Mikayıl Cabbarov: Təhsil-sənaye əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulur

22 Sentyabr, 2026 - 15:57
Mikayıl Cabbarov: Təhsil-sənaye əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulur

“İri layihələrin cəlbi üçün vergi, gömrük və investisiya təşviqləri də təkmilləşdirilməlidir. Sənaye və nəqliyyat infrastrukturuna dəstəyin genişləndirilməsi vacib istiqamətlərdən biridir. Sahə üzrə elmi potensialın artırılması, araşdırma və inkişafın dəstəklənməsi, həmçinin təhsil-sənaye əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulan istiqamətlərdəndir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.

Nazirin sözlərinə görə, bu proqramın təsiri təkcə dağ-mədən və metallurgiya sektoru ilə məhdudlaşmayacaq. İstehsal çoxaldıqca yükdaşımalar və logistika xidmətlərinə tələb artacaq, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar yaranacaq. Yerli xammal və yarımfabrikat bazasının genişlənməsi yeni sənaye sahələrinin formalaşmasına şərait yaradacaq. İxtisaslı kadrlara tələbat artacaq. Bu da texniki bilik və bacarıqların inkişafını sürətləndirəcək, elmi potensialımıza töhfə verəcək: “Ən əsası isə regionlarda məşğulluq və iqtisadi fəallıq artacaq. Yeni dəyər zəncirləri özəl investisiya və sahibkarlıq üçün də əlavə imkanlar yaradacaq”.