Bahar Muradova: “Şəhid xanımları üçün liderlik məktəbi və məzunlar şəbəkəsi yaradılacaq”

5 Oktyabr, 2026 - 15:48
Bahar Muradova: “Şəhid xanımları üçün liderlik məktəbi və məzunlar şəbəkəsi yaradılacaq”

“Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində məzunlar şəbəkəsinin və şəhid xanımlarının liderlik məktəbinin yaradılmasını düşünürük. İKT və rəqəmsal bacarıqların inkişafı üzrə proqramın həyata keçirilməsini, həmçinin layihə iştirakçılarının cəlb olunacağı vətənpərvərlik səfirləri proqramının yaradılmasını nəzərdə tuturuq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində keçirilən görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Komitə sədri qeyd edib ki, 3 nəfərlə başlanılan layihə bu gün 53 şəhid xanımını əhatə edir. O, iştirakçıların şəbəkələşməsi və sonrakı fəaliyyətlərinin əlaqələndirilməsinin nəzərdə tutulduğunu bildirib: “Bu layihə təkcə təhsilini davam etdirən xanımların təbrik olunması mərasimləri ilə bitməməlidir. İstəyirik ki, həm təhsil alanları, həm də məzunları birləşdirən şəbəkə formalaşsın və onlar bir-biri ilə gündəlik əlaqə saxlasınlar. İştirakçılar öz istək və bacarıqlarına uyğun olaraq nəzərdə tutulan fəaliyyət istiqamətlərindən birini seçə və ya hamısında iştirak edə bilərlər”.

Bahar Muradova qeyd edib ki, təhsilini başa vuraraq mütəxəssis kimi fəaliyyətə başlayan iştirakçıların mentorluq proqramı vasitəsilə layihəyə yeni qoşulanların inkişafına dəstək verməsi də nəzərdə tutulur: “Bu il digər layihələrin də icrasına başlayacağıq”.

O, tərəfdaşlarla əməkdaşlığın davam etdiriləcəyini də diqqətə çatdırıb: “Əməkdaşlıq etdiyimiz biznes qurumları və iş adamları ilə bu işi davam etdirmək niyyətindəyik. Layihənin fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi üzərində düşünürük”, - deyə B.Muradova əlavə edib.

Qeyd edək ki, “Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2021-ci ildən həyata keçirilir. Proqrama 2021-ci ildə 3, 2022-ci ildə 5, 2023-cü ildə 8, 2024-cü və 2025-ci illərin hər birində 9, 2026-cı ildə isə 19 şəhid xanımı qoşulub. Ümumilikdə layihəyə 53 şəhid xanımı cəlb edilib. Bu il əlavə olaraq 2 şəhid anası da proqrama qoşulub.