Millət vəkili: Təhsil infrastrukturuna yatırılan investisiyalar insan kapitalının inkişafına təkan verir
“Təhsil infrastrukturuna yatırılan investisiyalar insan kapitalının inkişafına güclü təkan verir, cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsini təmin edir. Nəticə etibarilə bu proses sosial rifahın artmasına, innovasiyalara əsaslanan iqtisadi modelin formalaşmasına və davamlı inkişafın möhkəmlənməsinə şərait yaradır. Bu siyasət gələcəyə hesablanmış, düşünülmüş və məqsədyönlü idarəetmənin göstəricisidir”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım bildirib.
Millət vəkilinin sözlərinə görə, təhsil sahəsinə yönəldilən davamlı diqqət gənc nəslin yüksək biliklərə malik, müasir düşüncəli və vətəninə bağlı şəkildə formalaşmasına zəmin yaradır: “Prezident İlham Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlər ölkədə sosial infrastrukturun inkişafının dövlət siyasətində mühüm yer tutduğunu bir daha ortaya qoydu. Son iyirmi ildə 3600 məktəbin, eləcə də yüzlərlə səhiyyə müəssisəsinin tikilməsi və əsaslı təmir olunması əhalinin sosial xidmətlərə çıxış imkanlarını genişləndirməklə yanaşı, regionlar arasında inkişaf fərqlərinin azaldılmasına da xidmət edib.
Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, məktəblər müasir tələblərə uyğunlaşdırılıb və bu sahədə keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlib. Bu yanaşma ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biridir”.
F.Yıldırım qeyd edib ki, əhalinin artımı və yeni yaşayış məntəqələrinin formalaşması şəraitində təhsil infrastrukturunun genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır: “Dövlətin təhsil sahəsinə göstərdiyi qayğı sağlam düşüncəli, savadlı və məsuliyyətli vətəndaşların yetişməsinə yönəlib. Belə bir yanaşma güclü dövlətçilik ənənələrinin qorunmasına, cəmiyyətin sabitliyinə və ümumi inkişafın təmin olunmasına əsas yaradır. Bu sahəyə verilən önəm Azərbaycanın gələcəyinə olan inamın ifadəsidir.
Son illərdə şəhər və kəndlərdə yeni məktəblərin inşası, mövcud təhsil ocaqlarının yenidən qurulması bu siyasətin real nəticələridir. Eyni zamanda ucqar bölgələrdə təhsilin əlçatanlığını artırmaq üçün məktəb nəqliyyatının təşkili, müəllimlərin sosial stimullaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi gələcək mərhələdə prioritet istiqamətlərdən olacaq. Bu tədbirlər sosial ədalətin təmininə və ölkənin insan kapitalının daha da güclənməsinə xidmət edir”.


