Metodistlər üçün təkmilləşdirmə təlimləri davam edir
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən məktəbdaxili metodistlərin peşəkar bacarıqlarının inkişafı məqsədilə aparıcı metodistlər tərəfindən təkmilləşdirmə təlimləri keçirilir.
ARTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, təlimlərə hazırda Bakı şəhər Təhsil İdarəsinə tabe olan ümumtəhsil müəssisələrində fəaliyyət göstərən məktəbdaxili metodistlər, həmçinin Qarabağ, Şərqi-Zəngəzur, Dağlıq-Şirvan, Mil-Muğan, Şəki-Zaqatala, Lənkəran-Astara, Şirvan-Salyan, Mərkəzi-Aran, Quba-Xaçmaz, Qazax-Tovuz, Gəncə-Daşkəsən və Abşeron-Xızı regional təhsil idarələrinə tabe olan ümumtəhsil müəssisələrinin metodistləri cəlb olunublar.
Təlimlər çərçivəsində iştirakçılar metodik xidmətin təşkili, məktəblərdə inkişafyönümlü fəaliyyətin planlaşdırılması, Fərdi İnkişaf Planlarının (FİP) hazırlanması, müəllimlərə metodik dəstəyin göstərilməsi, müşahidə və əks-əlaqə mexanizmlərinin tətbiqi, metodik görüşlərin səmərəli təşkili və digər aktual mövzular üzrə praktik bilik və bacarıqlar əldə edirlər.
Sessiyalar interaktiv formatda təşkil olunur, iştirakçılar real iş situasiyaları üzərində müzakirələr aparır, təcrübə mübadiləsi həyata keçirir və müxtəlif praktik tapşırıqlar vasitəsilə metodik fəaliyyətlərini daha səmərəli qurmaq imkanları qazanırlar.
Təlimlər çərçivəsində iştirakçıların metodik fəaliyyətinin gücləndirilməsi ilə yanaşı, müxtəlif regionlardan olan metodistlər arasında peşəkar əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi də təşviq edilir.
Keçirilən təlimlərin əsas məqsədi məktəbdaxili metodistlərin peşəkar kompetensiyalarını gücləndirmək, məktəblərdə metodik xidmətin keyfiyyətini yüksəltmək və müəllimlərin davamlı peşəkar inkişafına sistemli dəstək göstərməkdir.




