacib məsələdir və ümumi proqrama çevrilməlidir. Hər bir təhsil meneceri bu proqramlarda iştirak etməlidir. Müasir dünyada mövcud olan trendləri başa düşməli və onları öz işlərində tətbiq etməlidir”.