Milli Qurtuluş ölkəmizin təhsil sistemində tərəqqinin əsasını qoydu

15 İyun, 2026 - 10:09
Milli Qurtuluş ölkəmizin təhsil sistemində tərəqqinin əsasını qoydu

15 İyun Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan Milli Qurtuluş Günüdür. Ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və sabitliyin bərqərar olması ilə yadda qalan Milli Qurtuluş Azərbaycanın müasir inkişaf yoluna çıxmasına zəmin yaradıb. Bu təqvim xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq ölkədə yaranmış mürəkkəb vəziyyətin aradan qaldırılmasına, sabitliyin və inkişafın təmin olunmasına nail oldu. 

Milli Qurtuluş ölkəmizin inkişafında yeni dövrün - sabitlik, milli rifah, sosial-iqtisadi həyatın dirçəlməsi üçün münbit şərait yaratdı, Azərbaycanın üzləşdiyi beynəlxalq təcriddən xilası yoluna işıq saldı. Ümummilli Liderin güclü dövlətçilik dühası sayəsində Qurtuluş dövründə formalaşdırılan siyasi və iqtisadi əsaslar sonrakı illərdə ölkənin sürətli inkişafını təmin etdi. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ordu quruculuğunun gücləndirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi Azərbaycanın gələcək uğurlarının təməlini təşkil etdi. Xalqın təkidli tələbi ilə 33 il əvvəl siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin  “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” müdrik sözləri Böyük Öndərin Azərbaycan xalqı qarşısında QURTULUŞ və xilaskarlıq missiyasının təntənəli ifadəsi idi.

Milli Qurtuluş və təhsildə tərəqqi 

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı dövlətimizi və xalqımızı bütün bəlalardan xilas etdi. Bütün sahələrdə qətiyyətli və inkişaf yönümlü proseslər müşayiət olundu. Milli Qurtuluşun yaratdığı sabitlik və güclü dövlət quruculuğu digər sahələrlə yanaşı təhsilin inkişafı üçün də əlverişli şərait yaratdı. Sonrakı illərdə ölkədə yeni məktəblər tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi, müasir informasiya texnologiyalarının tətbiqi genişləndi. Təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Təhsilin inkişafı ölkənin gələcəyinin təminatı kimi daim diqqət mərkəzində saxlanıldı. Milli Qurtuluşun ilk günlərində Ümummilli Liderin Heydər Əliyev təhsilin inkişafı ilə bağlı mövqeyini birmənalı olaraq bildirdi: “Müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil sisteminin yaradılması üçün köklü islahatların həyata keçirilməsi zəruri və təxirəsalınmazdır”.  

Əlbəttə ki, bu sahədə dəyişikliklərin həyata keçirilməsi üçün zəruri siyasi, iqtisadi, hüquqi mühit formalaşmalı idi. Məhz Ulu Öndərin misilsiz tarixi xidmətləri sayəsində ölkədə elm və təhsilə yanaşma dəyişdi, bu sahədə tərəqqinin əsası qoyuldu. Heydər Əliyev tərəfindən hazırlanmış sabitlik və tərəqqi konsepsiyasında milli təhsil və elm müstəsna yer tuturdu. Bu konsepsiyada “təhsil cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsidir” kimi fundamental fikir dayanırdı. Ulu Öndər elmə, təhsilə diqqət qayğını dövlətin prioritet strateji xətti kimi hesab edirdi.

Elm və təhsilin böyük hamisi

Heydər Əliyev müstəqillik illərində Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirdi, mühüm tarixi fərman və sərəncamlar imzaladı.  Azərbaycan təhsili və elminin böyük hamisi 1993-cü il sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, alimlər, ziyalılarla keçirdiyi görüşdə deyirdi: “Azərbaycanın elmi inkişaf etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir... Biz isə bu sahəyə hər cür kömək göstərəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən ali təhsilimiz, sosial sahənin bütün başqa istiqamətləri də inkişaf edəcəkdir...". 

Ümummilli Liderin bu tarixi nitqindən sonra Azərbaycanda elm və təhsil sahəsində dövlət strategiyasını müəyyən edən islahatlar proqramının hazırlanmasına başlanıldı. Ulu Öndərin 1997-ci il yanvarın 31-də AMEA-da keçirdiyi görüşdə elm sahəsində islahatların aparılmasının zəruriliyi xüsusi qeyd olundu.  Ulu Öndərin göstərişi əsasında tez bir vaxtda AMEA tərəfindən "Elmin strateji inkişafi və Azərbaycan MEA-da islahatları konsepsiyası" hazırlandı və "Elm siyasəti haqqında" Qanun layihəsi Milli Məclisə təqdim olundu.  
Bu dövrdə milli təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması üçün qanunvericilik bazası yaradıldı və müasir islahatlara start verildi.  Heydər Əliyevin 30 mart 1998-ci il tarixli "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət komissiyası haqqında" Sərəncamı ilə ölkədə təhsil sahəsində irimiqyaslı islahatların əsası qoyuldu. Geniş müzakirələrdən sonra "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" Ulu Öndər tərəfindən 1999-cu il iyunun 15-də - Milli Qurtuluş Günündə xüsusi sərəncamla təsdiqləndi və bu sənəd gələcək inkişafın yol xəritəsi oldu.  İslahat proqramında nəzərdə tutulan və həyata keçirilən tədbirlər təhsilin məzmununun yeniləşdirilməsi, yeni nəsil proqram və dərsliklərin hazırlanmasına imkan verdi.  

Ümummilli Lider 1999-cu ilin martında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının iclasındakı yekun nitqində həmin dövrü xarakterizə edərək deyirdi: “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, on illərlə yaranmış şeyi bir gündə vurub dağıdasan, ondan sonra heç bilmədiyin yeni bir qanun yaradasan”.

2000-ci il iyunun 13-də Heydər Əliyev "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" yeni fərman imzaladı. Fərman müstəqil Azərbaycanın təhsil sistemində struktur islahatlarının başlanğıcını qoydu və milli təhsilin dünya standartlarına uyğunlaşdırılması üçün əsaslı strategiya müəyyən etdi. Təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı. Ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırıldı, ölkəmizdə müəllim hazırlığının keyfiyytinin yüksəldilməsi məqsədilə Azərbaycan Müəllimlər İnstitutu va onun 12 filialı yaradıldı, müəllimlərin təkmilləşdirilməsi, ixtisasının artırılması üzrə tədbirlər həyata keçirildi. Fərmandan irəli gələrək təhsilin bütün pillələri üzrə (məktəbəqədər, ümumi orta, peşə və ali təhsil) yeni inkişaf konsepsiyaları və standartlar hazırlandı. Dünyaşöhrətli dövlət xadimi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması və yeni müəssisələrin inşasına xüsusi diqqət ayırırdı. 

2002-ci ilin sentyabrında “Bilik Günü”ndə Bakıdakı 275 nömrəli məktəbdə olarkən Heydər Əliyev bu barədə demişdir: "Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi  tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm".  Və çox keçmədi ki, həmin il oktyabrın 4-də Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" Sərəncam imzaladı. Bu sərəncam məktəblərdə təlim şəraitinin və təlim mühitinin yaradılmasında ciddi dönüşə səbəb oldu. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb. 

“Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli Sərəncamı təhsilin inkişafına yönəlmiş fəaliyyətin ardıcıl və sistemli xarakter daşıdığını göstərirdi. Bütün bunlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmaqla təhsilin əlçatanlığının və əhatəliliyinin təmin olunması, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar idi. 1993-2003-cü illərdə təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərə nümunə olaraq 200 yeni məktəb binasının tikilərək istifadəyə verilməsini, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı bölgələrdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edilməsini, istedadlı uşaqlarla iş sahəsində xüsusi proqramların tətbiqi nəticəsində 12 minə yaxın şagird tutumlu 30-a yaxın gimnaziya yaradılmasını göstərmək olar.  

Bütövlükdə Ulu Öndərin bu sahədə davamlı və məqsədyönlü səyləri nəticəsində 1993-2002-ci illər ərzində Azərbaycanda 137 yeni məktəb binası tikildi. Bunlardan 47-si Naxçıvan MR-in payına düşür. 1999-2002-ci illərdə xarici təşkilatlar tərəfindən respublikamızın on rayonunda 8936 yerlik 28 məktəb binası tikildi, 15 rayonda 29045 yerlik 70 məktəb binası təmir edildi.   

Təhsilli gənclik 

Ümummilli Lider həm sovet dövründə, həm də ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkənin ali təhsil müəssisələrinə qəbul olmuş gənclərlə müntəzəm görüşlər keçirib. Bu ənənə Ulu Öndərin dövlətçilik konsepsiyasında xüsusu yer tuturdu. Ümummilli Lider 2 fevral 1996-cı ildə Azərbaycan Respublikası gənclərinin Birinci Forumundakı nitqində bildirirdi: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. 

Ulu Öndər 2002-ci ilin avqustun 30-da ali məktəblərə ən yüksək balla daxil olmuş tələbələrlə görüşündə orta təhsilin keyfiyyətinin yüksəldilməsinin ölkə üçün strateji əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb və bu sahədə təhsil müəssisələri qarşısında bir sıra mühüm vəzifələr qoyub: “Ümidvaram ki, bizim bugünkü gənclərimiz keçmiş dövrlərdə olan gənclərdən daha da yüksək təhsil ala biləcəklər və gələcək üçün daha da bilikli, daha da yüksək səviyyəli olacaqlar”.  

Heydər Əliyev görüş və çıxışlarında müstəqilliyimizin möhkəmləndirilməsi xətti ilə təhsilin müasir standartlara yaxınlaşdırılması siyasəti arasındakı əlaqəni daim önə çəkir, dünya arenasına çıxa bilən, müasir biliklərlə silahlanmış intellektual kadrlara böyük ehtiyac olduğunu bildirirdi.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə minlərlə gənc dünyanın aparıcı universitetlərinə göndərilib. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramları, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, Təhsilin İnkişafı Fondu, Təhsil Tələbə Krediti Fondunun yaradılması, müxtəlif Təhsil proqramlarının həyata keçirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan davamlı işlər Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaradır. Bütün bunlar bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olmasının göstəricisidir. 

Dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində də əhəmiyyətli qərarlar qəbul olunub. 

Ölkə Prezidentinin sərəncamına əsasən təqaüd sistemi təkmilləşdirilib, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıb. 

Ana dilini gənclərə sevdirən dahi lider

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” konsepsiyasını həyata keçirən Ulu Öndər istər 70-80-ci illərdə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ana dilinin hüquqi statuslarının qorunmasının qeydinə qalib və bu sahədə qətiyyətli addımlar atıb. Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malikdir. Ümummilli Lider qeyd edirdi: “Ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, dövrün milli-mədəni inkişaf tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır”. 

Bu fərman dilimizin inkişafı və istifadəsi sahəsində meydana çıxan problemlərin həllinə yeni istiqamət verdi. Latın qrafikalı əlifbaya keçmək ideyası müstəqilliyin qorunmasında yeni bir mərhələ oldu. Beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesinin sürətləndirilməsində Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanının mühüm rolu oldu.  

Ulu Öndərin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bütün təhsil pillələrində Azərbaycan dilinin tədrisi ön plana çəkildi və qəbul imtahanlarında bu fənnin üstün mövqeyə malik olduğu xüsusi vurğulandı. Ulu Öndər təhsil işçiləri  və gənclərlə çoxsaylı görüşlərində doğma ana dilinin, Azərbaycan ədəbiyyatının, tarix və coğrafiyasının dərindən öyrənilməsinin vacibliyini dəfələrlə qeyd edib, bütün bunlarla əlaqədar qarşıya çox ciddi vəzifələr qoyub. 

Milli Qurtuluşdan Şanlı Zəfərə

Müstəqilliyin ilk illərində Ümummilli Lider Heydər Əliyevin hazırladığı inkişaf və tərəqqi konsepsiyasında müasir düşüncəli, saf, sağlam əqidəli, ölkəsinə, dövlətçiliyinə sadiq, milli-mənəvi dəyərləri hər şeydən üstün tutan vətənpərvər gənclərin yetişdirilməsi ölkəmizin təhsil sistemi qarşısında mühüm vəzifə kimi qoyuldu. Gənclərin milli mənlik şüuruna və vətənpərvərlik hisslərinə malik olması üçün real işlər görüldü. Gəncliyə böyük ümidlə baxan Heydər Əliyev “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyirdi. 

Azərbaycan məktəbi, təhsil sistemi bu çağırışları öz fəaliyyətində prioritet vəzifə kimi gördü və əsası Ulu Öndər tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsinə sadiq gənclərin yetişdirilməsi missiyasının öhdəsindən layiqincə gəldi.

Vətənə, dövlətçiliyə sədaqət, ölkənin maraqlarını göz bəbəyi kimi qorumaq amalına sadiq qalan gənclik ölkə həyatının taleyüklü problemlərinin həllində ön cərgədə yer aldı. Vətən müharibəsində qazanılan tarixi Qələbədə həm də Azərbaycan təhsil sisteminin yetişdirdiyi mətin gənclərin də öz payı var. 
Azərbaycan gənci, müəllimi 44 günlük Vətən müharibəsində öz sözünü dedi, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi altında Şanlı Zəfərin əldə edilməsində, ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin olunmasında igidlik göstərdi. Hazırda isə onlar azad olunmuş ərazilərimizin abadlaşdırılması, yenidən qurulmasında fəal iştirak edirlər.

Azərbaycan gəncləri üçün daha geniş təhsil imkanları

Bu gün Azərbaycan gəncləri daha geniş təhsil imkanlarına malikdirlər. Onlar həm ölkə daxilində, həm də xaricdə yüksək səviyyəli təhsil almaq imkanı əldə edir, elmi və texnoloji yeniliklərə qoşulurlar. Təhsildə əldə olunan nailiyyətlər ölkənin sosial-iqtisadi inkişafına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Beləliklə, 15 İyun Milli Qurtuluş Günü yalnız dövlətçiliyimizin xilası deyil, həm də təhsildə tərəqqinin və gələcək nəsillərin inkişafının əsasını qoyan tarixi dönüş nöqtəsidir. Bu gün Azərbaycan gəncləri müasir biliklərə yiyələnir, elm və texnologiyanın nailiyyətlərindən faydalanır, ölkəmizin inkişafında fəal iştirak edirlər. Təhsildə əldə olunan uğurlar Azərbaycanın güclənməsinə və dünya miqyasında tanınmasına xidmət edir. Milli Qurtuluş Günü bizə dövlətçiliyin, birliyin və vətən sevgisinin nə qədər vacib olduğunu xatırladır.  Təhsil və elm ictimaiyyəti olaraq bu dəyərləri daim qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur. 

Bu gün də gənclərimiz elm, təhsil, mədəniyyət, idman və innovasiya sahələrində uğurla irəliləyir, ölkəmizin inkişafına layiqli töhfələr verirlər. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin Milli Qurtuluş konsepsiyasının tarixi nailiyyətidir.